Məhkəmə qərarları › İş №3(5-93)-100/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-100/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-100/2026 03.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1 və 539.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, vətəndaş A.Səlimova, A.Baxışova, Ə.Şabanova və O.Abbasovun şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Cəmiyyətə müvafiq olaraq 3-17-5/2-91906/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 87528/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 3-17-5/2-86658/2025 nömrəli xx.xx.2025-ci il tarixli və 3-17-5/2-86561/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktublarda 7 iş günü müddətində müvafiq sənədlər BŞİ tərəfindən tələb edilsə də, 25 dekabr 2025-ci il tarixədək sənədlər natamam təqdim edilib. Belə ki, əmək haqqının hesablanması və ödənilməsi, iş vaxtının uçot cədvəli və son haqq-hesabın hesablanıb ödənilməsi sənədləri təqdim edilməmişdir. Həmçinin, AR ƏM-nin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq A.Səlimova, A.Baxışova, Ə.Şabanov və O.Abbasov xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 4a ünvanında yeləşən Şəxs MMC-də müvafiq olaraq “SMM”, “Dizayner” “Layihə rəhbəri” və “SMM” vəzifələrində əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi Nümayəndə1 protokolu müdafiə edərək, izahatında göstərdi ki, vətəndaşların şikayətləri əsasında araşdırma aparılması üçün MMC-yə müvafiq sorğular verilərək, sənədlər tələb olunmuş, lakin həmin sənədlər təqdim edilməmişdir. Digər tərəfdən, araşdırma ilə adıkeçən şəxslərin əmək müqavilələri qanuni qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmələri faktı da öz təsdiqini tapmışdır. Buna görə də, MMC barəsində hazırki protokol tərtib edilmişdir. Sonda Nümayəndə1 məhkəmədən MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkil) Vəkil izahatında göstərdi ki, protokolda adıçəkilən şəxslərlə mövcud problemlərin səbəbi MMC-nin rəhbəri Murad Nəbiyevə qarşı dələduzluq cinayətinin törədilməsi ilə bağlı yaranmış maliyyə çətinliyi olmuşdur. Lakin, göstərilən faktlarla bağlı Murad Nəbiyev barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib olunmuş, səhv etmirsə, inzibati tənbeh vermə haqqında qərar da qəbul olunmuşdur. Belə olan halda həm MMC-nin rəhbərinin, həm də MMC-nin özünün məsuliyyətə cəlb olunması yolverilməzdir. Sonda Vəkil qərar qəbul edilərkən çıxışında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs MMC-nin İXM-in 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.1 və 539.3-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: - DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-A-86561/2025 saylı məktubda göstərilmişdir ki, X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin (əmək müqaviləsinin surəti; əmək haqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti; vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu)7 iş günü ərzində DƏMX-in Bakı şəhər İdarəsinə təqdim edilməsilə xahiş olunur. - DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-86658/2025 saylı məktubda göstərilmişdir ki, X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin (əmək müqaviləsinin surəti; əmək haqlarının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti; vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu)7 iş günü ərzində DƏMX-in Bakı şəhər İdarəsinə təqdim edilməsilə xahiş olunur. - DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 29 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-87528/2025 saylı məktubda göstərilmişdir ki, X5 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin (əmək müqaviləsi və ya digər müqavilələrin surəti; əmək haqqı hesab cədvəlləri və əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və bank arayışı, sentyabr ayı üzrə); əmək müqaviləsinə xitam verildiyi təqdirdə, son haqq-hesabın hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank arayışı və ya bank çıxarışı); vətəndaşın müraciəti ilə bağlı ətraflı cavab məktubu)7 iş günü ərzində DƏMX-in Bakı şəhər İdarəsinə təqdim edilməsilə xahiş olunur. - DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 09 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-91906/2025 saylı məktubda göstərilmişdir ki, X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin (əmək müqaviləsi və ya digər müqavilələrin surəti; iş vaxtı uçotu cədvəllərinin surəti (avqust, sentyabr), əmək haqqı hesab cədvəlləri və əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və bank arayışı, avqust, sentyabt ayı üzrə); əmək müqaviləsinə xitam verildiyi təqdirdə, son haqq-hesabın hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank arayışı və ya bank çıxarışı); vətəndaşın müraciəti ilə bağlı ətraflı cavab məktubu)7 iş günü ərzində DƏMX-in Bakı şəhər İdarəsinə təqdim edilməsilə xahiş olunur. - Şəxs MMC-nin təsisçisi və icraçı direktoru X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X13, X14, X15, X1 müddətini müvəffəqiyyətlə tamamladıqları üçün Azərbaycan Respublikası qanununa əsasən əmək müqaviləsi ilə, tam ştat və ya yarım ştat olaraq işlə təmin olunması qərara alınmışdır; - Şəxs MMC ilə X9 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmış, O.Abbasov MMC-də “SMM” vəzifəsinə təyin edilmiş və onun xx.xx.2025-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur; - Şəxs MMC ilə X10 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmış, Ə.Şabanova MMC-də “Layihə rəhbəri” vəzifəsinə təyin edilmiş və onun xx.xx.2025-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur; - Şəxs MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmış, A.Baxışova MMC-də “Dizayner” vəzifəsinə təyin edilmiş və onun xx.xx.2025-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur; - Şəxs MMC ilə X11 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmış, A.Səlimova MMC-də “SMM” vəzifəsinə təyin edilmiş və onun xx.xx.2025-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur; - xx.xx.2025-ci il tarixli 2M65PWX0004X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Şəxs MMC ilə X11 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir; - xx.xx.2025-ci il tarixli 281BWME006X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Şəxs MMC ilə X7 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir; - xx.xx.2025-ci il tarixli 57C9ESV0010X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Şəxs MMC ilə X16 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir; - xx.xx.2025-ci il tarixli 8C6XLHX001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Şəxs MMC ilə X8 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. Şəxs MMC barəsində tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş protokolda MMC İXM-nin 2 (192.1 və 539.3) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyindən, məhkəmə hər 2 maddəyə ayrı-ayrılıqda münasibət bildirilməsini məqsədəuyğun hesab edir. İXM-nin 192.1-ci maddəsi üzrə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu Məcəllənin 52ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. İXM-nin 191.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Şəxs MMC-nin təsisçisi və icraçı direktoru X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla X13, X14, X15, X1 müddətini müvəffəqiyyətlə tamamladıqları üçün Azərbaycan Respublikası qanununa əsasən əmək müqaviləsi ilə, tam ştat və ya yarım ştat olaraq işlə təmin olunması qərara alınmış, xx.xx.2025-ci il tarixdə isə adları çəkilən şəxslərlə əmək müqavilələri bağlanmışdır. Göründüyü kimi X13, X14, X16, X7 xx.xx.2025-ci il tarixədək hər hansı əmək müqaviləsi bağlanmadan Şəxs MMC-də sınaq müddəti ilə işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bundan 8 gün sonra isə sözügedən işçilərlə əmək müqavilələri bağlanılmışdır. Bu hal işin mübahisəsiz halıdır. Belə ki, Şəxs MMC-nin rəhbəri X12 DƏMX-ə ünvanladığı 25 dekabr 2025-ci il tarixli “izahat”da göstərmişdir ki, qeyd olunan 4 nəfər işçi ilkin olaraq iki həftəlik sınaq müddəti ilə iş prosesinə cəlb edilmiş, sınaq müddəti xx.xx.2025-ci il tarixdə başa çatmış və həmin tarixdən etibarən işçilər faktiki olaraq işə başlamışlar. xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə həmin işçilər faktiki olaraq işləsələr də, bu dövtdə əmək müqaviləsi hələ rəsmiləşdirilməmişdir. xx.xx.2025-ci il tarixdə hər 4 işçi ilə əmək müqaviləsi bağlanmış, rəsmiləşdirilmişdir. Əmək müqavilələrinin gec rəsmiləşdirilməsinin əsas səbəblərindən biri onun (Murad Nəbiyevin) həmin dövrdə xaricdə olması olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-ni nümayəndəsi də bu halı mübahisələndirilmiş, yuxarıda qeyd olunan işçilərlə yaranmış problemləri MMC-nin direktorunun dələduzluqla üzləşməsi ilə əlaqələndirmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi bağlandıqda yaranır, habelə hər hansı işçinin sınaq müddəti ilə də olsa işlərin yerinə yetirilməsinə cəlb edilməsi tərəflər arasında əmək müqaviləsi bağlanmaqla və sınaq müddəti müvafiq əmək müqaviləsində təsbit olunmaqla həyata keçirilməlidir. Beləliklə, iş materialları və məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarına əsasən müəyyən edilmişdir ki, X13, X14, X15 və X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Bu hal isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibini yaradır. İXM-nin 539.3-cü maddəsi üzrə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İXM-nin 539.3-cü maddəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı sorğular göndərilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, MMC isə tələb olunan sənədlərin tam təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, habelə məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi protokolu həmin hissədə mübahisələndirməmişdir. Belə olan halda məhkəmə protokolun həmin hissədə də əsaslı olması qənaətinə gələrək, hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunduğu halda, MMC-nin də hüquqi şəxs qismində məsuliyyətə cəlb olunmasının yolverilməz olması ilə bağlı dediklərinə münasibət bildirilməsini zəruri sayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2023-cü il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Həmin Qərara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Sadalananlara əsasən məhkəmə o qənaətə gəlir ki, vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunduğu halda, MMC-nin də hüquqi şəxs qismində məsuliyyətə cəlb olunmasının yolverilməz olması ilə bağlı MMC-nin nümayəndəsinin gətirdiyi dəlillər əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 192.1-ci və 539.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır, MMC-nin həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetir. Həmçinin, MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, Şəxs MMC inzibati məsuliyyətinə cəlb edilməli və barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 192.1-ci və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, habelə İXM-in 18, 34.3, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 192.1-ci maddəsinin sanksiyası həddində 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar