Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-51/2026 27.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, Şükürov Rauf Ramin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin polis sahə rəisi, polis kiçik leytenantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, 2-ci qrup əlil, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şərur Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə görə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şərur şəhər sakini X2 qarşı Şəxs təhqir edib, ünvanına nalayiq ifadələr işlətmişdir. Faktla bağlı Şərur rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, xx.xx.2026-cı il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyinə görə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis kiçik leytenantı X7 verdiyi izahatında X1 Şərur RPİ-yə ərizə ilə müraciət edərək, Şəxs onu təhqir edib, narahat etdiyini, 102 məlumatı aldıqlarını, bir müddət əvvəl Şərur şəhərində yerləşən “Tamstore” mağazası qarşısında münaqişə etdiklərini, həmin müraciət əsasında müvafiq araşdırlıma aparıldıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında şikayətin qısqanclıqdan yarandığını, Şəlalə ilə yaxın münasibətdə olduğunu, onun telefonunda başqa şəxsə aid yazışmanı Şəlalənin aşkar etdiyini, buna görədə onun barəsində şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında evliliyə qədər gedən münasibətləri olduğunu, onu narahat etdiyini, qısqanclıq zəmnində hərəkətlər etdiyini, təxminən 3 ay əvvəl onların ailə dostunun oğlunun Şəxs tərəfindəndava dalaşa məruz qaldığını, buna görə də gedib polisə şikayət etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, yəni qeyd olunan əlamətlər vahidlik təşkil etmirsə əməldə inzibati xəta tərkibi də yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, xırda xuliqanlıq inzibati xətasının obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hazırkı işin halları isə həmin maddənin dispozisiyası ilə üst-üstə düşmür. Belə ki, əməl düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə ilk növbədə xırda xuliqanlıq inzibati hüquqpozmasının əsasını əks etdirən ictimai qayda anlayışına verilmiş izaha diqqət çəkərək qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X4 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Sözügedən qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Yuxarıda istinad edilən normaların məzmunundan görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv cəhət) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv cəhət). Yəni hüquqazidd əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici amildir. Bunlar yoxdursa, əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, Şəxs ünvanlı-ünvansız nalayiq ifadələr işlətməmiş, onların mübahisəsi şəxsi münasibətlər zəmnində baş vermiş, müvafiq sübutlar iş materiallarına əlavə edilməmişdir. Aralarında sözlü mübahisə olsa da, bu, qanunvericiliyə əsasən xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxs həmin vaxt hansı hərəkəti ilə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı pozması, habelə bu hərəkətlərin hansı insanların hüquq və azadlıqlarına təhlükə törətməsi, ümumiyyətlə təhqir etmənin hansı ifadələrlə həyata keçirilməsi inzibati xəta haqqında protokolda və iş üzrə hər hansı sübutda, şahid ifadəsində öz əksini tapmamışdır. İş materialları ilə Şəxs cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi sübut olunmur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin tələbinə görə, bu sübutları məhkəməyə təqdim etməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin yəni inzibati xəta haqqında protokolu tərtib edənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşmış hüquqi mövqeyə görə törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla yəni, əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-51/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-51/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver