Məhkəmə qərarları › İş №3(5-88)-73/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-73/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-73/2026 10.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Şəhər Prokurorluğun nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2, protokol tərtib etmiş şəxs X9, zərərçəkmiş şəxs X13 iştirakları ilə, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq müəyyənetdi:

1. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə 09 fevral 2026cı il tarixli İXP7812795 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir.

2. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X17 bildirdi ki, şəxs atasının avtomobili ilə qəza törətmişdir. Nəticədə şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Protokolun təmin edilməsini xahiş etdi.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, atasının maşını götürmüş, sinif yoldaşı ilə gedən zaman bir anda hadisə baş vermişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi.

4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 bildirdi ki, barəsində protokol tərtib edilmiş şəxs hadisədən bir gün əvvəl mövsümi xəstəliklərlə bağlı müəyyən dərmanlar qəbul etmişdir. İnzibati xətanı törədən şəxs heç bir narkotik vasitədən istifadə etməmişdir. Zərərçəkmişin təşəbbüsü ilə yenidən ekspertizadan keçirilmiş və heç bir şey aşkar olunmamış, lakin işə əlavə edilməmişdir. Hazırkı maddə üzrə işə xitam verilməsini və işin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş maddə ilə tövsif edilməsini istəyir. Şəxsin cərimə edilməsi zərərçəkmiş şəxsə 2 qat zərər vurmuş olacaq. Şəxs hadisədən 1 gün əvvəl ev şəraitində müalicə də almışdır. Yaxın qohum olmalarını nəzərə alaraq iş üzrə xitam verilməsini xahiş etdi.

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 bildirdi ki maşının üzərinə özü açarı qoymuşdur. Məhəllədə oğlu maşını sürmüş və hadisə baş vermişdir. Maddi zərərlə bağlı şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi.

6. Məhkəmə iclasına dəvət olunmuş ekspert X14 bildirdi ki, narkoloji ekspertizada 1-2 gün ərzində ekspertiza aparıldığı üçün yenidən ekspertiza təyin etmirlər. Əgər açıq satışda bu dərman olursa, vətəndaşdan soruşulur istifadə etmiş olursa ekspert olaraq vətəndaşın xeyrinə qərar qəbul edilir. Bu dərmandan da kimsə uzun müddət istifadə etməz. Əgər qərarda göstərilsə idi təkrar ekspertiza o zaman yenidən keçirilməsi mümkündür. Xəstəliyin aşkar edilməsi təkcə bioloji müayinədə aşkar edilmir. Təkcə maddənin aşkar olunması ilə deyil, şəxsin hərəkətlərində də özünü göstərir. 3-4 gün müddətinə analiz nəticəsində aşkar olunur. Dərman istifadəsi nəticəsində müsbət olduğu zaman o da qeyd edilir. Bioloji müayinədə əgər sərxoşluq müəyyən edilmişdirsə şəxs sərxoş hesab edilir. Sübutların tədqiqi:

7. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanında yaşayan, xx.xx.2008-ci il təvəllüdlü Şəxs sürücülük vəsiqəsi olmadan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində atası X18 məxsus Saipa Tiba markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə idarə etməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Qəza zamanı avtomobildə Şəxs sol gözünün qızarmış yarası, avtomobilin ön sərnişin hissəsinsə əyləşən sinif yoldaşı ünvan 2 ünvanında yaşayan təvəllüdlü, xx.xx.2009-cu il X19 isə baş nahiyəsinin ağrıları ilə Naxçıvan MR-nın X11 şöbəsinə daxil olmuşdurlar.

8. İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 334-1.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin X30 Bölməsinə göndərilməsi, X13 əməlində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin X30 Bölrnəsinə göndərilməsi, Şəxs əməlində Azərbaycan Respublikası CM- nin 185.1-ci maddəsinin tərkibi olmadığından hər hansı bir cinayət təqibi başlanılmaması, Şəxs əməlində Azərbaycan Respublikası CM- nin 263-1-ci maddəsirun tərkibi olmadığından hər hansı bir cinayət təqibi başlanılmaması qərara alınmışdır.

9. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X8 “Saipa Tıba sx” minik markalı, 2012-ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X18 etibar edilmişdir.

10. İş materiallarında olan, 12 noyabr 2025-ci il tarixli, 678 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq vəziyyəti aşkar edilməmiş, BAR (barbiturat) müsbət aşkar edilmişdir.

11. İş materiallarında olan, 18 noyabr 2025-ci il tarixli Naxçıvan MR DİN-in X30 İdarəsinin məktubunda Şəxs sürücülük vəsiqəsinin olmadığı qeyd edilmişdir.

12. İş materiallarında olan, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 17 noyabr 2025-ci il tarixli, 719 nömrəli rəyinə əsasən, 2009-cu il təvəllüdlü X10 məhkəmə-tibbi müayinəsi zamnı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.

13. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən 04 fevral 2026-cı il tarixdə verilmiş 62 nömrəli rəyə əsasən, Şəxs narkomaniya və alkoqolizmə xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan alkoqol, narkotik, və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X4 sidik narko-test və alkol-testerlə müayinə olunub, nəticə BAR (barbiturat) müsbət, alkoqol 0 promil aşkar olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

14. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

15. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

16. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

17. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

18. Maddə 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.

19. Maddə 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

20. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. Maddə 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.

22. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

23. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

24. Maddə 334-1.3. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

25. Maddə 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsindən həmin Məcəllənin 332.4-cü maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi digər məcəllələşdirilmiş normativ hüquqi aktlardan strukturuna və tənzimlədiyi münasibətlərin xarakterinə görə fərqlənir. Belə ki, həmin Məcəllə özündə həm maddi normaları, həm də prosessual, yəni inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən normaları ehtiva edir.

28. Qeyd edilən Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmn etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

29. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayətprosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Bir müddəanın müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7S.R.L. və X22rşı iş üzrə 2012-ci il 7 iyun, §141; Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 2004-cü il 17 fevral, §65; Rekvenyi Macarıstana qarşı iş üzrə 1999-cu il 20 may, §34 tarixli Qərarları).

31. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır.

32. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir.

33. Məhkəmə qeyd edir ki, barəsində protokol tərtib edilən yetkinlik yaşına çatmayan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməsi və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vuruması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarən şəxsin həmin nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edib-etməməsi ilə bağlıdır.

34. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsası ilə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən verilmiş rəyə əsasən İXM-nin 334-1.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Həmin rəydə isə BAR (barbiturat) müsbət aşkar olunduğu qeyd olunmuşdur. Lakin, barəsindən protokol tərtib edilən şəxs məhkəmə iclasında vediyi izahatında hadisədən əvvəl xəstə olduğunu və tibbi dərmanlar qəbul etdiyini bildirmiş, bununa görə də məhkəmə tərfindən rəyi tərtib etmiş həkim-narkoloq məhkəmə iclasına dəvət olunaraq bu barədə rəyə izah vermiş və şəxsin bildirdiyi tibbi dərmanın tətbiqi nəticəsində də BAR (barbiturat) müsbət aşkar oluna biləcəyini qeyd etmişdir.

35. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş olmasını təsdiq edən əlavə hər hansı sübut mövcud olmamışdır.

36. Belə olan halda məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsindən həmin Məcəllənin 332.4-cü maddəsinə tövsif edilməlidir.

37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində əməli tövsif edilməsinin prosessual qaydası nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

38. Məhkəmə qeyd edir ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənmədiyindən, cinayət-prosessual qanunvericiliyi analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli daha yüngül normaya yəni 332.4-cü maddəsinə tövsif edilməlidir.

39. Məhkəmə araşdırması zamanı X1 peşmançılığı, zərəçəkmiş şəxslə barışması, yetkinlik yaşına çatmaması məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır.

40. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.

41. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsindən həmin Məcəllənin 332.4-cü maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

42. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin məhkəmə iştirak etdiyi və işlə tanış olduğu 10 saat müddətə görə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir.

43. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz ) manat məbləğində cərimə edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar