Məhkəmə qərarları › İş №3(5-93)-1055/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1055/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1055/2026 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxsin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 nömrəli icra sənədinə əsasən, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinə cavabdehlər X4 və Şəxs hesabına olmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi X3 yaradılmış maneələr aradan qaldırılmalıdır. Qeyd edilən icra sənədi ilə bağlı bir neçə icra hərəkəti yerinə yetirilmiş, lakin icra sənədində qeyd edilən tələbi icra etmək mümkün olmamışdır. Sonuncu dəfə 2023-cü ilin mart ayında həmin ərazidə olarkən orada əkilmiş bitkilər kəsilmiş, bundan sonra icra iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Lakin məhkəmə tərəfindən həmin qərar ləğv edildiyi üçün icra tədbirləri davam etdirilmişdir. Bundan sonra bir neçə dəfə icra hərəkətlərinin yerinə yetirilməsinə baxmayaraq icra sənədində qeyd edilən tələbi icra etmək mümkün olmamışdır. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixə icra hərəkətlərinin keçirilməsi ilə bağlı təyin etmə məktubu göndərilmiş, lakin Şəxs həmin məktubu gec aldığı üçün icra hərəkətləri təxirə salınmışdır. Bundan sonra Şəxs izahatı alınmış, tələbi könüllü icra etməli olduğu bildirilmiş, sonuncu isə maddi imkanına görə tələbi icra edə bilməyəcəyini demişdir. Bununla bağlı Şəxs barəsindən 2025-ci ilin sentyabr ayında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə icra məmuru tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında qərar ləğv edildikdən sonra icra məmuru Nəbi Allahverdiyev tərəfindən icra sənədinin icrası xx.xx.2025-ci il tarixə təyin edilsə də, həmin bildiriş onun ünvanına xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. O, bununla bağlı sübutlarını xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. 2023-cü ildə tələbkar tərəfindən qeyd edilən ərazidə kəsilərkən əraziyə polis əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarında kol bitkilərinin çıxarılmaqla torpaq sahəsinin boşaldılması qeyd edilmiş, lakin mülkiyyətçi tərəfindən torpaq sahəsində olan 20 ədəd kol bitkiləri və əlavə olaraq 20 ədəd ağac kəsilərək məhv edilmişdir. Faktla bağlı akt tərtib olunaraq yaşıllığa dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, eyni zamanda götürülmüş yaşıllıqların yerində yeni tinglərin əkilərək aqrotexniki qulluq göstərilməsi və mühafizə edilərək qorunub saxlanılması üçün Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə, həmçinin sözügedən ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə ərazinin yaşıllıq sahəsi olduğunun nəzərə alınması üçün Binəqədi Rayon icra Hakimiyyətinə, Binəqədi Rayon Binəqədi qəsəbə bələdiyyəsinə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin tabeliyində olan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktublar göndərilmişdir. Tələbkar qeyd edilən torpaq sahəsini 2017-ci ildə almış, lakin həmin ərazidə olan ağac və kol bitkiləri alınarkən artıq həmin ərazidə olmuş, sonradan əkilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan o, həmin ərazidə olan heç bir ağacı kəsə bilməz. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, icra sənədinin icrası ilə bağlı heç bir maneə törətməmişdir. xx.xx.2025-ci il tarixdən sonra icra məmuru icra sənədinin icrası ilə bağlı onun iştirakı ilə heç bir hərəkət etməmişdir.Qeyd edilənləri nəzərə alaraq məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən icra hərəkətlərinin icrası dəfələrlə maneçilik törədilmiş və bununla bağlı aktlar tərtib edilmişdir. Onun tərəfindən əraziyə çağırılmış ustalar Bahar Əİiyeva tərəfindən döyülmüş, ailə üzvləri tərəfindən təhqir olunmuşdur. Torpaq sahəsi onun mülkiyyətində, lakin cavabdeh tərəfindən həmin əraziyə yaşıllıqlar əkilmişdir. O, həmin ərazi hasara almaq istəsə də ona maneələr törədilmişdir. O, faktiki olaraq mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. O, Şəxs tərəfindən ona məxsus ərazidən kol bitkilərinin çıxarılmasını, ərazinin boşaldılmasını tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin nömrəli icra sənədindən görünür ki, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinə cavabdehlər X4 və Şəxs tərəfindən əkilmiş kol bitkiləri cavabdehlər X4 və Şəxs hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və həmin sahədən istifadəyə mülkiyyətçi X3 yaradılmış maneələr aradan qaldırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-911/2023 nömrəli qərardan görünür ki, X4 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin qərarında kol bitkilərinin çıxarılmaqla torpaq sahəsinin boşaldılması qeyd edilmiş, lakin mülkiyyətçi tərəfindən sözügedən torpaq sahəsində olan 20 ədəd kol bitkiləri və əlavə olaraq 20 ədəd ağaclar kəsilərək məhv edilmişdir. Faktla bağlı akt tərtib olunaraq yaşıllığa dəymiş ziyan hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-88/2024 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş 06 mart 2023-cü il tarixli "icraata xitam verilməsi” haqqında qərar ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərarın və bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 nömrəli icra sənədi üzrə icraata başlanmış və borcluya icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1043/2018 saylı, qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 nömrəli qətnaməsinə izah verilərək qeyd edilmişdir ki, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsində mülkiyyətçi tərəfindən hasarın inşa edilməsinı yaradılan maneələr Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 saylı qətnaməsində qeyd olunan mülkiyyətçi X3 torpaq sahəsindən istifadəyə yaradılmış maneələrdən biri olaraq qəbul edilməlidir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1043/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,015 ha torpaq sahəsində olmuşlar. Ərazidə olarkən tələbkarın nümayəndəsi (oğlu) Fuad Quliyevlə əlaqə saxlanılmış və o, hal-hazırda ağacları və kol bitkiləri çıxarmaq üçün işçi qüvvəsinin olmadığını və bu səbəbdən təyin olunmuş icranın təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh X6 ilə telefon əlaqəsi yaradılmış, o, atasının xəstə olduğunu və özünün də maddi vəziyyətinin zəif olduğunu əsas gətirərək həmin bitkiləri ərazidən təmizləyə bilməyəcəyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-7180/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 nömrəli icra sənədində X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3A saylı binanın yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinə cavabdehlər X4 və Şəxs tərəfindən əkilmiş kol bitkilərinin cavabdehlər X4 və Şəxs hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılması, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadəyə mülkiyyətçi X3 yaradılmış maneələr aradan qaldırılmalı olmalı qeyd edilmiş, Şəxs qeyd edilən torpaq sahəsində olan kol bitkilərinin və ağacların həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilməmişdən əvvəl əkildiyini, torpaq sahəsi xüsusi mülkiyyətə verildikdən sonra orada hər hansı kol bitkisi və ağac əkmədiklərini, icra sənədinin icrası ilə bağlı heç bir maneə törətmədiyini bildirmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar olaraq əraziyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi dəvət olunaraq hansı bitkilərin çıxarılması üçün müvafiq icazə alınmalı olması, hansı bitkilərin çıxarılması üçün icazə tələb olunmadığı müəyyən edilməmişdir. Bundan əlavə Şəxs əməllərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3(001)-7180/2025 nömrəli qərar qəbul edilmiş, həmin tarixdən sonra icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı icra hərəkəti yerinə yetirilmədən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi məhkəmədə Şəxs tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1043/2018 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi və ya icra sənədinin icrası ilə əlaqədar icra məmurunun digər qanuni tələblərin yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar