Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-1/2026 15.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1990-cı il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 05 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixində saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dariəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “Streç film” yükü apararkən idarə etdiyi 77JG688/99YD824 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük anbarında yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabininin sağ və sol qapılarından 120 qutu (2400 ədəd) üzərində “Pall Mall” yazısı olan, idarəetmə panelinin aşağı orta hissəsində açılıb bağlanan boşluqdan 70 qutu (1400 ədəd) üzərində “Oscar” yazısı olan və kabinin üst hissəsinin sağ və sol divarlarından 90 qutu (1800 ədəd) üzərində “Pall Mall” yazısı olan xeyli miqdarda ümumi bazar dəyəri 665 manat məbləğində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmalı olan, lakin nişanlanmayan ümumilikdə 280 qutu (5600 ədəd) siqaret aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsun iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 27 noyabr 2025-ci il tarixində daxil olmuş əməliyyat məlumatına əsasən İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “Streç film” yükü aparan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 77JG688/99YD824 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə baxış keçirmək üçün anbara aparmış, burada “Culfa” gömrük postunun inspektoru Şahid3 Müseyib oğlu tərəfindən video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışlar. Əvvəlcə “Azterminalkompleks” Birliyinin Naxçıvan Baş Gömrük İdarəsinə təhkim olunmuş birliyin instruktor-kinoloqu Şahid2 Tavr ləqəbli xidməti itlə nəqliyyat vasitəsinə baxış keçirmiş, bu zaman xidməti it nəqliyyat vasitəsinin dartıcısının qapılarına reaksiya vermiş, bundan sonra o həmin yerlərə baxış keçirmiş və nəqliyyat vasitəsinin kabininin sağ və sol qapılarından 120 qutu (2400 ədəd) üzərində “Pall Mall” yazısı olan siqaretləri aşkar etmişdir. Sonra nəqliyyat vasitəsinin idarəetmə panelinin aşağı orta hissəsində açılıb bağlana bilən, ayaq qoyaraq üst yatağa çıxmaq üçün nəzərdə tutulan yerindən 70 qutu (1400 ədəd) üzərində “Oscar” yazısı olan və kabinin ön sağ və sol divarlarından 90 qutu (1800 ədəd) üzərində “Pall Mall” yazısı olan ümumilikdə 280 qutu (5600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Müseyib oğlu da Şahid1 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 27 noyabr 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 27 noyabr 2025-ci il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “streç film” yükü aparan, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.2025-ci il tarixdə verilmiş C05509785 nömrəli pasportun sahibi, xx.xx.1990-cı il təvəllüdlü Şəxsun idarə etdiyi 77JG688/99YD824 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti xəttində “Azərterminalkompleks” Birliyinin Naxçıvan Baş Gömrük İdarəsinə təhkim olunmuş birliyin instruktor-kinoloqu, gömrük xidməti giziri Şahid2, sürücü Şəxs iştirakı ilə baxış keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabininin sağ və sol qapılarından 120 qutu (2400 ədəd) üzərində “Pall Mall” yazısı olan, nəqliyyat vasitəsinin idarəetmə panelinin aşağı orta hissəsində açılıb bağlana bilən, ayaq qoyaraq üst yatağa çıxmaq üçün nəzərdə tutulan yerindən 70 qutu (1400 ədəd) üzərində “Oscar” yazısı olan və kabinin ön sağ və sol divarlarından 90 qutu (1800 ədəd) üzərində “Pall Mall” yazısı olan ümumilikdə 280 qutu (5600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2025-ci il tarixli, 1218 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının (siqaretlərin) tərkibi standart tələblərinə uyğundur. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli, NQM 014-12/25 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş, aksizsiz satılan siqaret məhsullarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Tədqiqat aparılması üçün təqdim edilən nümunələr əsasında 210 qutu (4200 ədəd) üzərində “Pall Mall” sözləri yazılmış və 70 qutu (1400 ədəd) üzərində “Oscar” sözləri yazılmış ümumilikdə 280 qutu (5600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlərin aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “Pall Mall” markalı siqaretin bir ədədinin bazar dəyəri 2.50 manat, ümumi bazar dəyəri- 210 qutu (4200 ədəd)- 525.00 manat; “Oscar” markalı siqaretin bir ədədinin bazar dəyəri 2.00 manat, ümumi bazar dəyəri- 70 qutu (1400 ədəd)- 140.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 253 qutu siqaret müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində “Pall Mall” yazısı olan 190 qutu (3800 ədəd) (bir qutunun qiyməti 2.50 manat), üzərində “X5” yazısı olan 63 qutu (1260 ədəd) (bir qutunun qiyməti 2.00 manat) siqaret müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(5-86)-1/2026
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-1/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver