Məhkəmə qərarları › İş №3(5-86)-23/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-23/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-23/2026 11.03.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1985-ci il tarixdə İran İslam Respublikasının Qaraziyəddin şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikasının Qaraziyəddin şəhərində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 24 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 24 yanvar 2026-cı il tarixində saat 21:00-da “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “mis lövhə” yükü apararkən idarə etdiyi 36AA427/36AA428 dövlət qeydiyyat nişanlı “VOLVO” markalı yük nəqliyyat vasitəsinə Əməliyyat şöbəsinə daxil olmuş qabaqlayıcı məlumat əsasında videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ və sol qapılarından gizlədilmiş halda 300 qutu (6000 ədəd) üzərində “Oscar” yazısı olan və qoşqunun ön divarından 230 qutu (4600 ədəd) üzərində “Pall Mall” yazısı olan ümumilikdə 530 qutu (10600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaret gömrük əməkdaşı tərəfindən aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 03 mart 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində işləyir. 25 yanvar 2026-cı il tarixində gündəlik iş qrafikinə uyğun olaraq nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən Əməliyyat şöbəsinə daxil olmuş qabaqlayıcı məlumat əsasında İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “mis lövhə” yükü aparan İran İslam Respublikasının vətəndaşı Şəxs Alının idarə etdiyi 36AA427/36AA428 dövlət qeydiyyat nişanlı, “VOLVO” markalı yük nəqliyyat vasitəsinə postun əməkdaşı Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla “Culfa” gömrük postunun anbarında yoxlama keçirməyə qərar vermiş, yoxlama başlamazdan əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir şeyin olub-olmadığını soruşmuş, sürücü isə ona 200 ədəd siqaretdən başqa qanunla qadağan olunmuş hər hansı bir şeyinin olmadığını bildirmişdir. Daha sonra yük nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı Şəxs Alının idarə etdiyi 36AA427/36AA428 dövlət qeydiyyat nişanlı, “VOLVO” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ və sol qapılarından gizlədilmiş halda olan 300 qutu (6000 ədəd) üzərində “Oscar” yazısı olan və qoşqunun ön divarından 230 qutu (4600 ədəd) üzərində “Pall Mall” yazısı olan ümumilikdə 530 qutu (10600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaret aşkar etmişdir. Daha sonra aşkar edilmiş siqaretləri sürücünün də iştirakı ilə qablaşdırıb götürmüşdür. Sonda yoxlama və götürmə barədə protokol tərtib etmiş və iştirakçılarla birlikdə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 da Şahid2 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 25 yanvar 2026-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 24 yanvar 2026-cı il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “mis lövhə” yükü aparan, İran İslam Respublikasının vətəndaşı, xx.xx.2023-cü il tarixdə verilmiş E******** nömrəli pasportun sahibi, xx.xx.1985-ci il təvəllüdlü Şəxs idarə etdiyi 36AA427/36AA428 dövlət qeydiyyat nişanlı, “VOLVO” markalı yük nəqliyyat vasitəsinə Əməliyyat şöbəsinə daxil olmuş qabaqlayıcı məlumat əsasında videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunun sağ və sol qapılarından gizlədilmiş halda 300 qutu (6000 ədəd) üzərində “Oscar” yazısı olan və qoşqunun ön divarından 230 qutu (4600 ədəd) üzərində “Pall Mall” yazısı olan ümumilikdə 530 qutu (10600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaret aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2026-cı il tarixli, 74 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının (siqaretlərin) tərkibi standart tələblərinə uyğundur. İş materiallarına əlavə edilmiş X1 tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli, NQM 011-02/26 nömrəli hesabatdan görünür ki, qiymətləndirmə prosesi zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində qanunsuz yolla daxil olmuş, aksizsiz satılan siqaret məhsullarının “qara bazarda” topdan və pərakəndə satış qiymətləri üzrə araşdırmalar aparılmışdır. Bazar araşdırması zamanı ekspertizaya təqdim olunan məhsullar üzrə keyfiyyət və digər standartlar araşdırma predmetinə daxil edilməmişdir. Ekspertizaya təqdim edilən 300 qutu (6000 ədəd) üzərində “Oscar” sözləri yazılmış və 230 qutu (4600 ədəd) üzərində “Pall Mall” sözləri yazılmış ümumilikdə 530 qutu (10600 ədəd) Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretin aşkar olunduğu tarixə ayrı-ayrılıqda və ümumilikdə dəyəri aşağıdakı kimidir: “Pall Mall” markalı siqaretin bir ədədinin bazar dəyəri 2.50 manat, ümumi bazar dəyəri- 230 qutu (4600 ədəd)- 575.00 manat; “Oscar” markalı siqaretin bir ədədinin bazar dəyəri 2.00 manat, ümumi bazar dəyəri- 300 qutu (6000 ədəd)- 600.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 495 qutu siqaret müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində “Pall Mall” yazısı olan 215 qutu (4300 ədəd) (bir qutunun qiyməti 2.50 manat) və üzərində “Oscar” yazısı olan 280 qutu (5600 ədəd) (bir qutunun qiyməti 2.00 manat) siqaret müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar