Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-78/2026 10.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1996-ci ildə Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, musiqi müəlliməsi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:
1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 10 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, İmanlı X2 Şəhər Məhkəməsinin 2(078)-1156/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.
3. Məhkəmədə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 protokolu müdafiə etmiş və bildirmişdir ki, icra sənədi 2022-ci ildə icraatılarına daxil olmuş, 26 yanvar 2022-ci il tarixdə hər iki tərəfə qərar göndərilmişdir. 26 avqust 2025-ci il tarixdə tələbkar müraciət edərək uşağı ilə görüşə bilmədiyini bildirmişdir. Uşağı görməyə gedəndə qarşı tərəf maneələr yaradır. 26 avqust 2025-ci il tarixdə borcluya xəbərdarlıq göndərilmiş, bu barədə söhbət aparılmış və bildirilmişdir ki, Ailə Məcəlləsinə əsasən uşağın atası ilə görüşmək hüququ vardır. 09 sentyabr 2025-ci il tarixdə onun da iştirakı ilə görüş keçirilmiş, sonra uşaq heç bir səbəb göstərmədən görüşmək istəmədiyini bildirmişdir. 29 sentyabrda hər iki tərəfə və İcra Hakimiyyətinə məktubla bildirilmişdir ki, uşağın mənəvi psixoloji durumunu müəyyən etmək məqsədi ilə görüş təyin olunsun. Görüş keçirilən zaman uşağın atanı tanımadığı müəyyən olundu. Psixoloq bildirmişdir ki, uşaq tanımadığı insanlarla görüşmək istəmir. Tələbkar video göndərdi ki, uşaq yanına gəlmir. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya tətbiq olunmalıdır. Görüş keçirilsə də, tam təşkil oluna bilmir. O vaxtdan bu günədək bütün tədbirlər görünür. Borclu tərəfdən uşağın görüşməsinə icazə vermirəm demir. Tələbkarın videosunda da psixoloji təsir göstərdiyi müəyyən olunur. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmədə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, məhkəmənin qərarının qəbulundan 4 il keçməsinə baxmayaraq borclu tərəfindən 1 dəfə də öhdəlik yerinə yetirilməmişdir. Saat 12-də başlayan görüş 3-4 dəqiqəyə yekunlaşır. 6 yaşı olan uşaq ata evinə gəlməmişdir. Uşağa atasının olmadığını deyirlər. Bunlar videoda da mövcuddur. Babası tərəfindən də uşağa zərər vurulacağı deyilmişdir. Görüşlərə müdaxilələr olunur. 2022-ci ilin ortalarından 2-3 dəfə görüş olub. Hər dəfə də bunu başqa konteksə keçirmək istəyirlər. İcra və Probasiya Şöbəsinə də dəfələrlə bildirmişdir. 2022-ci ildən 2025-ci ilədək görüşə şərait yaradılmamış, sadəcə 2025-ci ilin avqust ayından görüş olmuşdur, lakin görüşdə iştirak edib müdaxilələr edirlər. Oktyabr ayında müəyyən qurumlara da məktublar yazmışdır. Uşaq nənəsini belə tanımır. Məktubda yazılmışdır ki, psixoloqlarla görüş keçiriləcək. Psixoloq bildirdi ki, uşağa atasının olmadığı deyilmişdir. Sevinc xanım izah etdi ki, uşağa nəsə öyrətmək onun vəzifəsi deyildir. Həmin rəylə təsdiq olundu ki, uşaq atasının olduğunu bilmir. Nənəsinin görüşü ilə də bazar gününə görüş təyin olunmuş, lakin bu mümkün olmamışdır. Məsuliyyəti uşağın üzərinə qoyurlar ki, uşaq görüşmək istəmir. Uşağın 6 yaşı vardır. Uşaq 9 aylıq olan zaman evdən getmişdirlər. 2022-ci ilin ortasına qədər ölkədə olmamış, telefonla da danışığına icazə verilməmişdir. Uşağı ilk danışdıran zaman hiss etmişdir ki, uşaq atasını tanımır. Psixoloqlarla da özü əlaqə saxlamış, uşağın psixologiyasına təsir etmədən ona atası olduğunu bildirmək istəmişdir. Rəy tarixinə qədər uşağı psixoloji olaraq hazırlamağa çalışmışdır. Uşaq anadan söz soruşur, atanın yanına gəlir. Uşaq ona anasından ayıracağını deyir. Rəyi alandan sonra uşağın atası olduğunu bildirmişdir. 2022-ci ilin may ayından Naxçıvandadır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, uşaqla görüşlə bağlı videodan da görünür ki, uşağı qaraja qoyub gedir. Uşağın 6 yaşı var, indiyədək 3 yaşında 1 dəfə görüş təşkil etmişdir ki, onda da uşaq körpə idi atasının olduğunu necə bilsin. Daha sonra 2025-ci ildə uşaqla görüşə gəlmiş, lakin uşaq necə bilər ki atasıdır. Psixoloqların iştirakı ilə rəy çıxarılmışdır. Qarşı tərəf görüşə maneə olduğunu deyir, lakin görüşə maneə olmur. İlk görüşdə ana, atası iştirak etmiş, digər görüşlərdə ata və uşağı tək qoymuşdur. Uşağa gələndə deyir ki, səni də oyuna çəkirlər. Uşağa deyir mən uzaq yol gəlib yorulmuram sən yorulursan. Qarşı tərəf cəhd etmədiyindən o da nəyəsə cəhd etmir. Uşaq nənə, babanı tanımayacaq əlbəttə çünki görmədiyi insanları necə tanısın. Görüşə qədər ata ilə bağlı uşağa heç nə deyilməmişdir. Uşağa atasını deyəndə də uşaq deyir ki, ata uşağın yanında olar. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:
6. İş materiallarına əlavə olunmuş 08 dekabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1156/2021 saylı xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən X4 övladı 19 iyun 2019-cu il təvəllüdlü X10 ilə X8 xidməti zərurətlə əlaqədar olaraq ölkədən kənarda olduğu müddətdə hər həftənin bazar günləri, bayram günlərində və hər il iyin ayının 19-da saat 11:00-dan 12:00-dək sosial şəbəkələrdə videogörüntülər vasitəsilə ünsiyyət hüququ, eləcə də ölkədə olduğu müddətdə isə hər həftənin bazar günləri saat 12:00-dan 18:00-dək, hər il iyun ayının 19-da saat 10:00dan 14:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, iddiaçı X8 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 24578 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsi cavabdeh X1 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
7. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1156/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.
8. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
9. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir.
10. İş materiallarında olan, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 01 saylı rəyindən görünür ki, X17 Əhmədovun öz atası olduğunu bilmir, ata isə uşaqla ünsiyyətdə olmaq üçün ona özünü dost kimi təqdim edir. Uşaq isə tanımadığımız adamlarla dost olmaq olmaz deyir, ünsiyyət qurmur. X7 və Əhmədova (İmanlı) Səmənnaz Aydın qızı övladlarının psixoloji sağlamlığını düşünərək, uşaq üçün mütəxəssis dəstəyi və psixoloji dəstək alaraq ata ilə övladın ünsiyyəti təmin edilə bilər.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
11. Məhkəmə hesab edir ki, Şəxs icra sənədini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsinin sübutа yetməmişdir.
12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
14. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
15. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
17. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
18. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirilməməlidir.
21. Məhkəmə araşdırması zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videoyazıdan da görünür ki, Şəxs uşağın atası ilə görüşünə maneə yaratmamış, uşağı atasının yanına buraxmış lakin, uşağın özü atası ilə görüşdən imtina etmişdir.
22. Həmçinin, zərərçəkmiş şəxs anası tərəfindən uşağa psixoloji təsir göstərildiyini bildirsə də, məhkəmə araşdırması zamanı zərərçəkmişin uşağa özünün atası olduğunu bildirmədiyi, həmçinin, 2022-ci il tarixdən zərərçəkmişin uşaqla ünsiyyət yaratmadığı müəyyən olundu. Belə olan halda, uşağın atası kimi tanımadığı zərərçəkmiş şəxsə birdənbirə bağlanması və onunla saatlarla vaxt keçirməsi mümkün deyildir. Hərçəd ki, videoyazıdan da görünür ki, uşaq da zərərçəkmişi “özgə” biri kimi qəbul edir.
23. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsin uzun illər mövcud olmayan ata-oğul münasibətini yavaş-yavaş bərpa etməyə çalışmaq yerinə, uşağın bağlı olduğu anasının inzibati məsuliyyətə cəlb edilməsini tələb etməsi də, uşağın gələcəkdə ataya qarşı mənfi münasibətinin formaşalmasına səbəb ola bilər.
24. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.
25. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.
26. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.
27. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
32. Həmin Məcəllənin 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
33. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq
qəraraaldı:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Aslan Heydarov.