Məhkəmə qərarları › İş №3(5-85)-11/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(5-85)-11/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(5-85)-11/2026 15.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi X2 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin 12 yanvar 2026-cı il tarixli, 3-53-3-15/2-49/2026 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3 və 264.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin 12 yanvar 2026-cı il tarixli, 3-53-3-15/2- 49/2026 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3 və 264.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 12 yanvar 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsindən məlum olur ki, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Belə olan halda vurulmuş ziyanın miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Vurulmuş ziyanın miqdarının müəyyən edilməsi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin vəzifəsinə aid edilir. Belə ki, iş üzrə ziyanın məbləği qeyd olunmamış, qanunsuz qoşulmanın hansı tarixdən olması müəyyən olunmamış, bu faktı aşkarlayan şəxslərin izahatları alınmamış, bununla bağlı akt tərtib olunmamışdır. Həmçinin İXM-in 264 və 264.0.2-ci maddələrinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Lakin 12 yanvar 2026-cı il tarixli, ******* nömrəli protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Pirket Sexində xx.xx.2026-cı il tarixdə inzibatı binada formalaşan məişət tullantı suları heç bir icazə sənədi olmadan kanalizasiya xəttinə axıdılır. Lakin iş materiallarının təhlili göstərir ki, protokolda təsvir edilən faktiki hal ilə İXM-in 264 və 264.0.2-ci maddələrinin dispozitiv hissəsi arasında birbaşa və zəruri səbəbli əlaqə mövcud deyildir. Burada diqqətə çatdırılmalıdır ki, kanalizasiya xətti su obyekti deyildir. Kanalizasiya sistemləri tullantı sularının toplanması və sonradan təmizlənməsi üçün nəzərdə tutulmuş texniki infrastrukturdur və “su obyektləri” anlayışına daxil deyildir. Protokolda su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi nəticəsində zərər vurulması qeyd olunmamış və sübut edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilir. - 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən göründüyü ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı Naxçıvan regional bölməsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu ii tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair 12 yanvar 2026-cı il tarixli, ******* nömrəli protokol düzgün tərtib olunmadığından və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3 və 264.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar