Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-53/2026 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9, protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X5 nümayəndəsi X4, mütəxəssis X1 iştirakı ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X11 tərəfindən tərtib olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.2 və 262.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X11 tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.2 və 262.2.3-cü maddələri ilə üzrə tərtib olunmuş 27 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tumbul arxının 20-ci məhəllədən keçən hissəsində xx.xx.2026-cı il tarixdə təmizləyici qurğudan istifadə etmədən su təsərrüfatı qurğularının istismar qaydalarına əməl etmədən tullantı sularının axıdılması müəyyən edilmişdir.. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.2 və 262.2.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi qismində izahat verən X13 izahatında bildirmişdir ki, çirkli suların axdığını bilmədiklərini, bilən kimi aradan qaldırdıqlarını, axıntını dayandırdıqlarını, özlərinin bu suyun hara axıb getdiyini bilmədiklərini, bütün bazarın kanalzasiyasının birgə olduğunu, yalnız ətlərin kəsildiyi yerin kanalizasiyaya bağlı olmadığını, tikintinin 2006-2007ci ildə tikildiyini, hal hazırda axıntını kəsdiklərini, suyu dayandırdıqları, yeni xəttin çəkiləcəyini, xəttin hal hazırda çəkilməsinin qeyri-mümkün olduğunu, bazarda adamın çox olduğunu, camaatın çoxluq təşkil etdiyini, bazarın girişindən sadəcə xəttin çəkilə biləcəyini, layihənin belə hazır olduğunu, lakin icra edə bilmədiklərini, birinci kanalizasiya çəkməli olduqlarını, xətti çəkə bilmədiklərini, bazarda ictimaiyyətin olduğunu, günlərin qısa olduğunu, bu səbəbdən hal hazırda yeni xəttin tikintisinin mümkün olmadığını, yoxlama aparılan yerin bazardan uzaqda olduğunu, lakin bazarın tərkibində olduğunu bildirmişdir. Lazımi sənədləri tapıb gətirə bilmədiyini, Daşınmaz əmlaka sorğu verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2026-cı il tarixdə məhkəmə iclası zamanı bildirmişdir ki, A blokunun Cahan MMCyə aid olduğunu, A blokunda ət yerinin olduğunu, geyim mağazalarının B və C blokları olduğunu. A blokunun Cahan MMC-yə aid olduğunu, Bazar MMc-yə aid olmadığını, təsisçilərin Vüqar Abbasov və Pərviz Abbasov olduğunu, mütəxəssisin dedikləri ilə razı olduğunu, ərazinin Cahan MMC-nin ərazisi olduğunu, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında izahat verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X5 nümayəndəsi X16 bildirmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi əraziyə getmədiklərini, orada yoxlama aparmadıqlarını, yoxlama apardıqları tullantıların axıdıldığı yerin bazardan 500 metr uzaqlıqda olduğunu bildirmişdir. Məhkəmə baxış iclasında izahat verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X5 nümayəndəsi X8 bildirmişdir ki, onlara məlumat daxil olmuşdur, kirli suların axıdılması barədə mühəndislərini Tumbul arxına göndərdiklərini, orada mühəndislərin heyvan içalatları heyvan bağırsaqları ilə suların dolduğunu dediklərini, kirli suların axıdıldığını, kəsimlərin olmasa da kəsintidən sonra heyvanların atıqlarının axıntını kirlətdiyini, məlumatları olduqdan sonra suları kəsdiklərini, axıntını dayandırdıqlarını, əhalinin şikayəti olmasaydı kimsənin oraya tullantıları və kirli suların axıldığını bilməyəcəyini, protokol tərtib etdikdə bazar mmc kimi qeydiyyatda olduğunu öyrəndiklərini, çıxarışa və texniki pasporta ehtiyac olmadığını, protokol birbaşa tərtib etdiklərini Əmlak məsələlərinə sorğu verilməsinə etirazının olmadığını bildirmişdir. xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında bildirmişdir ki, həmin ərazinin Bazar MMCnin yox Cahan MMC-nin tərkibində olduğunu məhkəmə sorğusundan sonra bildiklərini, hətta Bazar MMC-nin özünün də bundan xəbərinin olmadığını bildirərək qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında izahat verən mütəxəssis X2 bildirmişdir ki, təqdim etdiyi sənədlərdə əmlakların Bazar MMC-nin yox Cahan MMC-nin tərkibində olduğunu, ət bazarının A bloku olduğunu, oranın Cahan-nın nəznində olduğunu, Bazar MMC-nin nəznində olmadığını, Bazar MMC və Cahan MMC-nin ayrı cəmiyyətlər olduğunu, təsisçilərinin eyni olduğunu, lakin icraçı direktorlarının fərqli olduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Naxçıvan Şəhər Vergilər İdarəsinin 16 yanvar 2026-cı il tarixli 3-21-2-24-1/2-2040/2026 nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 Saylı X5 xx.xx.2026-cı il tarixli 3-53-3-15/2-54/2026 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubda bildirmişdir ki, Sizin, "BAZAR MMC"-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında müvafiq məlumatların təqdim edilməsi barədə müraciətinizə ( AVİS qeydiyyatı: xx.xx.2026-ci il tarixli **********108300 nömrəli ) Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsində aidiyyatı üzrə baxılmışdır. Vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Naxçıvan Şəhər Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona müvafiq (**********) VÖEN təyin edilmişdir. Qeyd olunan məlumatlar yalnız xidməti istifadə üçün təqdim edilir və üçüncü şəxslərə verilməsi Vergi Məcəlləsinin 30.6-cı maddəsinə əsasən qadağandır. Naxçıvan Şəhər Sukanal İdarəsinin 17 yanvar 2026-cı il tarixli məktubunda Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X5 rəisi Səttar Nəsirova bildirilir ki, Sizin 12 yanvar 2026-cı il tarixli, 3-53-3-15/2- 50/2026 nömrəli müraciətinizə Naxçıvan Şəhər Sukanal İdarəsində müvafiq qaydada baxılmışdır. Müraciətinizə əsasında Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin su təchizatı sisteminə və kanalizasiya şəbəkəsinə baxış keçirilərək, müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC mərkəzləşdirilmiş su təchizatı sisteminə və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Lakin Bazarda yerləşən ət satışı məntəqəsi mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmamışdır. Eyni zamanda bildiririk ki, Naxçıvan şəhərində yerləşən obyektlər, eləcə də, "xxxx" MMC Naxçıvan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2008- 2016-cı illərdə mərkəzləşdirilmiş su təchizatı sisteminə və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak məsələləri Dövlət Xidməti xx.xx.2026-cı il tarixdə məhkəməyə göndərdiyi məktubda bildirmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində Bazar MMC-nin adına daşınmaz əmlakı qeydiyyata alınmamışdır. Xidmətin informasiya bazasında və mühafizə olunan arxiv sənədləri arasında Bazar MMcnin əmlakına dair məlumat mövcud deyil. İş materiallarına əlavə olunan 10 iyun 2024-cü il tarixli İcarə müqaviləsinə əsasən İcraçı direktor, X10 şəxsində təmsil edilən, Azərbaycan Respublikasının qanunlarına uyğun təsis edilmiş və Nizamnaməsi əsasında fəaliyyət göstərən Cahan MMC, VÖEN ********** (bundan sonra “İcarəyə verən”) fərdi sahibkar Hüseynov Hicran Rəşid oğlu (ünvanı: Naxçıvan şəhər, Sabir küçəsi,ev-88, şəxsiyyət vəsiqəsinin nömrəsi AA 5109134, VÖEN: ********** (bundan sonra "İcarəçi”) aşağıdakı şərtlərlə razılaşaraq bu Müqaviləni (bundan sonra "Müqavilə") bağladılar: 1. Müqavilənin predmeti 1.1 İcarəyə verən, ünvan 2 ünvanda yerləşən Ticarət Mərkəzinin (bundan sonra "Ticarət Mərkəzi” adlandırılacaq) A blokunda yerləşən sahəsi 162.62 m² olan Ət mağazanın (bundan sonra "İcarə sahəsi" adlandırılacaq) İcarəçiyə bu müqavilə ilə müəyyən edilmiş müddətdə, şərtlərlə və qaydada ticarət fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilməsindən, icarə sahəsinə dair icarə haqqının müəyyən edilməsindən, icarə haqqının ödənilməsindən irəli gələn məsələlərin hüquqi tənzimlənməsi. İş materiallarına əlavə olunan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən aydın olur ki, 1.78 hektar ölçüdə Ticarət Mərkəzi Cahan MMC-nin mülkiyyətinə verilib və bu barədə 33 nömrə ilə kitabda qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsində su obyektlərindən və sudan istifadə qaydalarının pozulması qeyd edilmişdir. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinədə su obyektlərindən və sudan istifadə qaydalarının pozulması qeyd edilmişdir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə və 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən inzibati məsuliyyətin əsasları yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qanunvericilikldə “inzibati xətanın tərkibi” anlayışı öz əksini tapmayıb. Lakin inzibati hüquq nəzəriyyəçiləri hesab edirlər ki, inzibati xətanın tərkibi dedikdə, hüquqla (qanunla) müəyyən edilmiş elementlər məcmusu başa düşülür. İnzibati xətanın obyekti müxtəlif hüquq normaları ilə nizamlanan və yalnız inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv tərəfi törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyi inzibati xətanın subyektinin dəqiq anlayışını təklif etmir. Lakin inzibati xətalar qanunvericiliyinin təhlilindən irəli gələrək demək olar ki, inzibati xətanın subyekti inzibati xətanı törədən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış, anlaqlı fiziki şəxs (o cümlədən də vəzifəli şəxslər) və ya inzibati hüquq subyektliyinə malik olan hüquqi şəxsdir. Beləliklə, inzibati xətanın subyektləri aşağıdakılardır: a) fiziki şəxslər; b) hüquqi şəxslər 01 mart 2016-cı il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyi ilə hüquqi şəxslər də inzibati xətanın subyekti hesab olunur. Hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası İXM-in 18-ci maddəsində aşağıdakılar qeyd edilir: “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-in 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İnzibati xətanın subyektiv tərəfi şəxsin törətdiyi hüquqazidd əmələ və onun zərərli nəticələrinə daxili psixi münasibətidir. İnzibati xətanın subyektiv tərəfinin əsas elementi təqsir (qəsd və ehtiyatsızlıq), əlavə elementləri isə emosional vəziyyət; motiv; məqsəd. Bu əlamətlər yalnız inzibati xətanın qəsdən törədilməsi zamanı özünü biruzə verir. Qeyd edilənləri nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilən sənədlərlə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.2 və 262.2.3-cü maddələri ilə nəzərdə tutulan əməlin törədilməsində subyekt olması sübuta yetirilmir. Belə ki, Əmlak Məsələləri üzrə Dövlət xidməti tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, inzibati xətın törətmiş hüquqi şəxs Bazar MMC deyildir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan təqdim etdiyi məktubda qeyd edir ki, Bazar MMC-nin mülkiyyətində hər hansı daşınmaz əmlak qeydə alınmamışdır. Xətanın törədildiyi ərazi üzrə mülkiyyətin Cahan MMC-yə məxsus olmasına dair sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddələrinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə, xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Odur ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.2 və 262.2.3-cü maddələri ilə nəzərdə tutulan əməlin törədilməsində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 14 saylı X11 tərəfindən tərtib olunmuş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.2 və 262.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-53/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-53/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver