Məhkəmə qərarları › İş №3(5-93)-1057/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1057/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1057/2026 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, İcra sənədi üzrə tələbkarlar "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə4, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi (vəkil) Nümayəndə1, Zərərçəkmiş şəxs1 (MMC) nümayəndəsi Nümayəndə3 və Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Vəzifəli şəxs qismində "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 3(103)-1955/2023 saylı (birinci) icra sənədinə əsasən, "xxxx" MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5418,5 Avro məbləğində (qərar çıxarılan günü manata olan məzənnə ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 04 noyabr 2023-cü il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2-2(113)-1107/2023 saylı (ikinci) icra sənədinə əsasən, Zərərçəkmiş şəxs2 Şirkətinin Azərbaycan Respublikaısndakı filialı və "xxxx" MMC arasında mediasiya prosesi nəticəsində bağlanmış 25 oktyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, sazişin şərtlərindən birinə əsasən, "xxxx" MMC tələb olunun 108825 ABŞ dolları məbləğində pulu 01 yanvar 2023-cü il tarixədək tam olaraq Zərərçəkmiş şəxs2 Şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2023-cü il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, e-2-2(113)-1107/2024 saylı (üçüncü) icra sənədinə əsasən, cavabdeh "xxxx" MMC-dən ümumilikdə 4120,59 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilməsi qərara alınmışdır. 23 iyul 2024-cü il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(113)-1630/2024 saylı (dördüncü) icra sənədinə əsasən, ümumilikdə 21702,56 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsi qərara alınmışdır. 17 oktyabr 2024-cü il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5262/2024 saylı (beşinci) icra sənədinə əsasən, ümumilikdə 6381,57 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun 122,55 manat hissəsinin "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. 10 yanvar 2025-ci il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(113)-506/2024 saylı (altıncı) icra sənədinə əsasən, ümumilikdə 297788 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq "xxxx" Birgə Müəssisəsinə ödənilməsi qərara alınmışdır. 06 fevral 2025-ci il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-4361/2024 saylı (yeddinci) icra sənədinə əsasən, cəmi 42570 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 217,71 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs6 MMC-yə ödənilməsi qərara alınmışdır. 05 aprel 2025-ci il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-16(113)-767/2025 saylı (səkkizinci) icra sənədinə əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankı və "xxxx" MMC arasında imzalanmış 24 iyun 2020-ci il tarixli və 02 iyul 2021-ci il tarixli girov müqavilələri üzrə “cəmi 16000000 (on altı milyon) dəyərində) dövriyyədə olan əmlakın özgəninkiləşdirilməsi "xxxx" MMC-yə qadağan edilmişdir. 28 avqust 2025-ci il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(103)-2653/2025 saylı (doqquzuncu) icra sənədinə əsasən, 500 manat məbləğində pul vəsaitinin "xxxx" MMCdən tutularaq Zərərçəkmiş şəxs8 ödənilməsi qərara alınmışdır. 15 oktyabr 2025-ci il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 3(001)- 7429/2025 saylı (onuncu) icra sənədinə əsasən, "xxxx" MMC İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 13 noyabr 2025-ci il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2-2(113)-5220/2025 saylı (on birinci) icra sənədinə əsasən, 15000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq "xxxx" Birgə Müəssisəsinə verilməsi qərara alınmışdır. 27 yanvar 2026-cı il tarixdə icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 "xxxx" MMC-nin direktoru Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 05 fevral 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edərək, baxılması üçün məhkəməyə təqdim etmişdir. Protokol onunla əsaslandırılmışdır ki, borclu 7 icra sənədi üzrə cəmi 383973,6 manat, 2 icra sənədi üzrə cəmi 115206,57 ABŞ dolları, 1 icra sənədi üzrə 5418,5 Avro məbləğində pul vəsaitini ödəməmiş, 1 icra sənədi üzrə isə 16000000 manat dəyərində əmlakın özgəninkiləşdirilməsi barədə qadağaya məhəl qoymamışdır. Məhkəmə iclasında icra məmuru Ə.Q.Hüseynov protokolu müdafiə etdiyini bildirərək, çıxışında göstərdi ki, hər bir icra sənədi icraata daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar qəbul olunmuş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Məcburi icra tədbirləri kimi borclunun bir sıra bank hesabları üzərinə həbs qoyulmuş, inkasso sərəncamları verilmişdir. Lakin, heç bir bank hesabında pul vəsaiti aşkar edilməmişdir. 17 mart 2025-ci il tarixli qərarla beşinci, altıncı icra sənədlərinin icrası ilə bağlı olaraq "xxxx" MMC-yə məxsus bir neçə avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Digər tərəfdən, səkkizinci icra sənədinin icratının təmin olunması məqsədilə 18 dekabr 2025-ci il tarixdə əmlakın özgəninkiləşdirilməməsi ilə bağlı X1 yazılı iltizam alınmışdır. Buna baxmayaraq, 05 fevral 2026-cı il tarixdə dövriyyədə olan malların topdan və pərakəndə satışının həyata keçirildiyi müəyyən olunmuşdur. 02 fevral 2026-cı il tarixli qərarla hər 11 icra sənədi bir icraatda birləşdirilmişdir. Hazırki vəziyyət ondan ibarətdir ki, Şəxs vəzifəli şəxs olaraq heç bir icra sənədində göstərilən tələbi icra etməmiş, məhkəmənin müvəqqəti təminat tədbiri ilə bağlı qərardadında göstərilənlərə əməl etməmişdir. "xxxx" MMC-nin mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulsa da, şirkət avtomobilləri də təqdim etməkdən yayınır, beləliklə də məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınır. Buna görə də, barəsində hazırki protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə4 icra məmurunun dedikləri ilə razı olduğunu, indiyədək onlara heç bir ödəniş olunmadığını bildirib, şirkət rəhbərinin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə ilcasında Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi (vəkil) Nümayəndə1 izahatında göstərdi ki, məhkəmə qərardadına əsasən, "xxxx" MMC-nin dövriyyədə olan 16000000 manat dəyərində olan mallarının özgəninkiləşdirilməsi qadağan edilməsinə baxmayaraq, onlar icra məmurunun iştirakı ilə MMC-nin fəaliyyət göstərdikləri ünvanda olarkən mallarla bağlı alğı-satqının dayandırılmadığı aşkar edilmiş, çəkiliş aparılmışdır. Şirkətin nümayəndəsi özü də etiraf etmişdir ki, satışın dayandırılması işçilərin əməkhaqqının ödənilməməsi və digər mənfi nəticələrə səbəb olacağından satış işi davam etdirilir. Sonda Nümayəndə1 Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 (MMC) nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, təmsil etdiyi şirkət tərəfindən "xxxx" MMC-yə yük daşımaları xidməti göstərilməsinə baxmayaraq, 21702,56 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. O da Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə2 da icra məmurunun bildirdikləri ilə razı olduğunu qeyd edib, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə icra məmurunun, habelə tələbkarların nümayəndələrinin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə qeyd edir ki, qüvvədə olan 11 ayrı icra sənədi mövcuddur, bu icra sənədlərindən ikisi üzrə inzibati cərimə "xxxx" MMC-dən tutularaq dövlət nəfinə, səkkizi üzrə pul vəsaiti tutularaq tələbkar hüquqi və fiziki şəxslərə ödənilməli, bir icra sənədinə üzrə isə əmlakın özgəninkiləşdirilməsi dayandırılmalıdır. Məhkəmə baxışında iştirak etmiş şəxslərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan məhkəmə qərarları icra olunmamışdır. Belə ki, 10 icra sənədi üzrə ödənilməli pul vəsaitləri üzrə heç bir ödəniş həyata keçirilməmiş, digər tərəfdən, müvəqqəti təminat tədibirinin tətbiqi ilə bağlı icra sənədi isə qərəzli şəkildə icra olunmamışdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMCnin direktoru, vəzifəli şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Buna görə də, əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə vəzifəli şəxs kimi Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs qismində Şəxs inzibati məsuliyyətə cəlb ediliməli və barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar