Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(5-88)-94/2026 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı şikayət vermiş şəxs X1 Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2026-cı il tarixdə saat 17:04-də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 30 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, barəsində inzibati xəta tərkibi mövcud deyildir. Hadisə zamanı günün işıqlı vaxtı nəqliyyat vasitəsinin yaxın işıqları yanılı vəziyyətdə olmuşdur. O, uzaq işıqdan istifadə etməmişdir və digər hərəkət iştirakçılarına maneə yaratmamışdır. Yol hərəkəti haqqında Qanunun 73-cü maddəsinin V hissəsinə əsasən, sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitələrinin görünməsini təmin etmək məqsədilə müəyyən hallarda yaxın işıqların yandırılması nəzərdə tutulur. Həmin normada motosiklet və mopeddə; uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda; mütəşəkkil nəqliyyat dəstəsinin hərəkəti zamanı; digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində; təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində; yaşayış məntəqələrindən kənarda, ayrıcı zolağı olmayan yollarda əks istiqamətə hərəkət edən nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarında yaxın işıqlardan istifadə edilməsi göstərilmişdir. Lakin qanunvericilikdə sutkanın işıqlı vaxtı yaxın işıqların yanılı vəziyyətdə olmasının qadağan edilməsi barədə norma mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin özünün hərəkətində qadağan olunmuş əməl mövcud olmadığından, inzibati xəta tərkibi yaranmır. İnzibati məsuliyyət yalnız qanunla birbaşa nəzərdə tutulmuş və qadağan edilmiş əmələ görə yarana bilər. İş üzrə hər hansı təhlükə, qəza və ya ictimai zərər baş verməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin baxılmasının hakimin səlahiyyətinə aid olub-olmamasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə verilir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Belə ki, Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “Renault Logan minik” markalı, 75BB413 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 15 fevral 2026-cı il tarixdə, saat 17:04-də Babək rayonu, Badaşqan kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Qeyd edilən maddənin məzmunundan da görünür ki, həmin inzibati xətanın tərkibi işıq cihazlarından və səs siqnallarından istifadə qaydaları pozulduqda yaranır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından da görünür ki, X2 tərəfindən törədilmiş inzibati xəta əməli Babək rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydası qeyd olunmuşdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayət vermiş şəxs X2 tərəfindən şikayət ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, həmin qərar elektron qərar deyil. Bu səbəbdən onun həmin qərardan verilən şikayətə inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı olduğundan şikayət vermiş şəxs X1 Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şikayət vermiş şəxs X1 Naxçıvan Muxtar Respublikası Yol patrul xidmətinin 15 fevral 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(5-88)-94/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-88)-94/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver