Məhkəmə qərarları › İş №3(5-88)-3/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-88)-3/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(5-88)-3/2026 06.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7706752 nömrəli protokol məhkəməyə daxil olmuşdur.

2. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, həmin materiallar əsasında iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 İdarəsinə geri qaytarılmalıdır.

3. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir.

4. Belə ki, məhkəməyə göndərilmiş protokolda zərərçəkmiş şəxslər X3, X4 və X1, adı, atasının adı və onun yaşadığı və olduğu yerin ünvanı qeyd edilməmişdir. Həmçinin inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi və ya maddi zərər vurulması barədə qeydlər apaılmamışdır.

5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 01 avqust 2025-ci il tarixdən yeni dəyişikliklə qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.

6. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bortkompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur.

7. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən, nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer;100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.

8. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır.

9. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

10. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və həmin natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana geri qaytarılmalıdır.

11. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar