Məhkəmə qərarları › İş №3(5-93)-1097/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1097/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1097/2026 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı olaraq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X10 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X12 anaları X8 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X11, 24. xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat miqdarında aliment Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. Şəxs icra sənədi üzrə 15486 manat ödəniş etmiş və hal-hazırda qalan borcu 2139 manat təşkil edir. Borclu son aylarda səhhəti ilə bağlı ödəniş etməkdə çətinlik çəksə də, əvvəllər daimi olaraq ödənişlər həyata keçirmişdir. 24 yanvar 2026-cı il tarixdə X7 18 yaşı tamam olduğu üçün Şəxs bundan sonra 2 övladına görə ödəniş edəcəkdir. Ona görə də, inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır və belə bir niyyəti də yoxdur. Ümumilikdə icra sənədi üzrə 15000 manatdan çox ödəniş etmişdir və hazırda aliment borcu 2139 manat təkil edir. Özü "xxxx" MMC-də satıcı vəzifəsində işləyir və 400 manat rəsmi əmək haqqı alır. Rəsmi əmək haqqından əlavə 200-250 manat gəliri də olur. Buna baxmayaraq aliment ödənişlərini mütəmadi ödəməyə çalışır. Onun icra sənədi üzrə aliment ödənişini icra etməkdən yayınmaq kimi bir niyyəti yoxdur. Sadəcə aldığı əmək haqqı aylıq aliment ödənişindən az olduğu üçün aliment borcunu tam şəkildə ödəyə bilmir. Qeyd edilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11, 24. xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat miqdarında aliment Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4865/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı icra vərəqəsinə münasibətdə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-1038/2025 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı qətnaməsi ilə 13 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X1 xeyrinə sabit pul məbləğində tutulmuş 235 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində indeksasiya edilmişdir. xx.xx.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-1038/2025 saylı icra vərəqəsi üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X11, 24. xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat miqdarında aliment Şəxs tutularaq X3 ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2025-ci il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X1 xeyrinə sabit pul məbləğində tutulmuş 235 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində indeksasiya edilmişdir. Bununla yanaşı 24 yanvar 2026-cı il tarixdə X7 18 yaşı tamam olduğu üçün Şəxs ödənilməli olan aliment məbləği dayanmışdır. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borclu tərəfindən qəbul edilmişdir. Hal-hazırda icra sənədi üzrə 2139 manat ödənilməmiş aliment məbləği olduğundan icra məmuru tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən alimentin tutulmasının qət edildiyi xx.xx.2023-cü il tarixindən məhkəmə iclasının keçirildiyi tarixə qədər Şəxs tərəfindən tələbkar X2 ödənilməli alimentin miqdarı 17625 manat təşkil etmiş, Şəxs həmin məbləğin hazırkı tarixədək 15486 manatını ödəmiş, aliment öhdəliyi üzrə borcu cəmi 2139 manat təşkil etmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4865/2025 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1500/2024 saylı icra vərəqəsinə münasibətdə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Həmin zaman borclunun ödədiyi məbləğ 12290 manat təşkil etmiş, hazırda isə sonuncu 15486 manat ödəmişdir. Başqa sözlə, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından sonrakı 7 ay müddətində əlavə olaraq ümumilikdə 3196 manat ödəniş etmişdir. Borclunun məhkəmə iclasındakı izahatına əsasən əlavələrlə birlikdə aylıq qazancının yaxşı halda 650 manat olması hesab edildikdə sonuncu 7 ay ərzində cəmi 4550 manat gəlir əldə etmişdir. Bunun əksini isə nə icra məmuru sübut edə bilmiş, nə də iş materiallarında hər hansı sübut mövcuddur. Göründüyü kimi Şəxs 7 aylıq qazancının 70 faizdən çoxunu (3196 manat 4550 manatın 70,2 faizini təşkil edir.) aliment öhdəliyinə yönəltmişdir. “İcra haqqında” qanunun 65.3-cü maddəsində də konkret olaraq göstərilmişdir ki, alimentlərin tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Qazancının 70 faizindən artıq hissəsini aliment öhdəliyinə yönəltmiş şəxsin isə icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi qənaətinə gəlinə bilməz. Eyni zamanda borclunun rəsmi əmək haqqı 400 manat təşkil edir, lakin sonuncu rəsmi gəlirindən artıq miqdarda aylıq aliment öhdəliyinə ödəniş edir. Rəsmi şəkildə əksini tapmayan gəlirini də aliment öhdəliyinin icrasına yönəldən, həmin gəlirin hər hansı bir formada icra məmurundan gizlədilməsinə cəhd etməyən şəxsi aliment öhdəliyinin qərəzli olaraq icra edilməməsində ittiham etmək əsassız və ədalətsiz olmaqla yolverilməzdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğinin ödənilməsindən yayınmamış, aliment öhdəliyini mütəmadi olaraq icra etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun icra vərəqsi üzrə ödəməli məbləğdən mütəmadi olaraq ödənişlər etməsi, hazırda da icra vərəqəsi üzrə ödənilməli aliment məbləğinin böyük hissəsinin ödənilməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs mütəmadi olaraq aliment öhdəliyini icra etməsi təsdiqini tapdığınından və icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar