Azərbaycan Respublikası adından Qərar Ordubad şəhəri İş № 3(5-89)-26/2026 30.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSI Hakim Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, Seyidli Fizzə Elşad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Ordubad Rayon Polis Şöbəsinin, cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili R X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənlı Vüqar İsmayıl oğlunun iştirakı ilə, Həsənlı Vüqar İsmayıl oğlu: ##.##.1993-cü il Ordubad rayon Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,bir uşaq atası orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olmamış, müvəqqəti işsiz, Ordubad rayon Dəstə kəndində qeydiyyatda olan və yaşayan Həsənlı Vüqar İsmayıl oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq. müəyyən etdi : Həsənlı Vüqar İsmayıl oğlu qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Ordubad Rayon Polis Şöbəsinin, cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili R X3 oğlu tərəfindən Həsənlı Vüqar İsmayıl oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə ##.##.2026-cı il tarixli, ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənlı Vüqar İsmayıl məhkəməyə verdiyi izahatında Rusiya Federasiyasına tez-tez gedib gəldiyini Rusiya Federasiyasında olarkən # #### 2026-cı il tarixdə saat təqribən 18:00 radələrində Moskva şəhərində yerləşən “Park Pabeda” adlı parkda oturduğunu, Ailəvi problemlərim olduğu üçün hövsələsinin olmadığını, bir qədər həmin parkda oturduqdan sonra ürəyim siqaret istədiyini və yoldan keçən tanımadığı bir şəxsdən siqaret istədiyini,həmin şəxs cibindən siqaret qutusunu çıxarıb ona bir ədəd siqaret verdiyini, həmin siqareti çəkdiyini və bir qədər sonra halının pisləşməyə başladığını və özünü pis hiss etməyə başladığını, sonradan ona həmin şəxsin ona verdiyi siqaretin içində narkotik vasitə olan marixuana olduğunu anladığını və buna görə peşman olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənlı Vüqar İsmayıl oğlu etdiyi hərəkətə görə peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin, cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili R X3 oğlu protokolun məzmununa uyğun izahat verərək Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənlı Vüqar İsmayıl oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq ##.##.2026-cı il tarixli protokol tərtib olunduğunu, odur ki Həsənlı Vüqar İsmayıl oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR Xəstəliklər Dispanserinin ##.##.2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Həsənlı Vüqar İsmayıl oğlu Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına Naxçıvan MR Xəstəliklər Dispanserində narkotesdən keçirilmiş, nəticədə THC (tetrahidrokannabinol) aşkar olunmuş. Narkoloji xəstəlikdən əziyyət çəkmir və müalicəyə ehtiyac yoxdur. Protokolu tərtib edən orqan-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X1 tərəfindən tərtib edilmiş 30 mart 2026-ci il tarixli ******* nömrəli protokoldan və barəsində inzibati iş aparılan Həsənlı Vüqar İsmayıl oğlunun izahatından görünür ki Moskva şəhərində olarkən narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-cimaddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 206cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Həsənlı Vüqar İsmayıl oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir, Həsənlı Vüqar İsmayıl oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu xüsusda qeyd etmək lazımdır ki, həbsin müddətinin dəqiq müəyyən edilməsi üçün İnsan Hüqüqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) normalarına, o cümlədən Konvensiyanın 5-ci maddəsinə və həmin maddə üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edilməlidir. Avropa Konvensiyasının 5- ci maddəsi və presedentləri isə polis əməkdaşları tərəfindən istənilən şəxsin hərəkət sərbəstliyinin məhdudlaşdırılmasını onun həbsi kimi ehtiva edir. Belə ki, Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyası normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərik edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X6rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Törətdiyi inzibati xətanın xarakterini, nəzərə alaraq, Həsənlı Vüqar İsmayıl oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X10 ekspertizasının 190 saylı rəyinə əsasən Həsənlı Vüqar İsmayıl oğlunun məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Həsənlı Vüqar İsmayıl oğlu barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənlı Vüqar İsmayıl oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Eyni zamanda Məhkəmə müəyyən edir ki, şəxs izahatında törətdiyi inzibati xətaya tənqidi münasibət bildirməmiş, narkotik vasitədən istifadəni normal hal kimi qiymətləndirmiş, bu isə onun davranışının gələcəkdə təkrarlanması riskini göstərir Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Həsənlı Vüqar İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Həsənlı Vüqar İsmayıl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 ( iyirmi ) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 mart 2026-cı il tarixdən saat 15:00dan hesablansın. Həsənlı Vüqar İsmayıl oğlu həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən :Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(5-89)-26/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(5-89)-26/2026
30.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver