Məhkəmə qərarları › İş №3(5-88)-86/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-88)-86/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(5-88)-86/2026 20.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X7, zərərçəkmiş şəxs X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, orta təhsilli, Temada təsərrüfat müdiri işləyən, evli, 4 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 Samiq Yasin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir.

2. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X7 protokolu müdafiə edərək bildirdi ki, Nəbiyev Nəcməddin polisə müraciət etmiş, müraciəti araşdırılaraq sübuta yetirilmişdir ki, həqiqətən Şəxs onu döymüşdür. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, 2023-cü ildə Şəxs qızı ilə tanış olmuş və danışmağa başlamışdır. Sonra münasibətləri kəsilmişdir. 5-6 ay bundan əvvəl qızın özü tiktokdan ona yazmış və istəmədiyi adamla nişanlanacağını demişdir. Daha sonra onla görüşəndə də bildirdi ki, atası onu qohumu ilə nişanlayır. Bu hadisədən 4 ay keçdikdən sonra Şəxs onu çağırmış, maşında qapını bağlamış və onu təhqir etməyə başlamışdır. Qızına zəng etmədiyini bildirsə də, o demişdir ki qızına zəng edir. Yolda yumruqla onu vurmuşdur. Şöbəyə getmiş və orada onu təhqir etmişdir. Onlar Şöbədən getdikdən sonra Şəxs şikayət etmişdir. Xəstəxanaya da getmiş və ekspert rəyi də alınmışdır. Qızın noyabr ayının 15-i nişanı olmalı idi. Ondan 4 ay keçdikdən sonra bu hadisə baş vermişdir. Halbuki qıza zəng etməmiş, mesaj da yazmamışdır. Şəxs serjantın yanında da ona şiddət göstərmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qızını dayı nəvəsinə nişanlamışdır. Bacı qızısının yoldaşı vasitəsi ilə qızı Nəcməddinlə tanışmışdır. Dekabr ayının 9-u Bakıya getmiş, 4 gün qalıb geri qayıtmışdır. Yoldaşı demişdir ki, qız 10 gündür nişanlısı ilə danışmır. Qızından nə olduğunu soruşanda isə heç nə deməmişdir. Balaca qızı ona demişdir ki, bərbər Aysuna zəng etmişdir. Evə girən zaman yoldaşı səs yazısını göstərmişdir ki, qızı bərbərlə danışır. Qızından soruşan zaman, qızı bildirdi ki, bərbər onu təhdid etmiş və onla görüşməsə nişanlısına deyəcəyini bildirmişdir. Qızı qorxudur ki, onla evlənməyəcəksən. Bərbərdən gedib Nəbiyev Nəcməddini götürmüş və Şöbəyə aparmışdır. Yolda telefonunu əlindən almışdır ki, mesajları silməsin. Lakin Nəcməddin telefonu almaq istədiyindən onu vurmuşdur. 2 dəfə əlinin arxası ilə onu vurmuşdur. Şöbənin içərisində onu vurmamışdır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

5. İş materiallarında olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixli qərara əsasən Şəxs, öz şəxsi avtomobilində X1 nahiyəsindən vuraraq onu döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

6. İş materiallarında olan 06 fevral 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir.

7. 20 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 20 fevral 2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur.

8. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2026-cı il tarixli 39 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədənində müəyyən edilmiş xəsarət: sol gözün bayır küncünün qançırı, sol gözün konyuktiva qişasına qansızma, burun konkasının sıyrığı küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə əl zərbəsi və yerə yıxılma nəticəsində də əmələ gəlməsi inkar edilməyə bilər. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

10. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

11. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

12. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

13. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

14. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

15. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

16. Maddə 157. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

17. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay inzibati qaydada həbs edilməlidir.

18. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi döyməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir.

19. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin verdiyi suala cavabında zərərçəkmiş şəxsi Polis İdarəsinə aparmaq üçün onun iş yerinə getdiyini və məqsədinin öz avtomobili ilə onu Polis İdarəsinə aparmaq olduğunu, onu avtomobildə telefonda olan yazşımanı silməməsi üçün vurdğunu bildirmişdir.

20. Bununla bağlı məhkəmə qeyd edir ki, Polis haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bənidnə əsasən, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir.

21. Həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.

22. Göründüyü kimi Qanunvericilik insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaq vəzifəsini Polisə həvalə etmişdir. Hər bir fərdin özü üçün bir cəzalandırma metodu seçməsi hüquqi dövlətin təməllərini, dövlətə olan inamı sarsıdan nəticələrə gətirib çıxara bilər. Bu isə sonda dövlət qurumlarının fəaliyyətinin axsamasına və anarxiyaya şərait yarada bilər. İnzibati xəta pozuntusuna yol veən şəxs hesab edidisə ki, qızı zərərçəkmiş tərəfindən müəyyən hərəkətləri etməyə məcbur edilir bununla bağlı Polisə və hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin, görünən odur ki, şəxs özü üçün hüquq qaydaları yaratmaq qərarına gəlmiş, bununla da dövlətin funksiyalarına müdaxilə etmişdir.

23. Məhz bunun nəticəsidir ki, eyni vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həyat yoldaşı başqa bir şəxsi döymüş və İXM-nin 157-ci maddəsi ilə məsuliyyəti cəlb olunmuş, yetkinlik yaşına çatmayan qızı isə İXM-nin 510.1-ci maddəsi məsuliyyətə cəlb olunmuşdur.

24. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

25. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

26. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay inzibati qaydada həbs edilməlidir

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48 51,114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

xx.xx.1979-cu ildə Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Temada təsərrüfat müdiri işləyən, 4 uşaq atası, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Səfərov X6 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 1 ay (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar