Məhkəmə qərarları › İş №3(5-88)-37/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-37/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-37/2026 16.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı(FİN kod: xxxxxxx), subay, 2 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ:

1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə xx.xx.2026-cı il tarixli MN2103544 nömrəli, inzibati xəta haqqında protokolu tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə təqdim edilmişdir.

2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-607/2019 saylı, xx.xx.2019-cu il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, şəxsin 2019-cu il tarixdən alimentlə bağlı icra sənədi Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindədir. Şəxsin iyul ayından ödəmələri yoxdur. Bir neçə ay ödəmədiyinə görə məhkəmə qaydasında 500 manat cərimə olunmuşdur. Şəxsin məlumatı olmasına baxmayaraq aliment ödənişini də cəriməni də ödəməmişdir. Tələbkarın şikayəti var və cəzalanmasını istəyir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, işləmir. İş üçün gedəndə çağıracaqlarını bildirirlər, lakin çağırmırlar. Əlində pul olsa ödəniş edə bilər. 10 gündür xəstəxanada müalicə alır. Ədalətli qərar verilməsini xahiş etdi. Sübutların tədqiqi:

5. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-607/2019 saylı, 17 may 2019-cu il tarixli qətnaməsində, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1003/2017 nömrəli, 22 sentyabr 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 07 aprel 2013-cü il təvəllüdlü X3 və 10 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində bir uşağa 120 (yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq anaları Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.

6. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-607/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.

7. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

8. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-454/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərarına əsasən Şəxs X2 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

9. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.

10. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir.

12. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN2103544 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kazımov X7 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(078)-607/2019 saylı və xx.xx.2025-ci il tarixli 2(078)-454/2025 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir.

13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(078)-607/2019 saylı icra sənədi üzrə borcları ödəmədiyi üçün Kazımov X7 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(078)-454/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin, bundan sonra da Şəxs qeyd edilən icra sənədləri üzrə borclarını ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

14. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.

15. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

17. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

18. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

19. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

20. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

21. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

22. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

23. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

24. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

25. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

26. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

27. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar