Məhkəmə qərarları › İş №3(5-90)-8/2026

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(5-90)-8/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(5-90)-8/2026 09.02.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Şərur rayon Dəmirçi kəndində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2026-cı il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs polis şöbəsinə daxil olmuş şikayət əsasında həmin şəxsin Sədərək rayon Polis şöbəsinə dəvət edilərək işi araşdırılarkən onun narkotik vasitədən istifadə etməsində şübhə yarandığından narkotestdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 aparılaraq sidik narko-test vasitəsilə müayinə edildiyini, xx.xx.2026-cı il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə onun psixotrop maddə olan THC (tetrahidrokannabinol) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında xx.xx.2026-cı il tarixdə Türkiyə Respublikasının İğdır şəhərinə evə ərzaq almaq məqsədi ilə getdiyini, bir neçə saat rus bazarı deyilən yerdən evə ərzaq aldıqdan sonra siqareti qurtardığını, siqaret çəkmək istədiyini, lakin tanımadığı türk vətəndaşının yanında siqaret çəkdiyini, həmin şəxsdən bir ədəd siqaret istədiyini, həmin şəxsin ona bir ədəd siqaret verdiyini, siqaretin yarı hissəsini çəkərkən halının pisləşdiyini gördüyü üçün atdığını, çəkdiyinin nə olduğunu bilmədiyini, daha sonra su içərək özünə gəlib evə qayıtdığını, xx.xx.2026-cı il tarixdə polis əməkdaşlarının yaşadığı evə gələrək haqqında şikayət olduğunu bildirib Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldiyini, Sədərək Rayon Polis Şöbəsində dindirilərkən polis əməkdaşlarının onda əsaslı narkotik vasitəsi qəbul etdiyinə şübhələndiklərini, ona görə də səmimi etiraf edərək Türkiyyə Respublikasında olarkən adını bilmədiyi maddədən istifadə etdiyini bildirdiyini, Polis əməkdaşlarının onu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X6 narko-testdən keçirməyə apardıqlarını, Y.Budaqov adına X3 sidik narko-testdən keçirilərkən psixotrop maddə olan THC (tetrahidrokannabinol) istifadə etməyinin aşkar olunduğunu, .bilmədən etdiyi hərəkətindən çox peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu, ailədə yeganə qazanc gətirən olduğunu, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək RPŞ-nin İTB-nin sahə rəisi Şahid1 izahatında əməliyyat-istintaq qurupunda olan zaman Sədərək rayon Dəmirçi kənd sakini Şəxs barəsində Sədərək rayon Polis şöbəsinə şikayət daxil olduğunu, dərhal Sədərək rayon Sədərək kəndinin sahə rəisi olan Alməmməd müəllimə zəng vuraraq Sədərək rayon Dəmirçi kənd sakini Şəxs barəsində şikayət daxil olub onu şöbəyə gətirmək lazımdır dediyini, daha sonra həmin şəxsi Polis şöbəsinə gətirən zaman hərəkətlərindən narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr yarandığını və sonra həmin şəxsi polis kiçik leytenatı Şahid2lə birlikdə narko-testdən keçirmək üçün Naxçıvan şəhər Y.Budaqov adma X4 apardıqlarını, Dispanserdə narko-test etdikdən sonra Sədərək rayon Dəmirçi kənd sakini Şəxs psixotrop maddə olan THC (tetrahidrokannabinol) istifadə etdiyi aşkar olunduğunu, tesdən keçmədən əvvəl Şəxs bilmədən bir maddədən istifadə etməsini səmimi etiraf etdiyini bildirdi. Məhkəmə iclasında şahid X1 eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 09 fevral 2026-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan THC (tetrahidrokannabinol) istifadə etməsi müəyyən edilmişdir. İnzibati materiala əlavə olunmuş 08 fevral 2026-cı il tarixli 0796 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ № 664179 saylı və AZ-İİİ № 533342 saylı doğum haqqında şəhadətnaməlirin surətindən müəyyən olunur ki, təqsirləndirilən şəxs Şəxs himayəsində iki azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2026-cı il tarixli 68 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, psixotrop maddələrin siyahısına THC (tetrahidrokannabinol) (İİ siyahı; sıra № 44) daxildir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs psixotrop vasitə istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada barəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hisləri keçirməsini, ilk dəfə inzibati təta törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən olduğunu yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1974-cü ildə Şərur rayon, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sədərək rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar