Məhkəmə qərarları › İş №3(5-88)-50/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-50/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-50/2026 28.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 Polis Şöbəsinin İTP-in inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 2 uşaq atası, tır sürücüsü, orta təhsilli, Şərur rayonu, Çərçiboğan Ə/D, Çərçiboğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.

2. İnzibati xəta haqqında protokollara əsasən Şəxs 27 yanvar 2026-cı ildə X8 limanında nalayiq ifadələr işlətməklə ucadan səs salmış və vətəndaşları Hava limanın iş rejimini pozmağa çağırmışdır.

3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 Polis Şöbəsinin İTP-in inspektoru, polis leytenantı X6 protokolu müdafiə edərək bildirdi ki, hadisə baş verəndə orada olmamışdır. Deyilənə görə vətəndaş orada Tiktok canlı yayımı açmış, çəkilişlər etmişdir. İnsanları ayağa qaldırır, hava limanında qanunsuzluq olduğunu bildirir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, günorta radələrində Bakıya getmək üçün Hava limanına getmişdir. Maddi vəziyyəti ilə bağlı Bakıdan da Gürcüstana gedəcəkdir. Görmüşdür ki, ondan sonra gələn vətəndaşlar növbədən kənar keçib gedir. Həmin vətəndaşın videosunu da çəkmişdir. Polisə yaxınlaşmış və bilet tapılmasında köməklik istəmişdir. Polis də təhlükəsizliyə baxdığını bildirmişdir. Videonu çəkmişdir ki, neçə saatdır oradadır, 26-cı növbədən sonra olanlara bilet verilmişdir. Ondan sonra yanında olan şəxslərə demişdir ki, istəsə bilet də alar, lakin heç kimə deməmişdir. Nalayiq ifadə işlətməmişdir. Sadəcə quldurluqdur ifadəsini işlətmişdir. Hamı eşidən şəkildə demişdir ki, bizdən sonra gələnlər keçib gedir. Heç kimi təhqir etməmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, hava almaq məqsədi ilə çölə çıxmış, sərnişin ona yaxınlamış və reysin nə vaxt olacağı barədə məlumat almaq istəmişdir. Vətəndaşa reysdən 40 dəqiqə əvvəl bilet satışı olacağını bildirmişdir. İçəri keçən zaman kassir zəng etmiş və sərnişinlərin etiraz etdiyini bildirmişdir. Biletin olmadığını vətəndaş demişdir. Bu zaman dezinformasiya məlumatları demiş və sıradan kənar adamların göndərildiyini bildirmişdir. Bu zaman vətəndaşa şikayəti vardırsa hüquq mühafizə orqanlarına yaxınlaşması bildirilmişdir. Kassanın yanında olan vətəndaşlarda etiraz yaratmağa çalışmışdır. Bilet gözləyən sərnişinlər yüksək səslə danışırlar. Bu hal normaldır, həmin vətəndaşları anlayır. Vətəndaş təhqiramiz ifadə işlətməmişdir. Sadəcə qanunsuz fəaliyyətlə bağlı çəkiliş aparacağını demişdir. Bu ifadəni sərnişinlər etiraza başlayan zaman ona yaxınlaşıb demişdir. Biletin əl altı yolla satılmasına dair şübhə yaranmışdır. 3-4 nəfər biletin niyə olmamasını bildirmişdir. Kassanın qarşısına gələn zaman birbaşa onlara nəsə dediyini eşitməmişdir. Polisdə verdiyi ifadəni təsdiq edir. Vətəndaş aqressiv əl-qol hərəkətləri etməmişdir.

6. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, xidmətdə olarkən vətəndaş ona yaxınlaşıb Bakıya gedəcəyini bildirmişdir. Bu zaman vətəndaşa sıra çəkməyi və gözləməyi bildirmiş, lakin vətəndaş təhqiramiz ifadələr işlətmişdir. Daha sonra Tiktoker olduğunu və video çəkilişlər apardığını bildirmişdir. Yenə də vətəndaşı sakinləşdirmiş, lakin vətəndaş səs-küy salmışdır. İnsanları səs-küyə, kütləvi iğtişaşa çağırmışdır. Təhqiramiz ifadə kimi qanunsuz işlər gördüklərini, onları cəzalandıracağını bildirmişdir. Polisə verdiyi ifadəni təsdiq edir. Rəhbərliyə ünvanlayaraq hər kəsin içində nalayiq ifadələr işlətmişdir. Vətəndaşlara durun ayağa, səsinizi qaldırın kimi sözlər ifadələr işlətmişdir. Qarşısına çıxan hava limanının əməkdaşlarına nalayiq ifadələr işlədirdi. Video çəkiliş edərək, kassanın önündə insanları göstərərək həyata keçirirdi. İnsanlardan da danışanlar olurdu, susanlar olurdu. Raiqin sözü əsasında, başqa vətəndaşların nəsə dediyini eşitməmişdir.

7. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, digər sərnişinləri iğtişaşa təşviq edir. Polisdə verdiyi ifadəni təsdiq edir. İğtişaşa səbəb ucadan danışaraq, nalayiq ifadələr işlədir. Uca səslə sizi məhv edəcəm demişdir. Vətəndaşlara susmayın, haqqınızı tələb edin kimi ifadələr demişdir. Vətəndaşlara qarşı nalayiq ifadə işlətməmişdir. Ümumiyyətlə əl-qol hərəkətləri də var idi.

8. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X2 ifadəsində bildimişdir ki, dünən axşam növbəsini aldıqdan sonra, əməkdaşlardan biri ona məlumat vermişdir ki, vətəndaşlardan biri nalayiq ifadələr istifadə edir, iğtişaşlar yaradır. Vətəndaşları ayağa qaldırmaq istəmişdir. Vətəndaş videoları çəkib paylaşacağını bildirmişdir. Sərnişinlərdən birindən sıra alıb video çəkir. Vətəndaşa yaxınlaşıb videonu silməyini deyən zaman, vətəndaş siz “qudurubsunuz” videonu yayacağam demişdir. Ümumi rəhbərlik haqqında nalayiq ifadə işlətmişdir. Sərnişinləri iğtişaşa qaldırması isə, vətəndaşlara yaxınlaşıb nələrsə deyirdi. İkinci dəfə yaxınlaşan zaman video çəkiliş apardığını və paylaşacağını bildirmişdir.

9. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X5 ifadəsində bildimişdir ki, vətəndaş bilet barədə köməklik istəmiş, bu zaman vətəndaşa biletlə bağlı köməklik edə bilməyəcəklərini bildirmişdirlər. Sonra növbə rəisi zəng edib nalayiq ifadələr işlətdiyini bildirmişdir. Buna görə də polisə zəng etmişdirlər. Biletlə bağlı yaxınlaşan zaman aqressiv olmamışdır. İçəridə olan hadisələrlə bağlı məlumatı olmamışdır. Sonra şəxsi polis şöbəsinə dəvət etmiş və o zaman vətəndaş heç bir narazılıq yaratmamışdır.

10. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata şəxsin əməlində inzibati xəta təkibi olmadığından xitam verilməlidir.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

12. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

13. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

14. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

15. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

16. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

17. Məhkəmə ilk növbədə qeyd edir ki, 30 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun 1.20-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə dəyişikliklər edilmiş, həmin maddə üzrə mətni 510.1-ci maddə hesab edilmiş və həmin maddənin dispozisiyasına “pozan,” sözündən sonra “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,” sözləri əlavə edilmişdir.

18. Məhkəmə qeyd edir ki, hazırki əmələ düzgün hüquqi qiymət verilməsi üçün maddənin dispozisiya şərtləri aydınlaşdırılmalıdır.

19. Belə ki, şəxsin İXM-nin qeyd edilən maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün ilk növbədə ictimai qayda pozulmalı, ikincisi isə cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməli və hər iki şərt birlikdə mövcud olmalıdır.

20. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, İçtiami qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

21. Həmin Plenum qərarına əsasən Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

22. Məhkəmə araşdırması zamanı ifadəsi alınan şahidlərin bildirdikləri və məhkəməyə təqdim edilən video yazılar zamanı müəyyən edilmişdir ki, barəsində tərtib olunan şəxs sərinişinlərdən bəzilərinə növbədənkənar bilet verilməsinə etirazını bildirmiş və növbədən kənar bilet alan şəxslər barəsində videoçəkilişlər aparmışdır. Lakin, şəxs tərəfindən qeyd edilən etirazlar bildirilərkən və videoçəkilişlər aparılarkən, içtimai qaydanın pozulması və Cəmiyyətə açıqca hörmətsizlik edilməsi müəyyən edilməmiş, şəxsin əməllərində xuliqanlıq tərkibi yaranmamışdır.

23. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar