Məhkəmə qərarları › İş №3(5-88)-65/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-65/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-65/2026 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Babək rayon, Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, 4 uşaq anası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 04 fevral 2026-cı il tarixli, 326519/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-278/2025 nömrəli, 04 noyabr 2025ci il tarixli qətnaməsi əsasında verilmiş 15 dekabr 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs (AA*******; FİN: xxxxxxx, VÖEN: **********) 11740 (on bir min yeddi yüz qırx manat 00 qəpik) manat məbləğində pulun alınaraq iddiaçı X1 (AA0347971; FİN: 6CWNBPD, VÖEN: ********** ) ödənilməsi, 127,04 (yüz iyirmi yeddi manat 04 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 120,82 (yüz iyirmi manat 82 qəpik) məbləğinin cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi və 6,22 (altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi, 300 (üç yüz) manat məbləğində hüquqi yardıma görə ödənilən haqqın iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 285,3 (iki yüz səksən beş manat 30 qəpik) manat məbləğin cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi və qalan 14,7 (on dörd manat 70 qəpik) manat məbləğində hüquqi yardım haqqının hissəsinin iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünün heç yerdə işləmədiyini, həyat yoldaşının vəfat etdiyini, 4 uşağı olduğunu, birinin evli olduğunu, digərinin Bakıda oxuduğunu, 2 uşağının isə əkiz olduğunu, 9-cu sinifdə oxuduqlarını, onların məktəb, hazırlıq pulları olduğunu, həmçinin özünün 3 banka kredit borcu ödədiyini, çatdıra bilmədiyini, işin düzgün aparılmadığını, əslində özünün ödəniş etdiyini, çekləri də olduğunu, ancaq sübut edə bilmədiyini, hazırda maddi imkanının o qədər pulu ödəməyə imkan vermədiyini, ödəməyə çalışacağını, pulu danmadığını, sadəcə maddi vəziyyətinin çox aşağı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 icra sənədinin 17 dekabr 2025-ci ildə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin borcluya göndərildiyini, dəfələrlə əlaqə saxlamağa çalışdıqlarını, zəng çatmadığını, tələbkarın müraciət etdiyini, borclunun ərindən qalan 1200 manat pensiyanın uşaqlarına görə aldığını, həmçinin borclunun Kəklikotu restoranında işlədiyini, 350 manat əmək haqqı aldığını ancaq pulunu ödəmədiyini qeyd etdiyini, tələbkarla borclunun ayda 500 manat ödənilməsi şərti ilə razılaşdıqlarını, lakin borclunun ödəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 15 dekabr 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-278/2025 nömrəli, 04 noyabr 2025-ci il tarixli qətnaməsinə əsasən Şəxs (AA*******; FİN: xxxxxxx, VÖEN: **********) 11740 (on bir min yeddi yüz qırx manat 00 qəpik) manat məbləğində pulun alınaraq iddiaçı X1 (AA0347971; FİN: 6CWNBPD, VÖEN: ********** ) ödənilməsi, 127,04 (yüz iyirmi yeddi manat 04 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 120,82 (yüz iyirmi manat 82 qəpik) məbləğinin cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi və 6,22 (altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi, 300 (üç yüz) manat məbləğində hüquqi yardıma görə ödənilən haqqın iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 285,3 (iki yüz səksən beş manat 30 qəpik) manat məbləğin cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi və qalan 14,7 (on dörd manat 70 qəpik) manat məbləğində hüquqi yardım haqqının hissəsinin iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 dekabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)- 278/2025 nömrəli, 15 dekabr 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 dekabr 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra sənədinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə 17 dekabr 2025-ci il tarixdə daxil olduğu, şəxsin icra sənədləri üzrə tələbi tam təmin edə bilməməsinin səbəbinin isə daimi gəlir mənbəyi olmaması, başqa kredit ödənişlərini də həyata keçirməsi kimi üzrlü səbəblərdən qaynaqlandığı müəyyən edilmişdir. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar