Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1066/2026 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Balakən rayonu, Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Balakən rayon X6 X8 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X3 məhkəməyə müraciət edərək, Balakən rayon X6 X8 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, avtomobilinə quraşdırdığı avadanlıq texniki qaydaları pozmamaqla sadəcə vizual görüntü üçündür. Əgər onu belə bir inzibati xətaya görə tənbeh etmək istəyirlərsə əsaslandırmalıdırlar ki, o avadanlıq əlavə avadanlıqdırmı, ya yox və maşında hansı texniki təhlükəsizliyi pozmaqdadır.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilmiş, səlahiyyətli nümayəndə bildirmişdir ki, uzaq məsafə ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəkdir, lakin WhatsApp vasitəsilə görüntülü əlaqə yaradılmağa icazə verilərsə prosesə qoşularaq sualları cavablandıra, o cümlədən qəbul etdiyi qərarı əsaslandıra bilər. Məhkəmənin 23 fevral 2026-cı il tarixli iclasında proses iştirakçısının fikri də nəzərə alınmaqla Balakən rayon X6 Yol Polisi Xidmətinin inspektoru Polis Baş X1 ilə WhatsApp vasitəsilə görüntülü əlaqə saxlanılmış, Məmmədzadə Murad bildirmişdir ki, tənbeh tətbiq edilməsinə əsas vətəndaş X3 tərəfindən maşının təkərlərinin üzərinə əlavə avadanlıq quraşdırılması olmuşdur. Həmin avadanlıq vətəndaşın öz yanında maşından sökülmüş, barəsində isə protokol tərtib edilmişdir. Həmin avadanlığın hansı texniki təhlükəsizlik qaydalarına zidd olması sualına isə cavab verərək bildirmişdir ki, qeyd edilən avadanlıq təkərlərin üstündə diskə bərkidildiyindən və zavod istehsalında həmin əlavə qurğunun yerləşdirilməsi nəzərdə tutulmadığından maşın sağa və sola hərəkətdə olarkən maşının hərəkətinə maneə törətməklə yanaşı, qəza vəziyyətinə də səbəb olmaqdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. Balakən rayon X6 X8 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə saat 14:03-də Balakən rayonu ərazisində “BMW 320D” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
6. Belə ki, iş materialları şikayət vermiş şəxsin inzibati xəta ilə bağlı izahatı ilə birgə nəzərdən keçirilərək müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X2 inzibati xəta törətməməsi kimi şikayətində göstərdiyi fikirlər toplanmış sübutlarla təkzib edilir. X3 şikayətində məhkəmə iclasında verdiyi izahatında heç bir bir qanuni tələbi pozmadığını, Balakən rayonunda nəqliyyat vasitəsini idarə etdiyi zaman hər hansı qanun pozuntusuna yol vermədiyini, barəsində qanunsuz və əsassız olaraq protokol tərtib edildiyini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol Hərəkəti haqqında” Qanunda “spacer quraşdırılması” ilə bağlı birbaşa qadağanedici norma və ya ayrıca məsuliyyət nəzərdə tutulmadığını, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik iddiasının yalnız müvafiq texniki ekspertiza ilə təsdiq oluna biləcəyini, nəqliyyat vasitəsinə quraşdırılmış təkər aralayıcı (spacer) detalları ilə bağlı rəsmi servis mərkəzi olan "xxxx" MMC tərəfindən təqdim edilmiş rəsmi texniki təsdiq sənədinin mövcud olduğunu, həmin sənəddə avtomobilə quraşdırılmış təkər aralayıcının (spacerin) nəqliyyat vasitəsinin konstruksiyasına zərər vurmadığını, bunun istehsalçı tələblərinə zidd olmadığını və yol hərəkəti təhlükəsizliyinə hər hansı risk yaratmadığını bildirmişdir.
7. Qeyd edilməlidir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsinin zavod tərəfindən müəyyən edilmiş texniki parametrlərindən kənara çıxan hər hansı əlavə, o cümlədən təkər bazasının genişləndirilməsi üçün istifadə olunan təkər aralayıcılar (spacerlər) qanunsuz hesab olunur və bu müvafiq qanunun tələblərinə əsasən konstruksiya dəyişkliyi hesab olunur. Belə olan halda aydın olur ki, qüvvədə olan qanunvericilk avtomobilə quraşdırılmış avadanlığın avtomobilin konstruksiyasına zərər vurmaması, istehsalçının tələblərinə zidd olmaması, eləcə də yol hərəkəti təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsi ilə yanaşı, normativ tələblərə uyğunluğunu müəyyən edir. Çünki avadanlığın quraşdırılması və ya dəyişdirilməsi istehsalçı zavodun sənədlərinə, həmçinin yol hərəkətinin təhlükəsizliyi qaydalarına uyğun olmalıdır. Bunun üçün isə əsas sənədləşmə, yəni həmin avadanlağın quraşdırılması və ya dəyişdirilməsi zamanı texniki baxış və qeydiyyat zamanı avadanlığın qanuniliyini təsdiq edən sənədlər əsas götürülür. Qanunvericilik məhz həmin sənədləşmənin olmamasını normativ tələbin pozulması kimi qəbul edir. Bundan başqa məhkəmə X3 tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən tərtib edilmiş sənədə münasibət bildirərək qeyd etmək istəyir ki, həmin sənəd quraşdırılan avadanlığın əlavə avadanlıq olub-olmamasının göstəricisi deyildir.
8. İXM-in 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.
10. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Balakən rayon X6 X8 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 Balakən rayon X6 X8 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova