Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-71/2026 09.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, 2 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Nizami ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:
1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 09 fevral 2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2193/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-972/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Şəhər 54 saylı Notariat Ofisinin 8İ-758 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələrinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
3. Məhkəmədə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə etmiş və bildirmişdir ki, borclu barəsində daxil olan icra sənədləri üzrə 1095.43 manat borc "xxxx" ASC-nin, 135 manat borc "xxxx" MMC-nin, 4800 manat aliment borcu isə Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Borcluya icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin borclu tələbi tam şəkildə təmin etməmiş və bu günə qədər yaranmış 1 illik aliment borcu və digər borcları ödəməkdən yayınmışdır. Aliment borcu 27 fevral 2025-ci il tarixdən 4800 manat borc yaranmışdır. Aliment borcu üzrə indiyə qədər heç bir ödəniş olunmamışdır. Ödənişi təsdiq edən heç bir sənəd yoxdur. Hal-hazırda axtarış qərarı ilə Şöbəyə gəlmişdir. Borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, aliment borcunu bilmirdi. Burada yaşamadığına görə məlumatı olmamışdır. Bankla bağlı anası 300 manat pul ödəmişdir. Lakin bank heç bir ödəniş olunmadığını demişdir. Bank 500 manat ödəniş olsa şikayətini götürəcəyini bildirmişdir. Boşanan zaman aliment tələbinin olacağını bilməmişdir. Əmisi ilə danışmadığından göndərilən sənədlərdən məlumatı olmamışdır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:
5. İş materiallarına əlavə olunmuş 23 sentyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-972/2021 saylı xx.xx.2021ci il tarixli icra qeydinə əsasən Şəxs 894 (səkkiz yüz doxsan dörd) manat əsas borc 169.87 (yüz altmış doqquz manat səksən yeddi qəpik) manat faiz borcu və 1.56 (bir manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1065.43 (min altmış beş manat qırx üç qəpik manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
6. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-972/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
7. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
8. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-758 saylı, 13 yanvar 2024-cü il tarixli icra qeydindən görünür ki, Şəxs "xxxx" MMC-nə vaxtında ödənilməmiş 57 manat 50 qəpik, 47 manat 50 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat olmaqla cəmi 135 manat 00 qəpik pul tutulması qərara alınmışdır.
9. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-758 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
10. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
11. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs xəbərdarlıq göndərilmişdir.
12. İş materiallarına əlavə olunmuş 21 avqust 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2193/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci ildə anadan olmuş X6 və xx.xx.2021-ci ildə andan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh Şəxs Zərərçəkmiş şəxs2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir.
13. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Gəncə Şəhər Məhkəməsinin 2(125)-2193/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
14. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
15. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur.
16. İş materiallarından olan qəbzdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs2 500 manat məbləğində ödəniş etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, Şəxs icra sənədini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsinin sübutа yetməmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
19. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
20. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
21. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
23. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
24. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
25. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirilməməlidir.
27. Məhkəmə araşdırması zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır.
28. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı 09 fevral 2026-cı il tarixdə borclu Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 500 manat məbləğində ödəniş etmişdir.
29. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.
30. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
31. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
33. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
36. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
37. Həmin Məcəllənin 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
38. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Aslan Heydarov.