Məhkəmə qərarları › İş №3(5-85)-19/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-19/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-19/2026 28.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X8 Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan, orta təhsilli, subay, fərdi sahibkar, məhkumluğu olmayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin 28 yanvar 2026-cı il tarixli, 3-13-43-7/2- 843/2026 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 28 yanvar 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Babək Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protocol onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Şəxs Y.Budaqov adına X1 narko-test vasitəsilə müayinə edilməsi və Şəxs narkotik vasitə olan metanfetamin (MET) istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törədilməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs əməlində qeyd edilən dispozitiv şərtlərin mövcud olması ilə bağlı isə məhkəmə bildirir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində psixotrop maddə, həmçinin narkotik vasitə, psixotrop maddələrin və prekursorların dövriyyəsi və qanunsuz dövriyyəsinin anlayışları verilmişdir. Həmin maddəyə əsasən psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, MET (Metamfetamin) psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Sözügedən qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2026-cı il tarixli, 45 saylı rəyində qeyd olunmuşdur ki, Şəxs Epizodik metamfetamin narkomaniyası müşahidə edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) aşkar olunmuşdur. Bundan əlavə Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Nehrəm qəsəbəsində Qaxır restoranında ofisiant işlədiyini, 10 yanvar 2026-cı il tarixdə Naxçıvana gəldiyini, eyni maddə ilə barəsində əvvəllər də Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 3 dəfə inzibati cərimə tənbeh tədbirinin tətbiq edildiyini, Naxçıvana gəlməmişdən qabaq Bakı şəhərində olarkən rəfiqələri ilə rəfiqəsinin evində şüşə formalı metamfetamin maddəsini şüşə qaba tökərək qəbul etdiyini, lakin davamlı istifadəçi olmadığını, 2-3 dəfə Bakı şəhərində olarkən rəfiqələri ilə birlikdə qəbul etdiyini, 1 gün bundan qabaq polis şöbəsinə gətirilib saxlanıldığını, 1 uşağı olduğunu, Bakı şəhərində olarkən özünün uşağa baxdığını, Naxçıvana gələrkən isə uşağı dayə himayəsinə verdiyini, bir daha bu əməlləri törətməyəcəyini, barəsində cərimə tətbiq edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan ekspert rəyi, digər yazılı sübutlar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. X5 Məcəlləsinin 206-cı maddəsinin qeyd hissəsində satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxsin bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməsi göstərilsə də, hazırda qeyd edilən hal mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxsə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İXM-in 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Belə ki, şəxsin barəsində olan digər məhkəmə işləri üzrə çıxarış və Məhkəmə aktlarının elektron bazasından belə məlum olur ki, şəxs NMR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(078)-430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3(078)-467/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 3(078)-63/2025 nömrəli qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və iki dəfə 300 (üç yüz) və bir dəfə isə 400 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda şəxsin barəsində qohumluq məlumatları üzrə çıxarışdan himayəsində xx.xx.2012-ci il təvəllüdlü azyaşlı uşağın olması müəyyən edildiyindən İXM-in 32.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi ilə bağlı yüngülləşdirici halın mövcudluğu müəyyən olunur. Bununla belə Şəxs izahatında uşağın öz nəzarətində olmadığını, ona Naxçıvanda işlədiyindən dayənin baxdığını bildirmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil olmadığı müəyyən olunur. Göstərilən ağırlaşdırıcı halı və dəfələrlə eyni inzibati xəta haqqında iş üzrə barəsində tətbiq edilmiş cərimə tənbeh tədbirlərinin islah təsirinin yetərsizliyini nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə sözügedən halı daha ağır inzibati tənbeh tədbirinin tətbiqi üçün əsas hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alan məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İnzibati xəta haqqında protokola əlavə olunmuş tutma haqqında protokoldan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2026-cı il tarixdə tutulduğu müəyyən olunur. İXM-in 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması müddəti xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. "Narkomanlıq" diaqnozu yalnız həkimməsləhət komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilə bilər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimməsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkomanlıq xəstəliyinə düçar olubolmaması, düçar olduğu halda xəstəliyin mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 45 saylı rəydə Şəxs məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, onun barəsində 15 (on beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti xx.xx.2026-cı il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun və qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar