Məhkəmə qərarları › İş №3(5-88)-1/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-1/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-1/2026 26.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şəxs MMC-nin nümayəndələri X2 və X6, protokol tərtib etmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 26 dekabr 2025-ci il tarixli MN2112191 nömrəli protokola və ona əlavə edilən sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. 26 dekabr 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 26 dekabr 2025-ci il tarixli MN2112191 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.

2. 19.01.2026-cı il tarixli məhkəmə iclasında protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 protokolu müdafiə edərək bildirdi ki, vətəndaş X1 15 sentyabr 2025-ci il tarixli şikayəti daxil olmuşdur. 18 sentyabr 2025-ci il tarixdə Şəxs MMC-nə sorğu göndərilmiş və sorğuda qeyd olunan sənədlərin 7 iş günü ərzində xidmətə təqdim edilməsi xahiş olunmuşdur. Sənədlərin içərisində iş vaxtının uçotuna dair sənədlər, 2013-2023-cü illər üzrə tabellər müəssisə tərəfindən təmin olunmamışdır. 18 sentyabr tarixli sorğu müəssisəyə 23 sentyabr tarixdə daxil olmuşdur. Müəssisə tərəfindən 3 sənəd təqdim olunmuşdur. Ödəniş kartı üzrə çıxarış, son hesabın hesablanması, məzuniyyətə çıxmaması ilə bağlı hesabın hesablanmasına dair sənədlər. Vətəndaş müraciətdə 2013-2023 qeyd etdiyindən o tarixlər istənmişdir. Lakin müəssisə tərəfindən sənədlərdən görünür ki, 2017-2023-cü il tarixdə orada işləmişdir. Son hesabın ödənilməsi ilə bağlı 3 sənəd daxil olmuşdur. 2017-2023-cü ilin tabelləri və ödəniş cədvəlləri lazımdır. Mühasib izahatında işlədiyi müddətdə heç bir problem olmadığını və əmək haqqılarının vaxtında ödənildiyini demişdir. Şəxs MMC barəsində də pozuntunun aradan qaldırılması barədə protokol qəbul edilmişdir. 20 gün müddət gözlənilmiş lakin 20 gün tamam olmuş və qərar qüvvəyə minmişdir.

3. 19.01.2026-cı il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən “X11 Zavodu” MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, 2015ci ilin avqust ayından orada çalışır. Bəndəliyev Tural 2017-ci ildən işə başlamışdır. 2023cü ildə o işdən azad olunmuşdur. Tələbi son hesabın tələbidir. Lakin 2013-2017-ci ilin sənədləri tapılmamışdır. Son dövrlərin haqq hesabını almışdır. Hətta iş təklif edilmiş, lakin o işləmək istəməmişdir. Sorğuda da həmin sənədlərin olmadıqlarını qeyd etmişdirlər. 2016-cı ilə qədər olan sənədlər tapılmamışdır. 2013-2023-cü illər ərzində daimi işləməmiş, bir müddət orada işləməmişdir. İki mühasib işlədiyindən uyğunsuzluq ola bilməz. Əgər 2013-2023 arasında fasiləsiz işləsə əmək haqqı öyrənilə bilərdi, lakin o arada işləməmişdir. 16 dekabrda ətraflı məlumat verilmişdir.

4. 26.01.2026-cı il tarixli məhkəmə iclasında protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 bildirdi ki, tabel cədvəlləri təqdim olunmamışdır. Müəssisə tərəfindən 3 sənəd təqdim olunmuş, lakin o sənədlərdə rəqəmlər bir birindən fərqli olmuşdur. Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi.

5. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs “X11 Zavodu” MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Bəndəliyev Turan şikayətdə 2 məsələ qoymuşdur. İşə qayıtması ilə bağlı ona müraciət olunmuş lakin o istəməmişdir. 2017-ci ilin may ayında işə götürüldüyü dövrdə son hesab haqları ödənilmişdir. Lakin 2013-2017-ci illəri mübahisələndirmişdir. Bu işə məhkəmədə bir dəfə baxılmış və qərar qəbul edilmişdir. Protokolun rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs “X11 Zavodu” MMC-nin nümayəndəsi X6 izahatında bildirdi ki, vətəndaş dəfələrlə müraciət etmiş, şikayətlər etmişdir.2017-2023-cü illər arasında işləmişdir. Lakin o 2013-2016-cı illərin sənədlərini istəyir, onlar rəhbərlik dəyişdiyindən mövcud deyil. 2017-2023-cü illəri qarşı tərəfə təqdim edilmişdir. 2013-2016-cı illərin tabel cədvəllərini təqdim edə bilməmişdirlər. 2017-2023-cü il ödəniş cədvəli qarşı tərəfə təqdim edilmişdir. Vətəndaş son işə daxil olmadan işdən çıxma dövrdə olan çıxarışları tələb edə bilər. 2017-ci ildə tərəfin özünə də əmək haqqılarını alması sübut olunmuşdur. Protokolun rədd edilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

7. İş materiallarında olan 26 dekabr 2025-ci il tarixli MN2112191 nömrəli protokolda vətəndaş X1 əmək hüquqlarının pozulması ilə bağlı xx.xx.2025-ci il tarixli müraciəti DƏMX-də araşdırılarkən xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixdə sorğu verilmiş sorğu qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq sənədlərin müəssisə tərəfindən natamam təqdim olunması halı müəyyən edilmişdir.

8. İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli MN ******* mömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur.

9. X3 15 sentyabr 2025-ci il tarixdə əmək qanunvericiliyinin pozulması şikayət xarakterli müraciət etmişdir. Şikayətində bildirmişdir ki, 2013-cü il tarixdə Şəxs MMC-də maşınist vəzifəsində işə başlamışdır. xx.xx.2023-cü il tarixədək işləmişdir. xx.xx.2023-cü ildə işinə xitam verilmişdir. 2017-2023-cü il üçün son hesabı verilmiş, lakin ödəniş az olmuşdur. Qalan illərin son haqq-hesabı verilməmişdir. 2013-2016-cı illərin son haqqhesabının verilməsinə və 2017-2023-cü ilin son haqq-hesabının yenidən hesablanıb təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

10. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-nə ünvanlanmış məktubda, X1 müraciətinə münasibət bildirməsi və vətəndaşa aid sənədləri 7 iş günü ərzində Xidmətə təqdim edilməsi xahiş olunmuşdur.

11. İş materiallarında olan Şəxs MMC tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış məktubda X1 xx.xx.2023-cü il tarixdə işin həcminin azalması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin sənədləri təqdim etmək mümkün olmamışdır. Həmin dövr Naxçıvan Bankla aparılmış əmək haqqı ödənişlərini bankın fəaliyyəti dayandığından məktubda göstərilən müddətdə əldə etmək qeyri-mümkün olmuşdur.

12. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-nə ünvanlanmış məktubda, müraciətlə əlaqədar məsələyə aydınlıq gətirilməsi məqsədilə sənəd və sübutlarla 06 oktyabr 2025-ci il tarixdə, saat 15:00-da Xidmətə gəlməsi və məsələ ilə əlaqədar münasibət bildirməyi xahiş olunmuşdur.

13. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-nə ünvanlanmış məktubda, “İnzibati xəta haqqında Protokol” tərtib olunmasında iştirak etməsi məqsədi ilə 24 oktyabr 2025-ci il tarixdə, saat 10:00-da Xidmətə dəvət olunmuşdur.

14. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-nə ünvanlanmış məktubda, “İnzibati xəta haqqında Protokol”a əsasən inzibati xəta haqqında işə baxılması 04 noyabr 2025-ci il tarixdə, saat 11:00-a təyin olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

15. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

17. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1); İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir(8.2); İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(8.3).

18. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

19. Maddə 53.1.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

20. Maddə 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

21. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

22. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

23. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

24. Maddə 114.2.1. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

25. Maddə 539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 26 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolu ləğv edilməli və Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

28. 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 17) ilə 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir.

29. Belə olan halda məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin 1 il müəyyən edilməsi barədə inzibati xətalar qanunvericiliyinə dəyişiklik 2 dekabr 2022-ci il tarixdə edilmişdir və bundan sonra baş verən əmək qanunvericiliyinin pozulmasına görə müddət məhz inzibati xətanın törədildiyi vaxtdan 1 il ərzində verilə bilər.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsində qeyd edilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin, əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

31. Hazırki iş üzrə işçinin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi üçün inzibati xəta hadisəsi həmin tarixində törədilmişdir.

32. İnzibati orqanın törədildiyinə istinad etdiyi inzibati xəta hadisəsi işçinin işdən çıxdığı gün törədilmişdir. Buna görə də, ümumiyyətlə, inzibati qərar qəbul edən orqan tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün bu barədə məcburi göstəriş verilə, daha sonra isə məcburi göstəriş icra edilmədiyi üçün işəgötürən barədə məcburi göstərişin yerinə yetirilməməsini nəzərdə tutan İXM-in 539.3-cü maddəsi ilə qərar qəbul edilə bilməzdi.

33. Verilən məcburi göstəriş inzibati xətalar qanunvericiliyində əmək qanunvericiliyinin pozulmasını nəzərdə tutan müddətlər keçdiyindən bir neçə il sonra verildiyindən heç bir hüquqi əhəmiyyəti olmaması nəzərə alınmalıdır və bu halda isə həmin məcburi göstəriş hüquqi məsuliyyət də yarada bilməzdi.

34. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-325/2025 nömrəli qərarından görünür ki, Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli MN2112058 nömrəli protokola və ona əlavə edilən sənədlərə baxılaraq, Hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 4 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmişdir.

35. Həmin qərardan görünür ki, yenə də vətəndaş X1 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəxs MMC-dən eyni əsaslara sənədləri tələb etmiş və daha sonra isə sənədlərin natamam olduğunu qeyd edərək, onun barəsində İXM-nin 539.3-cü maddəsi ilə protokol tərətib etmiş, işə baxan məhkəmə isə Şəxs MMC-nin əməllərində inzibati xəta olmaması əsası ilə işə xitam vemişdir.

36. Həmçinin, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-359/2025 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti vermiş, həmin şikayətə baxan məhkəmə şikayəti təmin edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv etmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir.

37. Həmin qərardan görünür ki, yənə də eyni əsaslarla X1 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında Şəxs MMC-nin direktoru barəsində məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmiş və həmin qərar məhkəmə tərəfindən ləğv edilmişdir.

38. Məhkəmə qeyd edir ki, eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

39. Məhkəmə qeyd edir ki, İşin hallarından görünür ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti hüquqi şəxs barəsində İXM-nin 539.3-cü maddəsi ilə bir dəfə dəfə protokol tərətib etmiş, məhkəmə həmin protokolu ləğv etmiş, lakin, orqan təkrar eyni şəxsin müraciəti əsasında və eyni əsaslarla yenidən protokol tərətib edərək, hüquqi şəxsi məsuliyyətə cəlb etmək istəmişdir.

40. Məhkəmə hesab edir ki, hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 26 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə hüquqi şəxsin təməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

Hüquqi ünvanı Naxçıvan şəhəri, Ə.Qəmküsar 5, VÖEN********** olan Şəxs MMC barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 26 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar