Azərbaycan Respublikası adından Qərar Şərur şəhəri İş № 3(5-92)-73/2026 18.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSI Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsgəndərov İbrahim Surəddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Camal Vaqif oğlunun iştirakı ilə, ## ###### 1994-cü ildə Şərur rayonunun M.Mehrab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), evli, orta təhsilli, deməsinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun M.Mehrab kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan, fərdi əməklə məşğul olan İsmayılov Camal Vaqif oğlunun barəsində Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsgəndərov İbrahim Surəddin oğlu tərəfindən İsmayılov Camal Vaqif oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, barəsində olan icra sənədi üzrə borclu İsmayılov Camal Vaqif oğlu ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı icra sənədi üzrə yaranmış 2698.40 manat ödəməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İsgəndərov İbrahim Surəddin oğlu izahatında protokolla bağlı məlumat verərək, borclu ilə əlaqə saxladıqlarına baxamayaraq çağırışlara gəlmədiyini, icra sənədi üzrə indiyədək ödəniş etmədiyini, axtarış qərarı əsasında DİN əməkdaşları tərəfindən gətirilib Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyini və borcunu ödəməkdən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Camal Vaqif oğlu izahatında səhhəti ilə bağlı olaraq ödənişi gecikdirdiyini, indiyədək maddi imkanı olmadığı üçün çağırışlara gəlmədiyini və borcu ödəmədiyini, halhazırda borcu bağlamaq üçün maddi imkanının olmadığını, vaxt verilərsə 500 manat ödəniş edə biləcəyini, may ayına qədər borcu tamamilə bağlayacağını bildirmiş, borcunu ödəyəcəyini qeyd edərək ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İsmayılov Camal Vaqif oğlu inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, izahatlar və iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, borclu icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, hüquq normasının sanksiya hissəsində isə qeyd edilir ki, - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda iş üzrə borclu yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfindən bir neçə dəfə telefon zəngi edilərək icra sənədindəki tələbin icra edilməsi tələbi irəli sürülsə də borclu borcunu ödəməmiş, səhhəti ilə bağlı işləyə bilmədiyini və maddi imkanının olmamasını səbəb göstərərək icradan yayınmaqla icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şərur Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı icra vərəqəsinə əsasən cavabdeh İsmayılov Camal Vaqif oğlundan ##.##.2023-cü il tarixli, ******* saylı Müqaviləyə əsasən 2482.4 (iki min dörd yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 173 (bir yüz yetmiş üç) manat cərimə, cəmi 2655.4 (iki min altı yüz əlli beş manat qırx qəpik) manat borc və 52.28 manat ödənilmiş dövlət rüsumunun 43.0 manatı olmaqla, ümumilikdə 2698.4 (iki min altı yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; - ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu İsmayılov Camal Vaqif oğlunun ünvanına göndərilmişdir. - ##.##.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu İsmayılov Camal Vaqif oğlu barəsində axtarış qərarı qəbul olunmuşdur; Məhkəmə baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayılov Camal Vaqif oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, əməlindən peşman olmasını müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs İsmayılov Camal Vaqif oğluna inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs İsmayılov Camal Vaqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş İsmayılov Camal Vaqif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(5-92)-73/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(5-92)-73/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver