Məhkəmə qərarları › İş №3(5-85)-4/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-4/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-4/2026 21.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1980-ci ildə Babək rayonu, Şıxmahmud kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli (FİN kodu- xxxxxxx), evli, iki uşaq atası, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Yol Polis İdarəsinin 06 yanvar 2026-cı il tarixli, 3-13-43-7/2-38/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2026-cı ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 05 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 15:40-da “DAİMLER BENZ 124” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.1980-ci il təvəllüdlü Şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında hadisənin xx.xx.2025-ci ildə baş verdiyini, Naxçıvan şəhərindən Şıxmahmud kəndinə gələrkən Şıxmahmud kəndinə dönən zaman manevr qaydalarını pozduğuna görə moped sürücüsünün ona dəydiyini, avtomobili həmişə diqqətlə sürdüyünü, heç bir zaman qəza törətmədiyini, bu işin təsadüf nəticəsində olduğunu, qəsd niyyətinin olmadığını, qarşı tərəfin yüngül xəsarət almasına baxmayaraq onun həyatına və əmək qabiliyyətinə ciddi təhlükə yaratmadığını, hadisə yerindən qaçmadığını, qarşı tərəfə kömək etdiyini, polisə və təcili tibbi yardıma zəng vurduğunu, qarşı tərəflə artıq barışıq ərizəsi imzaladıqlarını, dəymiş ziyanı qarşıladığını bildirmiş və məhkəmədən sürücülük hüququndan məhrum edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında hadisənin Şəxs dediyi kimi baş verdiyini, dəymiş ziyanı qarşı tərəfin tam ödədiyini, şikayətinin olmadığını, qarşı tərəfin istəyinin nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarına əlavə edilmiş 30 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla 25 dekabr 2025-ci il tarixli 554 və 556 saylı və xx.xx.2025-ci il tarixli 533 saylı ekspert rəylərinə əsasən HKpb-1/246 saylı material üzrə əməldə cinayət tərkibinin olmadığı nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilmiş, baş vermiş hadisədə “DAİMLER BENZ 124” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan, “TUFAN M50” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğundan inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Babək Rayon Polis İdarəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixli, sərxoşluq vəziyyəti barədə çıxarışdan şəxsdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü bəndinin tələbinə görə relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. xx.xx.2025-ci il tarixli, 1 nömrəli yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanun”unun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli, 556 nömrəli qərarı ilə ekspert o nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə müayinəsi nəticəsində sağ İ barmaq proksimal falanqanın distalı deformasiyası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi şəxslərin izahatları, inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində qeyd edilən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi üçün onun xüsusi hüquqdan istifadə qaydasını kobud surətdə və ya müntəzəm pozması halı müəyyən olunmadığından şəxsin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının ümumi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Şəxs tutularaq X3 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar