Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(5-92)-66/2026 16.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, Şükürov Rauf Ramin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Şərur rayon Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Qışlaqabbas kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan, fərdi əməklə məşğul Şəxs barəsində Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materiala əsasən müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-180/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. Şərur Rayon Məhkəməsinin 8(110)-125/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment minimum əməkhaqqının 0.76 misli həddində (304 manat) ideksasiya edilmişdir. Yuxarıda qeyd edilən icra sənədlərinin icrasından Şəxs yayınaraq icra məmurunun qanuni tələblərinə yerinə yetirməmişdir. Hal-hazırda onun aliment borcu 5428 manat təşkil edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokol barədə məlumat verərək əlavə etmişdir ki, Şəxs izahatı alınmış, ona icra sənədinin icra olunmasının vacibliyini bildirmiş, inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında gecikdirmə üçün üzr istəmiş, işsiz olduğu üçün gecikdirdiyini, hal-hazırda Bakı şəhərində mühafizəçi işlədiyini, işə yeni başladığını, 480 (dörd yüz səksən) manat aylıq maaş aldığını, məhkəmə iclası zamanı borcun 1000 (bir min) manatını ödədiyini, sonra isə aylıq 400 (dörd yüz) manat ödəyə biləcəyini məhkəməyə bildirmişdir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-180/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir.; - xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs ünvanına göndərilmişdir; - xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış qərarı qəbul olunmuşdur; - xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış qərarı qəbul olunmuşdur; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanına aliment borcu ilə bağlı təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubu göndərilmişdir; İş materiallarında olan xx.xx.2026-cı il tarixli **********4 saylı qəbzdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aliment borcunun 1000 manatını zərərçəkmişin kart hesabına ödəmişdir; Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 12-ci maddəsinə əsasən qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırkı işin yuxarıda qeyd edilən hallarına baxmayaraq icra məmuru formal olaraq belə qənaətə gəlmişdir ki, Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi hal, yəni məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz, yəni əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri araşdırma materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında şəxsin qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarını araşdıran məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və ya icra məmurunun qanuni tələbinə tabe olmaması məhkəmə baxışında sübuta yetirilmir. Belə ki, Şəxs məhkəmə iclasında işsiz olduğunu, işə yeni düzəldiyini, hər ay dörd yüz manat ödəyəcəyini, qohumlarından borc aldığını və 1000 (bir min) manat aliment ödədiyinə dair qəbzi məhkəməyə təqdim etmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə barəsində icraat aparılan şəxsin icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Beləliklə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 53,105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-66/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-66/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver