Məhkəmə qərarları › İş №3(5-92)-44/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-44/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-44/2026 24.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: ğlunun sədrliyi, Məhkəmə iclas katibi: z qızının katibliyi, Şərur Rayon İcra və X3, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1984-cü ildə Şərur rayonunun Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, 3 uşaq atası, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Sərxanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli e-162051/2018 nömrəli məkubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə borclu Şəxs ümumilikdə 1638 manat borc yaranmış və o bu borcu ödəməkdən yayınmışdır. Faktla bağlı Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini, belə ki, 3 uşağın saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aylıq 270 manat məbləğində alimenti təyin olunandan sonra mütəmadi olaraq ödədiyini, ilk vaxtlar alimentin onun anası X1 pensiya kartına yönəldidiyini və oradan tutulduğunu, həmin dövrdə anasının pensiyasını aliment məbləğini tam ödəmədiyini, sonrakı dövrlərdə anasının pensiyasının artdığını və bütün pensiya məbləği aliment tutulmasına yönəldildiyindən artıq ödəniş etdiklərini, 2025-ci ilin oktyabr ayından isə anasının pensiyasından aparılan tutmaların dayandırıldığını, lakin buna baxmayaraq ümumi aliment ödənişləri üzrə keçən müddət ərzində artıq ödəmələr etdiyindən hazırki vəziyyətdə tələbkara borcunun olmadığını icra məmuruna bildirdiyini, lakin icra məmurunun bu faktı yetərincə araşdırmadığını, yaranmış borcla bağlı 2026-cı ilin yanvar ayının 14-dən taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilinin icra məmurunun göstərişi əsasında polislərin saxladığını, bu səbəbdən də işləyə bilmədiyini, indiyədək toplamda 23401 manat aliment ödədiyini, bununla bağlı DSMF-dən verilən çıxarışı təqdim edə biləcəyini bildirib, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(110)-106/2019 saylı icra vərəqəsi üzrə 1638 manat borcun tutulmasının nəzərdə tutulduğunu, həmin icra vərəqəsi aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, şəxs borcun icrasından boyun qaçırdığına görə barəsində protokol tərtib edildiyini, alimentin 2019-cu ildən 2025-ci ilə qədər ödənildiyini, 2025-ci ilin oktyabr ayına qədər könüllü razılığı əsasında anasının pensiyasından tutulduğunu, əvvəl pensiya məbləğinin çox aşağı olduğunu, zaman keçdikcə məbləğin artdığını, aylığının 270 manatdan olmaqla, noyabr, dekabr və yanvar aylarının ödənişinin qaldığını, bu ilin fevral ayında isə aliment məbləğinin indeksasiya edilərək, 3 uşağa cəmi 828 manat müəyyən edildiyini, bu məbləğlər ödənilmədiyi üçün qarşı tərəfin çoxsaylı şikayət və təzyiqlər etdiyini bildirib şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(110)- 106/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 3 uşağın saxlanması üçün hər ay 90 manat olmaqla, ümumilikdə 270 manatın alınaraq X2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2019-cu il çıxarılaraq icra olunması üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(110)-106/2019 saylı icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarından görünür ki, Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şərur rayon Sərxanlı kənd sakini X4 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsində oğlu Şəxs aylıq qazancının 50 faizinin tutularaq 3 uşağın yetlinlik yaşına çatanadək saxlanması üçün X2 ödənilməsi göstərilib. Oğlu Şəxs maddi vəziyyəti pis olduğu üçün onun ödəməli olduğu alimentin özünün DSMF vasitəsilə aldığı pensiyaya yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 2018-2025-ci illər ərzində X4 pensiyasından 23401,59 manat pul tutularaq X2 ödənilib. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək üçün ilk olaraq işin faktiki halları ilə normanın əlamətləri diqqətlə müqayisə edilməlidir. Məhkəmə işin faktiki halları ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətlərini müqayisə edərkən qeyd etməyi zəruri hesab edir ki, bu prosesdə ilk olaraq fikir verilməli əsas məqam-hazırki iş üzrə icra sənədindəki tələbin borclu tərəfindən icra edilməməsinin üzürlü və ya üzrsüz səbəblərdən olub-olmamasıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfndən Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(110)-106/2019 saylı icra vərəqəsinin icra olunmaması üzrüsüz səbəbdən baş verməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iş üzrə aliment təyin olunduğu gündən mütəmadi olaraq öhdəlik icra olunmuş, indiyədək 23401,59 manat aliment ödənilmişdir. Məhkəmə baxışı zamanı borclu Şəxs verdiyi izahatında maşının polislər tərəfindən saxlandığını, buna görə aylıq qazanc əldə edə bilmədiyini, buna görə borcunu ödəyə bilmədiyini, borcunun artıq ödənilmiş məbləğlərlə bağlı borcunun olub-olmaması məsələsinin icra məmuru tərəfindən yetərincə araşdırılmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta tərkibi olmadıqda) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar