Məhkəmə qərarları › İş №3(5-169)-31/2026

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-31/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-31/2026 09.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X3 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümyəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Zərdab şəhəri, Zərdab-Ucar magistral, ev 13 olan "xxxx" ASC (VÖEN: **********) Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Zərdab Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-15552/2025 saylı məktubu ilə tələb edilən sənədi (2024-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin ünvanında xx.xx.2025-ci il tarixdə törədilmişdir. Bununla da Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin qanuni nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxsin barəsində tərtib edilən inzibati xəta haqqında protokolla razıdır. Törətdiyi inzibati xətanın mahiyyətini başa düşür. Gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış xx.xx.2025ci il tarixli, 6-1-26/2-15552/2025 nömrəli məktubundan görünür ki, emitentin illik hesabatını 05 (beş) iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. “Azeri Express” poçt xidmətinin xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-1-26/2- 15552/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə nəzarət işçisi Telman Cəfərov adlı şəxs tərəfindən qəbul edilmişdir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs ASC emitentin illik hesabatını qanunvericiliklə müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etməmişdir. Bununla da Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanunun: 75.1-ci maddəsinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. 75.3-cü maddəsinə əsasən emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: 75.3.1. maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla); 75.3.2. idarəetmə hesabatı. 75.4-cü maddəsinə əsasən qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və Mərkəzi Banka təqdim edilməlidir. Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir. 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. 75.6. Bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılmasını Mərkəzi Bank tələb etmədikdə, emitent illik və yarımillik hesabatında olan məlumatların Mərkəzi Banka təqdim edildiyi tarixdən etibarən otuz təqvim günü ərzində öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər illik və yarımillik hesabatları, bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, özünün (olduqda) və fond birjasının internet səhifəsində açıqlamalıdır. 75.7. Emitent tərəfindən illik və yarımillik hesabata dəyişikliklər yalnız hesabatın ictimaiyyətə açıqlanmasından əvvəl Mərkəzi Banka təqdim olunmaqla edilir. Mərkəzi Bank dəyişiklərdə nöqsanlar aşkar etdikdə, onların daxil olduğu tarixdən etibarən beş iş günü müddətində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını tələb edir. Həmin müddət ərzində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını Mərkəzi Bank tələb etmədikdə, emitent hesabatlarda dəyişikliklər etməklə bu Qanunun 75.6-cı maddəsi ilə müəyyən edilmiş müddətdə açıqlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs ASC -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 548.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar