Məhkəmə qərarları › İş №3(5-87)-4/2026

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(5-87)-4/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(5-87)-4/2026 03.02.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi X1, ünvan 1 qeydiyyatda olan X2 İXP7790940 nömrəli protokoldan verdiyi şikayəti nəzərdən keçirərək, Kəngərli Rayon Məhkəməsinin inzibati binasında ayrıca prosessual hərəkət edərək, müəyyən etdim: ünvan 1 qeydiyyatda olan X3 şikayətlə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş inzibati protokolun (İXP7790940) və tətbiq olunmuş cərimə qərarının yenidən araşdırılmasını və ləğv edilməsini xahiş etmişdir. X3 şikayətində barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tətbiq olunmuş 40 (qırx) manat məbləğində cərimə qərarından şikayət etdiyini, hadisə baş verən zaman yol ayrıcında yerləşdirilmiş yol nişanında hərəkət istiqamətinin düz və sağa icazəli olduğunun göstərildiyini və onun həmin nişana uyğun olaraq sağa döndüyünü, lakin sağa döndükdən dərhal sonra “Minik avtomobillərinin girişi qadağandır” yol nişanının yerləşdirildiyini, bu qadağanedici nişanı dönməzdən əvvəl görməyin fiziki olaraq mümkün olmadığını, qeyd olunan yol nişanlarının yerləşdirilməsi sürücülər üçün çaşdırıcı xarakter daşıdığını və sürücünün əvvəlcədən məlumatlanmasına imkan vermədiyini, hərəkətini yolda mövcud olan icazəverici nişana əsasən həyata keçirdiyini və qadağanedici nişanı görmək imkanının olmadığı üçün hər hansı qayda pozuntusu törətmək niyyətinin olmadığını, yuxarıda göstərilənləri nəzərə alaraq, barəsində tərtib edilmiş inzibati protokolun və tətbiq olunmuş cərimə qərarının yenidən araşdırılmasını və ləğv edilməsini xahiş etdiyini, avtomobiliin qeydiyyat nişanı: 43BD052. Hadisənin baş verdiyi zaman və yer: xx.xx.2026-cı il saat 19.53 Şərur rayonu. Protokol: İXP7790940. Əlavə olaraq bildirmək istəyir ki, dövlət yol polisi tərəfindən yazılan protokolla razılaşmamışdır və protokola heç bir qeyd aparmamışdır. Şikayəti nəzərdən keçirərək belə hesab edirəm ki, X2 şikayət ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayət verən şəxs tərəfindən sənədlər məhkəməyə natamam şəkildə təqdim edilmiş, şikayətçi məhz hansı səlahiyyətli orqanın (vəzifəli şəxsin) hansı qərarından şikayət verdiyini göstərməmiş, həmçinin həmin qərarın surətini şikayətə əlavə etməmiş, həmçinin belə bir qərarın mövcud olması iş materialları ilə müəyyən edilməmiş, şikayətin “xahiş edirəm” hissəsində barəsində inzibati xəta törətməsi barədə tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şikayət verən şəxs yalnız barəsində inzibati tənbeh tətbiq edilən qərarı mübahisələndirə bilər. Həmçinin şikayətçi şikayət ərizəsində ünvan 1 ünvanında qeydiyyatda olduğunu və inzibati xətanın törədildiyi yerin Şərur rayonu olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 127-3.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127-3.1-ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 132.1 və 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələlər həll edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3 və 391.3.5-ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 İXP7790940 nömrəli protokoldan verdiyi şikayət natamam olduğundan ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar