Məhkəmə qərarları › İş №3(5-88)-81/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-88)-81/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(5-88)-81/2026 16.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 16 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 16 fevral 2026-cı il tarixli, 3-13-43-6/2-4628/2026 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair 16 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Qeyd olunan halların araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bortkompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 16 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 fevral 2026-cı il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin qərarına əsasən Şəxs qarşı tərəfi vurması və Gülcamal Tahirovanın əmlakına maddi ziyan yetirməsi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. (Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.) Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələrinə və qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması müddətlərinə nəzər saldıqda görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərdə tutulduğundan həmin inzibati xətanın törədilməsinə görə tərtib olunmuş protokola daxil olduğu gün, həmin Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib olunmuş protokola isə protokolun daxil olduğu vaxtdan 15 gün ərzində (hətta baxılma müddəti 1 ayadək uzadıla bilər) baxılır. Qeyd edilənlərdən də görünür ki, həmin inzibati xətalara birlikdə baxılması qanunvericiliklə nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxılması müddətlərinin pozulmasına gətirib çıxaracaq haldır. Həmçinin qeyd edilən inzibati xətalara dair vahid protokol tərtib edilə və həmin inzibati xətalara birlikdə baxıla bilməz. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair 16 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair 16 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar