Məhkəmə qərarları › İş №3(5-88)-176/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-176/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-176/2026 17.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin, İTŞ-nin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Şərur rayonu, Danyeri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, satıcı işləyən, Şərur rayonu, Danyeri Ə/D, Danyeri kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.

2. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2026-cı il tarixdə tik-tok sosial şəbəkəsində canlı yayım açaraq ictimai mənəviyyata təhqir edərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir.

3. Naxçıvan Şəhər Polis İdarəsinin, İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 protokolu müdafiə edərək bildirdi ki, gecə saat 12-nin yarısından 1-in yarısına kimi şəxs tik-tokda canlı açmış və təhqir edici ifadələr işlətmişdir. Tirkataj deyilən bir dövlət qurumu tərəfdə canlı açmış və əxlaqsız sözlərdən ifadə etmişdir. Bu halı gördüklərindən müdaxilə etmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ilk dəfə idi həmin əraziyə yaxınlaşmışdırlar. Fəxrəddin adındakı sürücünü çağırmış və taksi pulunu verəcəklərini bildirmişdir. Arxadakı iki şəxs, yəni, Fəxrəddin və Məhəmməd idi. O iki şəxs həmin ərazi tərəfə getməyi demişdir. Həmin əraziyə gedən zaman yumor məqsədi ilə canlı açmışdır. Zarafat etmək istəmişdir. Normalda işlə bağlı canlı açır. Maşından düşən zaman canlı açmışdır. Saat 12-1 radələrində canlı açmış təxminən 45 dəqiqə canlıda olmuşdur. Canlıda nalayiq ifadələr olmuşdur. Canlı yayım açan zaman nalayiq ifadələr işlədilərkən telefonda canlını səssizə alır. Elə bilmişdir ki həmin zamanda səsi bağlamışdır. Tik-tok canlı yayımı açmadan əvvəl orada canlını 18+ səviyyəsində açmışdır. İhlala keçəndən sonra canlını bağlamışdır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclаsındа şahid X2 bildirdi ki, dostları ona zəng etmiş və taksi pulunu verərək həmin əraziyə aparmasını demişdirlər. Məqsədlərini soruşan zaman isə “sənə nə var” demişdirlər. Bu zaman o içəri girməyəcəyini və maşında oturacağını demişdir. Ora gedən zaman maşını xalçaçılığın yanında saxlamış və onları maşında gözləmişdir. Onlar canlı açan zaman telefonla onların canlı yayımını izləmişdir. Canlıda özləri üçün gəzib baxırdılar. Sonra səs-küylə qaça-qaça maşına oturaraq getmələrini bildirmişdirlər. Onlardan nə olduğunu soruşanda heç nə olmadığını demişdirlər. Onları aparıb evlərinə qoymuş və 8 manat pul almışdır.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim edilmiş videoyazıya baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir.

7. Beləliklə, Şəxs xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

8. İş materiallarında olan materiallardan görünür ki, Şəxs tik-tok sosial şəbəkəsində canlı yayım açaraq ictimai mənəviyyata təhqir edərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir.

9. Beləliklə, Şəxs tik-tok sosial şəbəkəsində cəmiyyətə açıqca hörmətsizlik etməsi Azərbaycan Respublikasının İXM-nin 510.2 maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

10. Məhkəmə xüsusi olaraq vurğulayır ki, müasir dövrdə sosial şəbəkə platformaları (xüsusilə tik-tok kimi geniş kütləvi təsirə malik resurslar) sadəcə fərdi əyləncə vasitəsi deyil, eyni zamanda rəqəmsal tribunadır. Bu platformalarda edilən hər bir paylaşım fərdi çərçivəni aşaraq geniş auditoriyaya hesablanmış ictimai çıxış xarakteri daşıyır.

11. Virtual mühit hüquqi boşluq deyil; əksinə, real həyatdakı məsuliyyətin rəqəmsal müstəvidə davamıdır. Bu baxımdan istifadəçilər aşağıdakı prinsipləri rəhbər tutmalıdırlar:  İctimaiyyət qarşısında məsuliyyət: Şəxsi hesab üzərindən edilən hər bir kütləvi paylaşım, fərdin cəmiyyət qarşısındakı mənəvi öhdəliyini artırır.  Mənəvi normaların qorunması: Cəmiyyətin ümumi qəbul edilmiş etik dəyərlərini aşağılayan, mənəviyyata zidd olan məzmunların tirajlanması yolverilməzdir.  Qanunvericiliyin aliliyi: Qanunla qadağan olunmuş, nifrət nitqi, təhqir və ya hüquqazidd hərəkətlərə çağırış edən materialların yayılması birbaşa hüquqi məsuliyyət yaradır.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

13. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır.

14. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

15. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

16. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

17. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

18. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. Həmin Məcəllənin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə -beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

20. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar