Məhkəmə qərarları › İş №3(5-92)-58/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-58/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-58/2026 10.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin sahə rəisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Şərur rayon Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evi, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Maxta kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Şərur Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Şərur rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şərur RPİ-nin sahə rəisi X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:55 radələrində Şərur rayon Maxta kəndində X1 evinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Şərur RPİ-nin sahə rəisi X9 məhkəməyə verdiyi izahatında Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:55 radələrində Şərur rayon Maxta kəndində X1 evinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyini bildirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətdiyinə görə Şəxs barəsində xx.xx.2026-cı il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında sərxoş vəziyyətdə qaynatasıgilə getdiyini, qaynatasının onu gördüyü zaman acıladığını, qayını ilə qaynatasının onu zorla həyətdən kənara çıxarmalarını, bu zaman yıxıldığını, onu döydüklərini, buna görə söyüş söydüyünü və digər nalayiq ifadə işlətmədiyini, onu döydükdən sonra söyüş söydüyünü, sonra isə polis nəfərlərini gəlib onu apardığını, əməlindən peşman olduğunu, müalicə alacağını və barəsində həbslə bağlı olmayan tədbirin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi izahatında Allahverdinin onun kürəkəni olduğunu, həmin gün şəxsin sərxoş olduğunu, həyətə daxil olub ucadan qışqıraraq yoldaşını istədiyini, ona getməsini dedikdə isə həyat yoldaşı ilə əlbayaxa olduğunu, bütün kəndin qapıya yığışdığını, sonra isə polisə zəng vurduğunu bu zaman şəxsin qaçıb getdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid X4 məhkəməyə izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 22:00 radələrində kürəkəninin sərxoş vəziyyətdə həyətə daxil olaraq, uca səslə yoldaşını çağırdığını, ona çıxıb getməsini dediyini, şəxsin isə uca səslə səs küy salmasını, söyüş söydüyünü, onu təhqir etdiyini, 30-dan şox sakinin qapıya yığıldığını, polisə zəng vurduqlarını bu zaman şəxsin qaçdığını məhkməyə bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 1996 saylı protokoldan görsənir ki, Şəxs xx.xx.2026-cı ildə saat 23:10-da inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında” 1876 saylı protokoldan görsənir ki, Şəxs üstündən heç nə aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını və toplanmış digər sübutları məcmu halında, tam, hərtərəfli və obyektiv və əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs Şərur rayon Maxta kəndində X1 evinin qarşısında kənd sakinlərinin gözü önündə ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X6 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.3-cü maddəyə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -31.4-cü maddəyə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünündə etirafına görə o, hadisəni sərxoş vəziyyətdə törətmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, 06295 nömrəli xx.xx.2026-cı il saat 11:26-da aparılımış sərxoşluq vəziyyətinin müayinəsi aktına əsasən alkoqolun miqdarının 2.239% olması ilə təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən şəxsin inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 23:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Şərur Rayon Polis İdarəsinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar