Məhkəmə qərarları › İş №3(5-92)-31/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-31/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-31/2026 10.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X2, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1974-cü ildə Şərur rayonunun Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (3 uşaq atası), orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Həmzəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-13-43-12/2-2298/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat təxminən 2045 radələrində Şərur Rayon Məhkəməsinin içərisində və qarşısında ucadan ünvansız səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Faktla bağlı xx.xx.2026-cı il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında xx.xx.2026-cı il tarixdə Şərur Rayon Məhkəməsində oğlu Sahibin məhkəmə iclasında iştirak etdiyini, özünün içkili olduğunu, zalda anlaşılmazlıq olduğu üçün hakimin onu çölə çıxardığını, həmin vaxt çölə çıxdığını, biraz keçdikdən sonra zaldan səs-küy gəldiyini eşitdiyini, içəri girən zaman oğlu Sahilin yıxıldığını gördüyünü, bu zaman narahat olduğunu və oğlunu öldüyünü düşündüyünü, ani reflekslə səs-küy saldığını, oğluna nə olduğunu bilmək istədiyini, uca səslə təcili yardım çağırmağı istədiyini, içkili olduğu üçün özündə olmadığını, lakin heç kimi təhqir etmədiyini, həmin vaxtı polis əməkdaşlarının onu polis idarəsinə gətirdiyini və barəsində protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında xx.xx.2026-cı il tarixdə saat 2030 radələrində Şərur Rayon Məhkəməsinin zalında Şərur rayon Həmzəli kənd sakininin işi ilə bağlı məhkəmə prosesi gedən zaman orada xidmət apardığını, məhkəmə porosesinin səhəri gün davam etməsi qərarı verilən zaman Şəxs oğlunun özündən getdiyini və yerə yıxıldığını, Ələkbərin məhkəmə prosesi zamanı hakimə hörmətsizlik etdiyi üçün çölə çıxarıldığını, məhkəmə yekunlaşan kimi Ələkbərin özünü içəri atdığını, onun sərxoş olduğunu və qayda qanuna məhəl qoymadığını, məhkəmə katibi və digər şəxsləri təhqir etdiyini, onu sakitləşdirməyin mümkün olmadığını, məhkəmə işçilərinin onu çölə çıxardıqlarını, onun məhkəmənin qarsınında da öz hərəkətlərini davam etdirdiyini, ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini, oğlunun günahsız olduğunu dediyini, onlara komandir tərəfindən verilən tapşırığa əsasən onu sakitləşdirərək polis idarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında Şərur Rayon Məhkəməsinin mühafizəçi işlədiyini, xx.xx.2026-cı il tarixdə xidmətdə olan zaman məhkəmə iclasında Şəxs oğlunun məhkəməsi olduğunu, onun çöldə gözlədiyini, içəridən qadınların səs-küyünə gəldiyini, onun biraz içkili vəziyyətdə olduğunu, atılıb-düşdüyünü, içkili olduğu üçün dediklərinin çoxunun başa düşülmədiyini, lakin ağır ifadələr işlətdiyini eşitmədiyini, sonra onu sakitləşdirib çölə çıxardıqlarını, çöldən səslər gəlsə də, nə deyildiyini dəqiq eşitmədiyini, onun sakitləşdirilib polis idarəsinə aparıldığını bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 məhkəmədə verdiyi izahatında xx.xx.2026-cı il tarixdə Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıldığını, onun əməllərində xırda xuliqanlıq inzibati xətasının əlamətlərinin olduğu müəyyən edildiyini, barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəuyğun hesab edilmədiyindən, barəsində protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat təxminən 2045 radələrində Şərur Rayon Məhkəməsinin içərisində və qarşısında ucadan ünvansız səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 2155-də inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə, saat 1718 -də azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X3 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində göstərilən meyarların mövcud olub-olmamasını qiymətləndirərkən məhkəmə ilk növbədə əməlin obyektiv tərəfini araşdırmışdır. İş materiallarından və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarındən görünür ki, hadisə məhkəmə iclasının başa çatdığı vaxt, oğlunun səhhətinin qəfil pisləşməsi fonunda baş vermişdir. Şəxs məhkəmə zalına daxil olaraq yüksək səslə reaksiya vermiş, həyəcanlı vəziyyətdə təcili yardım çağırılmasını tələb etmişdir. X1 onun tərəfindən konkret ağır nalayiq ifadələrin işlədilməsini eşitmədiyini bildirmiş, digər şahidin ifadəsində isə ümumi şəkildə “nalayiq ifadələr” işlədildiyi qeyd olunsa da, həmin ifadələrin məzmunu, kimin ünvanına və hansı formada səsləndirilməsi konkretləşdirilməmişdir. Məhkəmə hesab edir ki, təkcə yüksək səslə danışma və emosional davranış faktı avtomatik olaraq ictimai qaydanın kobud surətdə pozulması kimi qiymətləndirilə bilməz. İş materialları ilə müəyyən olunmur ki, onun hərəkətləri məhkəmənin normal fəaliyyətini əhəmiyyətli dərəcədə pozmuş, vətəndaşların hüquq və qanuni mənafelərinə real təhlükə yaratmış və ya ictimai asayişin ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Hadisə konkret bir situasiya – yaxın qohumunun səhhəti ilə bağlı yaranmış gərginlik şəraitində baş vermişdir. Məhkəmə həmçinin subyektiv tərəfi – yəni ictimai qaydanı pozmaq niyyətinin olubolmamasını qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs davranışı əvvəlcədən düşünülmüş və qərəzli xarakter daşımamış, cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirmək məqsədi güdməmişdir. Onun hərəkətləri ani emosional sarsıntı və təşviş vəziyyətində edilmiş reflektiv davranış kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, şəxsin ictimai qaydanı pozmaq niyyəti müəyyən edilmədikdə, onun hərəkətlərinin xuliqanlıq kimi tövsif olunması yolverilməzdir. Bu iş üzrə isə həmin niyyətin mövcudluğu sübuta yetirilməmişdir. Beləliklə də, məhkəmə belə hesab edir ki, iş materialları ilə Şəxs cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar