Məhkəmə qərarları › İş №3(5-88)-11/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-11/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-11/2026 07.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Babək rayon, Cavidabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 07 yanvar 2026-cı il tarixli, 180865/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-566/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi əsasında verilmiş 15 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul, həmin pula görə məhkəmə qətnaməsi qəbul edilənə qədər ödədiyi 2709.42 (iki min yeddi yüz doqquz manat qırx iki qəpik) manat faiz borcu olmaqla cəmi 13959.42 (on üç min doqquz yüz əlli doqquz manat qırx iki qəpik) manatın alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi və iddiaçı Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 04 mart 2025-ci il tarixli, 15994 nömrəli qəbzlə ödənilmiş 161 (yüz altmış bir) manat məbləğində dövlət rüsumunun 132 (bir yüz otuz iki) manat hissəsinin cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. Həmin iş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işə yeni girdiyini, əmək müqaviləsi bağlamadığını, lakin işə qəbul ərizəsini icra şöbəsinə də təqdim etdiyini, hər ay əmək haqqının yarısı tutulmaqla borcunu ödəyə biləcəyini, işsiz olduğu üçün ödəniş edə bilmədiyini, həmçinin 12 noyabr 2025-ci il tarixdə çağırışla hərbi xidmətə getdiyini, zərərçəkmiş şəxslə iş yoldaşı olduqlarını, kredit götürüb ona verməsi üçün xahiş etdiyini, məhkəmə qərarı çıxmamışdan əvvəl 800-900 manat ödəniş etdiyini, məhkəmə qərarı çıxdıqdan, icra sənədi verildikdən sonra heç bir ödəniş etmədiyini, borcunu ödəməkdən yayınmadığını, məhkəmə prosesi zamanı da borcu olmasını etiraf etdiyini, sadəcə müəyyən qədər vaxt verilməsini istədiyini, həbs olunmasının zərərçəkmiş şəxsə də xeyri olmayacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında pulu tam şəkildə ödəməsini istədiyini, iş yoldaşı olduğunu, köməklik etməyini istədiyi üçün borca pul verdiyini, 650 manat əmək haqqı aldığını, 510 manat kredit üçün tutulduğunu, ailəsinə baxa bilmədiyini, şəxsin oktyabr ayı borcu tam şəkildə bağlayacağını dediyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 2025-ci ilin sentyabr ayında icra sənədinin icraatına daxil olduğunu, icraata başlanılaraq, könüllü icra üçün bildirişin şəxsə göndərildiyini, şəxsə dəfələrlə xəbərdarlıq edildiyini, lakin indiyə qədər heç bir ödəniş edilmədiyini, qeyd etdiyi iş yeri ilə maraqlandığını, lakin şəxsin rəsmi olaraq işləmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-566/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul, həmin pula görə məhkəmə qətnaməsi qəbul edilənə qədər ödədiyi 2709.42 (iki min yeddi yüz doqquz manat qırx iki qəpik) manat faiz borcu olmaqla cəmi 13959.42 (on üç min doqquz yüz əlli doqquz manat qırx iki qəpik) manatın alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi və iddiaçı Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 04 mart 2025-ci il tarixli, 15994 nömrəli qəbzlə ödənilmiş 161 (yüz altmış bir) manat məbləğində dövlət rüsumunun 132 (bir yüz otuz iki) manat hissəsinin cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-566/2025 nömrəli, 15 sentyabr 2025ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 sentyabr 2025ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 07 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar