Məhkəmə qərarları › İş №3(5-93)-1126/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1126/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1126/2026 09.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Yusifzadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X3 bildirmişdir ki, Binəqədi rayon Polis İdarəsinin DYPŞ əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə qayda pozuntusu səbəbi ilə sürücü Şəxs saxlanılmış və ona avtomobili yolun hərəkət hissəsindən kənara çəkməsi bildirilsə də, sürücü əvvəlcə tabesizlik göstərərək avtomobili yolun kənarına çəkmək istməmişdir. Daha sonra isə yol patrul xidməti işçilərinin təkidi əsasında Şəxs idarə etdiyi avtomobili yolun kənarına çəkərək dayanmış, lakin bu dəfə yol polisi əməkdaşlarını təhqir edərək onlara hədə qorxu gəlmişdir. Polis əməkdaşları tərəfindən Şəxs nizam-intizama dəvət edilsə də, sürücü buna məhəl qoymayaraq polisə hədə-qorxu gəlməklə onları təhqr etmş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra yol patrul xidməti əmədaşları tərəfindən əraziyə dəstək post patrul xidməti cəlb edilmiş və Şəxs saxlanılaraq şöbəyə gətirilmişdir. Bundan sonra Şəxs izahatı alınmış və barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında söyüş söymədiyini, polisi təhqir etmədiyini, polisdən hansı qayda pozuntusuna yol verdiyini və bunu sübut etməsini tələb etdiyini, polisin isə guya onun əks yola keçməsini bəhanə edərək avtomobili qanunsuz duracağa apardıqlarını, himayəsində xəstə uşağının olmasını, taksi kimi fəaliyyət göstərərək ailəsini dolandırdığını qeyd edib, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol patrul xidməti inspektoru X1 izahatında Şəxs avtomobili əks yolda idarə etdiyini, bu səbəbdən ona saxla işarəsi verdiklərini, sürücünün isə avtomobili saxlamadığını, yalnız 6-7 dəfə işarə veildikdən sonra avtomobili saxladığını, Şəxs 17 balı olduğundan özünü təqdim etməkdən imtina etdiyini, ictimai yerdə polisi təhqir edərək hədə-qorxu gəldiyini bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid izahatında xidmətdə olan zaman bir nəfər şəxsin tabesizlik göstərməsi ilə bağlı məlumatın gəldiyini, hadisə yerinə getdikdə şəxsin söyüş söydüyünü eşitdiyini, daha sonra isə şəxsi Binəqədi RPİ-nin 5-ci Polis şöbəsinə təhvil verdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş

6. xx.xx.2026-cı il tarixli, AZA 030411 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 fevral 2026-cı il tarixdə saat 21:48-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

7. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 fevral 2026-cı il tarixdə Binəqədi rayonu ərazisində YPX əməkdaşlarının qanuni tələbini tabe olmayaraq mübahisə yaradaraq uca səslə polis əməkdaşların təhqir etməklə ictimai qaydanı pozaraq İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir.

8. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarından görünür ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-5197/2025 nömrəli inzibati iş üzrə İXMin 510-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

9. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, protokol əsaslı olduğundan təmin edilməlidir.

10. Belə ki, barəsində protokol tərtib edilmiş şəxs nalayiq ifadə işlətdiyini, o cümlədən polisə irad bildirməsini etiraf etmiş, onun ifadəsi şahid ifadəsi ilə hadisənin baş vermə səbəbi baxımından eyniyyət təşkil etmişdir. Bundan başqa protokol tərtib etmiş səlahiyyətli nümayəndə məhkəməyə hadisənin görüntülərini təqdim etmiş audio-video yazı ilə də qeyd edilən hal bir daha öz təsdiqini tapmışdır.

11. Məhkəmə bildirir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur.

12. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

13. Bundan başqa məhkəmə Şəxs polisin müvafiq yoxlama keçirildikdən sonra yolda tıxac yaratmaması və tabe olması ilə bağlı göstərişini yerinə yetirməməsinə münasibətdə isə bildirir ki, o qeyd edilən hərəkəti ilə İXM-in 535-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

14. Beləliklə məhkəmə, həm proses iştirakçılarını dinləyib, həm də inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də işdə olan sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

15. Məhkəmə, Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-5197/2025 nömrəli qərarı ilə İXMin 510-cu maddəsi maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmiş şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi kimi İXM-in 33.1.2ci maddəsi ilə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır.

16. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Məhkəmə, Şəxs onun törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

18. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

19. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

20. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

21. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

22. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

23. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

24. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

25. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Şəxs barəsində bugünədək bir neçə dəfə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Qeyd edilən hal məhkəmə tərəfindən Şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınır.

26. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.

27. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

28. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, İXM-in 34.3cü maddəsini rəhbər tutaraq hesab edir ki, Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 535.1-ci maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 07 fevral 2026-cı il tarixdə saat 21:48-dən hesablanmalıdır.

29. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34, 40, 43, 48-50, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 fevral 2026-cı il tarixdə saat 21:48-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar