Məhkəmə qərarları › İş №3(5-86)-2/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-2/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-2/2026 15.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 saylı qərarının ləğv olunmasına dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 08 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Qərarda qeyd edilən xüsusatlar həqiqəti əks etdirmir. Məhkəməyə təqdim etdiyi sənədlərdə əks olunduğu kimi nəqliyyat vasitəsinin çəkisi 40,200 kq olduğu halda ona 42,070 kq-a görə cərimə yazılmışdır. Nəqliyyat vasitəsinin boş və yükü götürdüyü "xxxx" qaiməsində nəqliyyat vasitəsinə yüklənən yükün çəkisi qeyd olunmuşdur. Yük maşınının ön hissəsi 7500 kq, qoşqu hissəsi 5500 kq olduğu qeyd olunmuş, Neft Bazada 27,198 kq yanacaq yüklənmiş, bunların toplamı 40, 200 edir. Yollarda isə 40,000 kq + 5% yüklə idarə etməyə qanun icazə verir. Bu da 42,000 kq ağırlıq deməkdir. Qeyd edilən çəki fərqinin texniki nasazlıqdan və ya digər obyektiv səbəblərdən qaynaqlana biləcəyini nəzərə alaraq, tətbiq edilmiş cərimənin yenidən araşdırılmasını xahiş edir. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X3 və Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq X3 və həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasında şikayətçinin nümayəndəsi X7 iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə şikayətçi X1 və Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayət verən şəxs X1 nümayəndəsi X7 şikayəti müdafiə etmiş, izahatında bildirmişdir ki, 08 dekabr 2025-ci il tarixdə “MERCEDES BENZ ACTROS YÜK” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Gömrüyü çıxdıqdan sonra cərimə olunduğunu öyrənmişdir. Nəqliyyat vasitəsinin çəkisi 40,198 kq olduğu halda sənədlərdə 42,070 yazmışlar, güya ki, qanunla müəyyən edilən +5 % limiti də keçmişdir. Dövlətin verdiyi qaimə əsasında yola çıxmışdır. Yük nəqliyyat vasitəsinin ön hissəsi 7500 kq, qoşqu hissəsi 5500 kq, 27,198 kq isə yanacaq yükü olmuş, ümumilikdə yük nəqliyyat vasitəsinin çəkisi 40,198 kq olmuşdur. 600 manatı nə üçün ödəməlidir, heç 600 manat qazanc əldə etməmişdir. Saxtakarlıq edilmişdir. Məhkəmədən, Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, tətbiq edilmiş cərimənin silinməsini xahiş edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 nömrəli qərardan görünür ki, X3 08 dekabr 2025-ci il tarixində saat 03:40:50-də “MERCEDES BENZ ACTROS YÜK” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-3 11.3 km Salyon rayonu, Xıdırlı kəndi, Astara istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Çəki limiti 40.000 kq (40 ton) olsa da, avtomobilin faktiki çəkisi 42.070 kq olmuşdur. İş materiallarına əlavə edilmiş 07 dekabr 2025-ci il tarixli "xxxx" QSC 22 saylı Bakı Neft Baza Sahəsindən verilmiş 010785 nömrəli qaimə-fakturaya əsasən Benzin Al 92 növlü yanacağın kütləsi 27.198 kq təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 179093 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** BE *** qeydiyyat nişanlı, “X10 yük” nəqliyyat vasitəsinin dartıcısının yüksüz kütləsi 7500 kq-dır. Yarımqoşqunun kütləsi isə 5500 kq təşkil etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, AR Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 03:40-da “** BE ***” dövlət qeydiyyat nişanlı, “X10 yük” nəqliyyat vasitəsinin daşıdığı yüklə birlikdə çəkisi 42070 kq-dır. Lakin "xxxx" QSC 22 saylı Bakı Neft Baza Sahəsinə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ölçmə nəticəsində ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənən yanacağın kütləsi 27.198 kq olduğu müəyyən edilmişdir (nəqliyyat vasitəsi ilə birlikdə 40.198 kq). Lakin məhkəmə hesab edir ki, inzibati xətanın müəyyən edildiyi tarix və həmin şirkətə məxsus tərəzi vasitəsi ilə yükün ölçülməsi arasında saat və çəki fərqi mövcuddur və bu hal həmin zaman kəsiyində yükün həcminin dəyişdirilməklə yenidən ölçülməsi məsələsini şübhə altına qoyur. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Salyan rayonu, Xıdırlı kəndi, Astara istiqamətində quraşdırılan çəki ölçmə nəzarət sistemi hər bir halda dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir, çəki ölçmə nəzarət sisteminin sertifikatı daha etibarlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X3 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi 42070 kiloqram olmaqla inzibati xətaya yol vermişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materiallarına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNAnın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X2 məxsus MERCEDES BENZ ACTROS YÜK” markalı “**-BE-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08 dekabr 2025-ci il tarixdə saat 03:40-da idarə edilərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1 və 127-3.2ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin 08 dekabr 2025-ci il tarixli, EQ 32502009 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar