Məhkəmə qərarları › İş №3(5-86)-28/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(5-86)-28/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(5-86)-28/2026 18.03.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Şəxs- 16 avqust 1988-ci il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan və yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.1-ci maddəsi ilə Culfa Rayon Polis X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 10 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 29 yanvar 2026-cı il tarixdə mülkiyyətində olan silahın saxlanması və daşınması qaydasını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından (AR Daxili İşlər Nazirliyi) xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, özünə məxsus rəsmi ov silahı olduğuna görə 29 yanvar 2026-cı il tarixdə əmioğlusu Şahid1 ona zəng etmiş, Babək rayon Nehrəm qəsəbəsindən olan tanışı və özünün də əvvəlcədən tanıdığı Fəzlinin özündə ov silahı olmadığı üçün ona zəng edərək Nehrəm qəsəbəsində ovlamaq üçün qaz olduğunu, əgər istəsə birlikdə gəlib ovlaya biləcəklərini dediyini bildirmiş, o, da Fəzlidən avtomobilə qoşulmaq üçün istifadə olunan qurğu alacağı üçün Nehrəm qəsəbəsinə gedərək həm Fəzlidə olan avtomobilin qoşqusu kimi istifadə olunan qurğuya baxmağı həm də qaz ovlamaq barədə Babəklə razılığa gəlmiş, Nehrəm qəsəbəsinə əmioğlusu Babəklə birlikdə idarə etdiyi “Kia Sorento” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş, lakin orada olanda o, Fəzli ilə qoşqunun qiyməti barədə razılaşa bilməmişdir. Daha sonra Fəzli onlara qaz axtarmaq üçün Nehrəm qəsəbəsində avtomobillə gəzmək barədə təklif etmiş, Nehrəm qəsəbəsindən Araz kəndə gedən yolda özünə məxsus avtomobil ilə hərəkətdə olan zaman qarşılarına qaz sürüsü çıxmış, avtomobili orada saxladıqdan sonra Fəzli ona məxsus ov silahı ilə avtomobildən qaz sürüsünə doğru atəş açmışdır. Fəzlinin birinci dəfə vurduğu qaz uzaqda olduğundan Babək qazı gətirmək üçün avtomobildən düşmüş, o, da Fəzli ilə birlikdə biraz aşağıya doğru enmiş və orada olanda Fəzli daha 3 ədəd qazı da hədəf alaraq vurmuşdur. Ovladıqları qazların hamısını avtomobilin baqajına yerləşdirmiş, sonra Fəzlini ona məxsus obyektin yanına gətirmişlər. Fəzli ora çatanda baqajdakı qazlardan üçünü özünə götürmüş, birini isə ona vermişdir. Evə çatdıqdan sonra ovladığı qazı evin mətbəxinə, tüfəngi isə çarpayıdakı döşəklərin arasına qoymuş, lakin sonradan sahə rəisi ona zəng edərək Babək polisinə getməli olduğunu demişdir. Heyvandarlıqla məşğul olur, özünə məxsus olan 12 kalibrli, “Senator” markalı 7752 nömrəli, bir lüləli ov silahını da öz işinə görə istifadə etmiş, bu hadisəyə qədər çöldə heyvan ovlamaq üçün həmin silahdan istifadə etməmişdir. Fəzli qaz, ördək vurmağa icazə olduğunu bildirmiş, onun da bu barədə anlayışı olmadığı üçün etiraz etməmişdir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən ona köməklik göstərilməsini, özünə məxsus olan silahın ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, əvvəlcədən tanıdığı Babək rayon Nehrəm qəsəbə sakini Şahid2 ona zəng edərək əlində ov silahına məxsus patronların olduğunu, Nehrəm qəsəbəsində ovlamaq üçün qaz olduğunu, lakin ov silahının olmadığını bildirmiş, o, da əmioğlusu Məhərrəmin özünə məxsus ov silahı olduğu üçün ona zəng edərək Fəzlinin əlində ov silahına məxsus patronların və həmçinin Nehrəm qəsəbəsində ovlamaq üçün çoxlu qaz olduğunu ona dediyini bildirmiş, Məhərrəm Fəzlidən dəmir alacağı üçün 29 yanvar 2026-cı il tarixdə o, Məhərrəmə mesaj yazaraq həm dəmirə baxmaq üçün Nehrəm qəsəbəsinə getməyi təklif etmiş, bundan sonra Məhərrəm və o birlikdə onun idarə etdiyi “Kia Sorento” markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Nehrəm qəsəbəsinə getmişlər. X5 satmaq istədiyi dəmirin qiymətini baha dediyi üçün Məhərrəm onunla razılaşmamış, sonra Fəzli onlara Nehrəm qəsəbəsində gəzməyi təklif etmişdir. Daha sonra onlar avtomobillə Nehrəmdə gəzən zaman yolda qaz görmüş və bu zaman Məhərrəm avtomobili yolun kənarına çəkmiş, qazları ovlamaq üçün avtomobilində saxladığı ov silahını Fəzliyə vermiş, Fəzli birinci dəfə atəş açanda 500-600 metr uzaqda olan qazlardan birini vurmuş, o, da piyada şəkildə Fəzlinin vurduğu qazı gətirməyə getmiş, qazı götürüb onların yanına yaxınlaşana kimi Fəzli daha 3 qazı da vurmuş, ovladıqları qazları avtomobilin baqajına qoyduqdan sonra Fəzlini gətirib evlərinə qoymuş və orada Fəzli ovladıqları qazlardan üçünü özünə götürmüş, qazın birini isə Məhərrəmə vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün izahatı, şahid izahatı, həmçinin inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 10 mart 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 yanvar 2026-cı il tarixdə mülkiyyətində olan mülki silahın saxlanılması və daşınması qaydasını pozmuş, nəticədə Şəxs tərəfindən AR Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 28 fevral 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, əməlində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Culfa Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik idarəsi tərəfində Şəxs 22 dekabr 2023-cü il tarixdə verilmiş 153 nömrəli şəhadətnamədən müəyyən olunur ki, şəhadətnamə 12 kalibrli, “Senator” markalı, 7752 nömrəli, bir lüləli, yivsiz ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün veilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülki silahın saxlanması qaydalarını pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirildi. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir Belə ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinməli və silah müsadirə edilməməklə 70 manat məbləğində cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli və 12 kalibrli, “Senator” markalı, 7752 nömrəli, bir lüləli, yivsiz ov silahı müsadirə edilməməklə 70 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar