Məhkəmə qərarları › İş №3(5-93)-1002/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1002/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1002/2026 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətməsinə dair 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 02 fevral 2026-cı il tarixdə saat 13:15-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar cərrahi iş və fəaliyyət, praktiki tibb fəaliyyətinə buraxılması faktı aşkar olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, praktiki tibb fəaliyyəti ilə məşğul olan X4 diplomunu aldığı vaxtdan 5 il keçdiyi üçün, o, sertifikasiyadan keçərək, sertifikasiya şəhadətnaməsi və daha sonra, lisenziya şəhadətnaməsi alaraq, həkim kimi fəaliyyət göstərə bilərdi. Eyni zamanda klinikada cərrahi əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulan stomotoloji avadanlıqlar aşkar edilmişdir. Halbuki, klinikanın cərrahi əməliyyatlar həyata keçirməsi üçün lisenziyası yoxdur. Odur ki, Şəxs MMC-nin İXM-in 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü, 215.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən protokol ilə razı deyil, hesab edir ki, protokol qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati tənbehin verilməsi nəzərdə tutulmuşdur. Bu maddə üzrə protokolun tərtib edilməsinə əsas səbəb kimi göstərilmişdir ki, "xxxx" MMC-də həkim stomotoloq kimi çalışan X1 keçmədən praktiki özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Lakin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 07 aprel 2021-ci il tarixdə X5 Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə (şəhadətnamə nömrəsi 02861) verilmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında da Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən dəfələrlə qeyd edilmişdir ki, şəhadətnamənin qüvvədə olma müddəti 5 (beş) ildir. Bu nöqteyi nəzərdən yanaşsaq belə, X5 07 aprel 2021-ci il tarixdə verilmiş Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamənin 5 il müddəti tamam olmamış, yəni şəhadətnamə hələ də qüvvədədir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 26 noyabr tarixli 344 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydalarının 2.1-ci maddəsində Tibb mütəxəssislərinin sertifikasiyasının Nazirliyin Elmi-Tibbi Şurası və Tibb Müəssisələrinin Akkreditasiyası və X3 tərəfindən (bundan sonra - Mərkəz) həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Qaydaların 2.2.2-ci bəndində Mərkəzin sertifikasiya sahəsində vəzifələrindən biri şəhadətnamənin etibarlılıq müddətinin bitməsinə 6 (altı) ay qalmış VSİS vasitəsilə tibb mütəxəssisinə və işlədiyi halda çalışdığı tibb və əczaçılıq müəssisəsinə xəbərdarlıq göndərməsi müəyyən edilsə də, Mərkəz tərəfindən nə X5, nə də ki Şəxs MMC məlumat göndərilməmişdir. Həmçinin həmin Qaydaların 2.2.3-cü bəndində Mərkəzin sertifikasiya sahəsində vəzifələrindən digəri isə şəhadətnaməsinin etibarlılıq müddəti bitmiş tibb mütəxəssisləri barədə dövlət və qeyri-dövlət tibb və əczaçılıq müəssisələrini məlumatlandırmaq müəyyən edilsə də, Mərkəz tərəfindən Şəxs MMC-yə heç bir məlumat göndərilməmişdir. Protokolda qeyd edilən 2-ci məsələ maddəsində Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati tənbehin verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı bildirir ki, İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC -yə verilmiş 16 mart 2018-ci il tarixli İN/h-272/2018 saylı Lisenziyada "xxxx" MMC-yə özəl tibb fəaliyyəti göstərməsi üçün icazə verilmişdir. X2 özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə Stomotologiya: Terapevtik stomotoloji və Ortopedik stomotoloji işlərin görülməsi müəyyən edilmişdir. "xxxx" MMC-də özəl tibb fəaliyyəti sahəsində ona verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyət həyata keçirilməmişdir. Yoxlama aktında qeyd edilmiş tibbi alət olan kəlbətinin və ya elevator aşkar olunması o demək deyil ki, "xxxx" MMC-də hər hansı bir cərrahi iş görülür və lisenziyadan kənar tibbi fəaliyyət mövcuddur. Hesab edir ki, bu məsələ ilə bağlı tərtib edilmiş sənədlərdə iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi müəyyən edilir və yalnız mülahizəyə əsaslanıb (yalnız kəlbətinə istinad olunub). Odur ki göstərilənlərin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 28 yanvar 2026-cı il tarixli, KY262485304 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan subyekt Şəxs MMC, yoxlamanın müddəti xx.xx.2026-xx.xx.2026, yoxlanılan dövr cari fəaliyyətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandanlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 26 yanvar 2026-cı il tarixli, 3-28-1/3- 2-131/2026 nömrəli qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə keçiriləcək planlı (növbəti) yoxlama barədə məlumat Şəxs MMC-yə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, T-036 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-də lisenziya şərtlərinə riayət olunmaması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edilməməsi və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi faktı aşkar edilmişdir. xx.xx.2018-ci il tarixli, İN/h-272/2018 nömrəli Lisenziya və ona əlavədən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməsi üçün icazə verilmişdir. Özəl tibb fəlaiyyətinin ambulator tibbi xidməti üzrə görülməsinı icazə verilən işlərin siyahısı: stomatologiya, ortopedik stomatoloji, terapevtik stomatoloji. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişindən görünür ki, X6 Şəxs MMCdə əmək müqaviləsi üzrə həkim-stomatoloq kimi fəaliyyət göstərir. 07 aprel 2021-ci il tarixli “Tibbi və Əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə” 02861 saylı şəhadətnamədən görünür ki, X6 baza ali tibb təhsili “Stomatologiya” ixtisası üzrə tibbi(əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. Şəhadətnamə 07 aprel 2021-ci il tarixdə verilmişdir. 000527 saylı 08 avqust 2020-ci il tarixli dilomun surətindən görünür ki, Yəhya abbasov stomatologiya ixtisası üzrə doktorluq dərəcəsi almışdır. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətməsinə dair 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda lisenziyadan kənar cərrahi iş və fəaliyyət göstərilməsi, həmçinin işçi X6 tərəfindən sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı göstərilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Tibbi Əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə 02861 nömrəli şəhadətnamədən görünür ki, X6 “Stomatologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər və şəhadətnamə 07 aprel 2021-ci il tarixində verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında işçinin sertifikasiyadan keçmədən 5 il müddətində həkim kimi fəaliyyət göstərməsi üçün nəzərdə tutulan müddət axımının əvvəli şəhadətnamənin alındığı vaxtdan deyil, diplomun alındığı xx.xx.2020-ci il tarixdə hesablanmalı olduğunu göstərsə də, məhkəmə bu mövqe ilə razılaşmır. Belə ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli fərmanının 1.5.8-ci bəndinə əsasən, tanınma şəhadətnaməsi - “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəddir. Həmin Fərmanın 1.5.9-cu bəndinə əsasən, tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. Həmin Fərmanın 7.8.5-ci bəndinə əsasən, tanınmanın verdiyi hüquqlar: 7.8.5.1. təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir; 7.8.5.2. təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir; 7.8.5.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir; 7.8.5.4. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verir; 7.8.5.5. peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir; 7.8.6. şəhadətnamənin verildiyi tarix (sistem tərəfindən verilir). Qanunvericiliyin məzmunundan görünür ki, tanınma haqqında şəhadətnamə şəxsə peşə ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Göründüyü kimi, X6 “Stomatologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul olmaq hüququ 07 aprel 2021-ci il tarixində verilmişdir və yoxlamanın həyata keçirildiyi xx.xx.2026-xx.xx.2026 tarixlərində şəhadətnamənin 5 il müddəti tamam olmamışdır, yəni şəhadətnamə qüvvədə olmuşdur. Bundan başqa, məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən yoxlama keçirilən zaman tibb müəssisəsində cərrahi əməliyyatların həyata keçirilməsi zamanı istifadə edilən alətlərin aşkar edildiyini və bu səbəbdən inzibati xəta haqqında protokolda hüquqi şəxs tərəfindən lisenziyadan kənar cərrahi əməliyyatların həyaat keçirilməsinin göstərildiyini bildirmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi sözügedən yoxlama keçirilən zaman tibb müəssisəsində cərrahi əməliyyatların həyata keçirilməsi zamanı istifadə edilən alətlərin aşkar edildiyini bildirsə də, sözügedən tibbi alətlər ilə cərrahi əməliyyatın həyata keçirilməsini təsdiq edəcək hər hansı bir sübut inzibati xəta haqqında protokola əlavə edilməmiş, eyni zamanda məhkəmə iclasında da təqdim edilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun tərtib olunmasına hər hansı əsas olmamış, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tərkib əlamətləri olmadığından iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar