Məhkəmə qərarları › İş №3(5-85)-46/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(5-85)-46/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(5-85)-46/2026 17.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək rayon Məhkəməsinin hakimi Əhmədova Aynur Əvəz qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Cinayət axtarış İdarəsinin böyük əməliyyat müvəkkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, himayəsində 3 azyaşlı uşağı olan, X12 X1 gözətçi işləyən, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* saylı, 17 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Babək rayonu, Qahab kəndində qeydiyyatda olan Şəxs “Tik-tok” sosial şəbəkəsində əxlaqsız ifadələr səsləndirməklə ictimai mənəviyyatı təhqir etmişdir. Buna görə də Naxçıvan MR Daxili İşlər Nazirliyi Cinayət axtarış İdarəsinin əməliyyat müvəkkili X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 17 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Cinayət axtarış İdarəsinin əməliyyat müvəkkili X6 protokola uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qeyd olunan məsələ ilə bağlı Şəxs İdarəyə dəvət olunmuş, törətdiyi əmək barədə ona bildirdikdə, bu əmələ görə məsuliyyət nəzərdə tutulduğunu bilmədiyini dedi. Lakin qanunu bilməmək məsuliyyətdən azad etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 510.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən etiraf edərək göstərdi ki, videonu paylaşmaqda məqsədi həmin videonun bəzi tanıdığı şəxslərin qarşısına çıxması olmuşdur. Hazırda paylaşdığı videoya, yazdığı sözlərə görə peşmandır. Sonda məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi CAİ-nin əməliyyat müvəkkili, polis kapitanı Elvin Ələsgərovun 17 mart 2026-cı il tarixli raportdan görünür ki, “Tik-tok” sosial şəbəkəsində “tiger_016” profilinin istifadəçisi, Babək rayonu, Qahab kəndində qeydiyyatda olan X7 ictimai mənəviyyatı təhqir edən əxlaqsız ifadələr səsləndirən videogörüntülər paylaşdığına dair məruzə olunmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş diskə baxış keçirildikdə müəyyən olunmuşdur ki, “Tik-tok” sosial şəbəkəsində “tiger_016” profilindən müxtəlif vaxtlarda iki müxtəlif məzmunlu videolar paylaşılaraq, üzərində qeyri-etik ifadələrdən istifadə olunmaqla yazılar paylaşılmışdır. İnzibati qaydada tutma haqqında 17 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 17 mart 2026-cı il tarixdə, saat 10:30-da inzibati qaydada tutulmuş, 17 mart 2026-cı il tarixdə, saat 12:00-da azad edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sisteminin çıxarışından görünür ki, Şəxs himayəsində xx.xx.2024-cü il tarixli təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal İXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, həmin Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması, himayəsində üç azyaşlı uşağının olması olmuşdur. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbehin tətbiqi kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4- 1-cimaddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Babək rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar