Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-33/2026 15.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 iştirakları ilə, xx.xx.2005-ci ildə Şərur rayonu, Aşağı Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyata olmaqla Babək rayonu, Şəkərabad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında yanvar ayının 8-i gecə saat 23:13-də Əyləncə adasından çıxıb 14 nömrəli məktəbə tərəf avtomobillə getdiyini, 3-cü xətdə olan avtomobilin manevr edərək özünün qarşısına çıxdığını, özünün də onun yanından keçib getdiyini, hadisənin üstündən 15 dəqiqə keçdikdən sonra Naxçıvan şəhər Polis İdarəsindən zəng etdiklərini, “şikayət var, maşını gətir dayanacağa” dediklərini, özünün də apardığını, sonra soruşduqda “rəhbərliyin maşının qabağına manevr etmisən” dediklərini, özünün də qarşısında olan maşının mülki maşın olduğunu dediyini, Ali Məclisdən kiminsə avtomobili olduğunu bildirdiklərini, kimin olduğunu demədiklərini, özünün də 102 xidmətinə zəng etdiyini, şikayət etdiyini, 3-4 gün keçdiyini, yenə də xəbər çıxmadığını, sonra Naxçıvan şəhər Polis İdarəsinin Dövlət X6 rəisi Tərlan müəllimin yanına getdiyini, onun avtoxuliqanlıq etdiyini, 15 sutka həbs ediləcəyini, həm də 2 il nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılacağını dediklərini, özünün də video-görüntülərin çıxarılmasını tələb etdiyini, 1 gün keçdiyini, yenə xəbər çıxmadığını, özünün təkrar 102 xidmətinə zəng etdiyini, çıxılmaz vəziyyətdə qaldığını, üzərinə şər-böhtan atdıqlarını dediyini, Daxili İşlər Nazirliyinə ərizə yazdığını, sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərildiyini, maddədə yüksək sürət nəticəsində səs çıxması və təkər izi qalmasının deyildiyini, özünün də video-görüntüyə baxdığını, qeyd edilən halların heç birinin olmadığını, videonu yarıdan kəsdiklərini, belə ki, həmin avtomobilin öz avtomobilinin qarşısına manevr etməsinin videoda düşmədiyini, özünün avtomobilində nasazlıq olduğunu, turbosunda problem olduğunu, yolda iz salacaq, ya da səs çıxaracaq gücü olmadığını, özünün öz yolunda getdiyini, digər avtomobilin onun qarşısına manevr etdiyini, sonra da özünün həmin avtomobilin sağ tərəfindən keçərək getdiyini, həmin avtomobilin hətta düz xətti tapdaladığını, avtomobilin nömrəsini tam xatırlamadığını, sadəcə mülki maşın olduğunu, 77 nömrəsi ilə başladığını, özünü təqsirli saymadığını, özünün heç bir avtoxuliqanlıq əməli törətmədiyini, qayda pozuntusu etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 izahatında göstəriş verildiyini, rəisin göstəriş verdiyini, maşının dayanacağa aparılmasını təmin etdiklərini, özünün heç nə görmədiyini, kamera görüntüləri olduğunu, başqa heç bir sübut olmadığını, protokolu rəisin göstərişi ilə tərtib etdiyini, səbəbin yüksək sürət və manevr etməsi olduğunu bildirdi. İş üçün əhəmiyyətli olduğundan video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilmiş video-görüntünün tam aydın olmadığı, gecə vaxtı olduğu, “Koroğlu” heykəlinin yan tərəfi olduğu, orada svetoforun qırmızı işıq bölməsinin yandığını, 3 avtomobilin sıra ilə yanaşı durduğu, 2 avtomobilin də gəldiyi, həmin avtomobillərdən birincisinin sürüb dayandığını, Şəxs özünün idarə etdiyini dediyi avtomobilin isə həmin avtomobilin qarşısına keçərək getdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi hərəkətlərin olması müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokola sübut kimi sadəcə olaraq video-görüntü əlavə edilmişdir ki, həmin video-görüntüdə də şəxsin törətdiyi qeyd edilən əməllər öz əksini tapmamışdır. Protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə də təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Hətta protokolu tərtib etmiş şəxs məhkəmə iclasında protokolu rəisin göstərişi ilə tərtib etdiyini, rəisin göstəriş verdiyini özünün də tərtib etdiyini, özünün heç nə görmədiyini və video-görüntüdən başqa sübut olmadığını bildirmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-33/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-33/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver