Məhkəmə qərarları › İş №3(5-93)-102/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-102/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-102/2026 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32456476 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Baki Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-3454/2025 nömrəli qərardadına əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32456476 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şikayət verən X2 bildirmişdir ki, idarə etdiyi ** KA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun adına qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində Səbail rayonu İzzət Nəbiyev küçəsindən (tş1-123) X5 klubunun yerləşdiyi yola avtomobili ilə dönüş etmişdir (Parlament prospekti istiqamətində). Nəticədə İXM-in 327.2-ci maddəsinin “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması barədə o, 100 manat cərimə edilmişdir (EQ 32456476 nömrəli protokol). Qeyd edir ki, həmin yol uzun illər ikitərəfli olub, noyabrın sonunda isə hərəkət birtərəfli edilmişdir. Bildirir ki, cərimə məbləği onun ailə büdcəsi üçün çoxdur və gözlənilməzdir. Ümumiyyətlə, ölkəmizdə minimum əmək haqqının 400 manat olmasını nəzərə alaraq, bu cür yüksək cərimələr vətəndaşlar üçün çətinliklər yaradır. Nəzərə alınsa ki, həmin yolun birtərəfli olmasına sürücülər öyrəşməyib, cərimə məbləğinin 2-3 dəfə az olması və mərhələli şəkildə artması daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32456476 nömrəli qərarının ləğv edilməsini və digər sosial iş ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32456476 nömrəli inzibati tənbeh haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 22:22-də Səbail rayonu, İ.Nəbiyev küçəsində “Nisan Tida” markalı 99KA277 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti əsassız hesab edir və gəldiyi qənaətini onunla əsaslandırır ki Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 32456476 nömrəli inzibati tənbeh haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması inzibati xəta hesab edilir və bu pozuntuya görə yüz manat məbləğində cərimə tətbiq olunur. Sözügedən norma imperativ xarakter daşıyır və sanksiyanın azaldılması, habelə digər inzibati tənbeh növü ilə əvəz edilməsi imkanını nəzərdə tutmur. Şikayətçi öz izahatında faktiki olaraq göstərilən pozuntunu törətdiyini inkar etmir, yəni “Giriş qadağandır” yol nişanının tələblərinə əməl etmədiyini təsdiq edir. Bu isə inzibati xətanın tərkibinin tam formalaşdığını və inzibati məsuliyyətin yaranması üçün zəruri hüquqi əsasların mövcud olduğunu göstərir. Hazırkı iş üzrə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul edilmiş, pozuntu faktı fotoşəkillərlə sübuta yetirilmiş və tətbiq edilən sanksiya qanunda birbaşa nəzərdə tutulmuşdur. Bu səbəbdən qərarın ləğvi üçün hüquqi əsas mövcud deyildir. Şikayətçinin yolun əvvəllər ikitərəfli olması, sonradan birtərəfli hərəkətə keçirilməsi, eləcə də sürücülərin buna alışmaması ilə bağlı arqumentləri hüquqi əhəmiyyət daşımır. Yol nişanları yol hərəkətinin mövcud təşkilini göstərir və sürücünün əsas vəzifəsi həmin nişanların tələblərinə əməl etməkdir. Subyektiv vərdişlər və ya əvvəlki hərəkət rejimi inzibati məsuliyyəti aradan qaldırmır. Həmçinin, cərimə məbləğinin ailə büdcəsi üçün ağır olması, minimum əmək haqqı ilə müqayisə edilməsi və mərhələli tətbiq edilməsi barədə irəli sürülən fikirlər hüquqi deyil, qanunvericilik təşəbbüsü xarakteri daşıyır və məhkəmənin səlahiyyətlərinə aid deyildir. Məhkəmə mövcud qanunvericiliyi tətbiq edir və sanksiyanı dəyişdirmək hüququna malik deyil. Eyni zamanda, şikayətçinin inzibati cərimənin sosial işlə əvəz edilməsi barədə tələbi də qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə alternativ inzibati tənbeh növünün tətbiqi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32456476 nömrəli qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32456476 nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar