Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1151/2026 13.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2026-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs tərəfindən 50050 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 11 yanvar 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 50050 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 12 yanvar 2026-cı il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 10 mart 2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində əlavə etdiyi ərizədə göstərmişdir ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı mülahizə ilə əlaqədar bildirilir ki, müvafiq mal üzrə uyğunluğun müəyyən edilməsi üçün X3 qeyd olunmuş invoys və müqavilə məlumatları ödənişin həyata keçirildiyi invoys və müqavilə ilə eynilik təşkil etməlidir ki, idxal olunmuş malların müvafiq mal olduğu təsdiq olunsun. Yəni sifarişin digər şirkət vasitəsilə həyata keçirildiyi halda belə idxal ilkin invoys üzrə həyata keçirilməlidir. Bununla yanaşı, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən də qeyd olunduğu kimi, təqdim olunmuş X1 həmçinin müqavilə nömrəsi də yanlışdır ki, bununla əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət olunmuş, lakin hazırki tarixədək düzəliş olunmuş bəyannamə məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2026-cı il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 11 yanvar 2024-cü il tarixdə 50050 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli, 511935-66 nömrəli köçürmə haqqında ərizədən görünür ki, Şəxs tərəfindən 15102023 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə və 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysa əsasən 50050 ABŞ dolları məbləğində vəsait “X7 X4 X6 Ticaret LTD” şirkətinin hesabına köçürülmüşdür. 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysdan görünür ki, malların dəyəri 50050 ABŞ dolları olaraq göstərilmişdir. 15102023 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs və “X7 X4 X6 Ticaret LTD” şirkəti arasında müqavilə bağlanmışdır. Şəxs nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixli ərizəsində göstərmişdir ki, **********8308, **********8396, **********8502 və **********9786 sorğu nömrəli yük gömrük bəyannamələrinin tərtibi zamanı müqavilə məlumatlarının daxil edilməsi hissəsində texniki xarakterli uyğunsuzluq baş vermişdir. Bəyannamələrdə yegənə uyğunsuzluq odur ki, YGBnin 44-cü sətrinin 4011 nömrəli bəndində müqavilə nömrəsi səhv qeyd olunmuşdur. İnvoysa müqavilə nömrəsi 15102023 göstərilməsinə baxmayaraq bəyannamədə texniki səhvə yol verilərək müqavilə nömrəsi 131021 qeyd edilmişdir. Bəyannamədəki digər məlumatlar ölkəyə idxal olunan malların sənədlərindəki məlumatlarla eynidir. Bu da onu göstərir ki, cəmiyyət tərəfindən 50050 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar **********8308, **********8396, **********8502 və **********9786 sorğu nömrəli yük gömrük bəyannamələri ilə idxal edilmişdir. Həmin bəyannamələrdə müqavilənin nömrəsinin dəyişdirilməsi ilə bağlı DGK-ya müraciət edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 23 fevral 2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində əlavə etdiyi məlumatda göstərmişdir ki, hüquqi şəxsin nümayəndəsi **********8308, **********8396, **********8502 və **********9786 sorğu nömrəli yük gömrük bəyannamələri üzrə inzibati xəta predmeti avans ödənişinin müqabilində müvafiq malların ölkəyə idxal olunduğunu bildirir və qeyd olunmuş bəyannamələrdəki yeganə uyğunsuzluğun 4011 nömrəli bənddəki müqavilə nömrəsi olduğunu göstərir. Adıçəkilən bəyannamələr elektron gömrük portalı vasitəsilə kağız formasında çap edilərək (əlavə olunur) işdə olan müqavilə və invoys məlumatları ilə yoxlanılmış, həmin bəyannamələrdə nəinki 4011 nömrəli bəndəki müqavilənin avans ödənişinin həyata keçirildiyi müqaviləyə uyğun olmadığı, həmçinin 8001 nömrəli bəndəki invoysun da işdəki xx.xx.2024-cü il tarixli 14020830-AZ nömrəli invoysdan fərqli olduğu müəyyən edilir. **********8308 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamənin 44-cü qrafasında göstərilən təqdim olunan sənədlərdə hazırki köçürmənin həyata keçirilməsinə əsas olmuş və xx.xx.2024-cü il tarixli, 511935-66 nömrəli köçürmə haqqında ərizədə qeyd edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə və 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysun təqdim olunmadığı müəyyən edilir. Həmin qrafada xx.xx.2024-cü il tarixli, 14021118-XR-2 invoys qeyd edilmişdir. **********8396 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamənin 44-cü qrafasında göstərilən təqdim olunan sənədlərdə hazırki köçürmənin həyata keçirilməsinə əsas olmuş və xx.xx.2024-cü il tarixli, 511935-66 nömrəli köçürmə haqqında ərizədə qeyd edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə və 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysun təqdim olunmadığı müəyyən edilir. Həmin qrafada xx.xx.2024-cü il tarixli, 14021118-XR-1 invoys qeyd edilmişdir. **********8502 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamənin 44-cü qrafasında göstərilən təqdim olunan sənədlərdə hazırki köçürmənin həyata keçirilməsinə əsas olmuş və xx.xx.2024-cü il tarixli, 511935-66 nömrəli köçürmə haqqında ərizədə qeyd edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə və 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysun təqdim olunmadığı müəyyən edilir. Həmin qrafada xx.xx.2024-cü il tarixli, 14021118-XR-5 invoys qeyd edilmişdir. **********9786 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamənin 44-cü qrafasında göstərilən təqdim olunan sənədlərdə hazırki köçürmənin həyata keçirilməsinə əsas olmuş və xx.xx.2024-cü il tarixli, 511935-66 nömrəli köçürmə haqqında ərizədə qeyd edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə və 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysun təqdim olunmadığı müəyyən edilir. Həmin qrafada xx.xx.2024-cü il tarixli, 14021118-XR-6 invoys qeyd edilmişdir. Şəxs nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixli ərizəsində göstərmişdir ki, bəyannamələrdə göstərilən mallar İran İslam Respublikasında, Türkiyə Respublikasında qeydiyyatdan keçmiş “Can Polatlar LTD ŞTİ ” şirkətinin sifarişi əsasında istehsal edilmişdir. Müqavilə münasibətlərinə uyğun olaraq, malların dəyəri birbaşa “Novaplus” şirkətinə ödənildiyindən, ödəniş zamanı kommersiya bankına həmin şirkət tərəfindən təqdim edilmiş invoys təqdim olunmuşdur. Eyni zamanda, malların faktiki istehsalçısı İran İslam Respublikasında yerləşən “X8 Bilehsavar CO.” olduğuna görə, malların Azərbaycan Respublikasına idxalı zamanı əvvəlcə tərtib edilən X2, daha sonra isə onun əsasında rəsmiləşdirilən X3 məhz istehsalçı tərəfindən verilmiş invoys qeyd edilmişdir. Beləliklə, ödəniş sənədlərində əks olunan invoys ilə gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən invoysların fərqli hüquqi subyektlər tərəfindən tərtib olunması onların nömrələrinin də fərqli olmasına səbəb olmuşdur. Bundan əlavə, müqavilə şərtlərinə əsasən malların ödənişi əvvəlcədən ümumi məbləğ üzrə həyata keçirilir. Mallar yola salındıqdan sonra faktiki çəki müəyyən edilir və hər partiya üzrə yekun miqdara uyğun olaraq yeni invoyslar təqdim olunur. Bu isə əvvəlcədən ödəniş üçün təqdim edilən invoys ilə sonradan gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən invoys arasında fərqin yaranmasını obyektiv və iqtisadi baxımdan əsaslandırır. Nəticə etibarilə, ödəniş zamanı təqdim olunmuş invoys ilə idxal zamanı X1 göstərilən invoys nömrələrinin uyğun gəlməməsi hər hansı hüquq pozuntusundan deyil, beynəlxalq ticarət və idxal prosesinin xüsusiyyətlərindən irəli gəlir. Odur ki, tərtib olunmuş protokol əsassızdır. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmişdir. İXM-nin 430.4cü maddəsinin dizpozisiya şərtləri hazırki inzibati xəta haqqında işdə yoxdur. xx.xx.2024-cü il tarixli, 14021118-XR-2 nömrəli invoysdan görünür ki, göndərici İran İslam Respublikasında yerləşən “X8 Bilehsavar CO.” Şirkəti tərəfindən verilən həmin faktura malların qiyməti 13458,5 ABŞ dolları, alıcı isə Şəxs qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 14021118-XR-1 nömrəli invoysdan görünür ki, göndərici İran İslam Respublikasında yerləşən “X8 Bilehsavar CO.” Şirkəti tərəfindən verilən həmin faktura malların qiyməti 13596 ABŞ dolları, alıcı isə Şəxs qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 14021118-XR-5 nömrəli invoysdan görünür ki, göndərici İran İslam Respublikasında yerləşən “X8 Bilehsavar CO.” Şirkəti tərəfindən verilən həmin faktura malların qiyməti 13475 ABŞ dolları, alıcı isə Şəxs qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 14021118-XR-7 nömrəli invoysdan görünür ki, göndərici İran İslam Respublikasında yerləşən “X8 Bilehsavar CO.” Şirkəti tərəfindən verilən həmin faktura malların qiyməti 13563 ABŞ dolları, alıcı isə Şəxs qeyd edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə hesab edir ki, Şəxs İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs 11 yanvar 2024-cü il tarixində "xxxx" ASC vasitəsilə 50050 ABŞ dolları məbləğində vəsaiti avans olaraq “X7 X4 X6 Ticaret LTD” şirkətinin hesabına köçürmüşdür. Həmin köçürmə zamanı cəmiyyət 15102023 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə və 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysa istinad etmişdir. Şəxs müvafiq köçürmə üzrə alınan malları (xidməti) ölkəyə idxal etməsi təsdiqini tapmadığı üçün hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolun araşdılması zamanı inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Şəxs 50050 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, bunun müqabilində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə riayət edilməsi müəyyən edilməmişdir. Başqa sözlə, Şəxs “X7 X4 X6 Ticaret LTD” şirkətinin hesabına köçürdüyü 50050 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) 2 (iki) il müddətində ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Hüquqi şəxsin nümayəndəsi tərəfindən elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş sənədlərdə **********8308, **********8396, **********8502 və **********9786 sorğu nömrəli yük gömrük bəyannamələri üzrə inzibati xəta predmeti avans ödənişinin müqabilində müvafiq malların ölkəyə idxal olunduğu bildirilmişdir. Həmin bəyannamələrdə xx.xx.2024-cü il tarixli, 511935-66 nömrəli köçürmə haqqında ərizədə qeyd edilən müqavilənin göstərilməməsini isə texniki səhvlə əlaqələndirmişdir. Məhkəmə tərəfindən hüquqi şəxsin ərizəsində göstərilən Dövlət Gömrük Komitəsi tərəfindən təsdiqlənməsi və müvafiq qurum tərəfindən bəyannamələrə düzəliş edilməsi ilə bağlı məhkəmə iclası ilkin təyin edildiyi xx.xx.2026-cı il tarixdən, xx.xx.2026-cı il tarixə, daha sona xx.xx.2026-cı il tarixə, sonda isə xx.xx.2026-cı il tarixə təyin edilmiş, lakin sözügedən müddət kəsimi ərzində hüquqi şəxsin nümayəndəsinin texniki səhvə yol verilməsi barədə bildirdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən 4 gömrük bəyannaməsinin hər birində hazırkı avans ödənişi zamanı qeyd edilmiş müqavilə və invoysdan tamamilə fərqli müqavilə və invoys qeyd edilmişdir. Bəyannamələrdə qeyd edilən invoysların köçürmə haqqında ərizədə qeyd edilmiş 114020830-AZ nömrəli, xx.xx.2024-cü il tarixli invoysdan fərqli olmasını isə hüquqi şəxsin nümayəndəsi belə əsaslandırmışdır ki, malların istehsalçısı İran şirkəti olmuş və həmin şirkət tərəfindən mallar faktiki olaraq Azərbaycan Respublikasına göndərilmiş, buna görə də göndərici şirkət tərəfindən verilmiş son invoys bəyannamədə göstərilmişdir. Qeyd edilən bu hal hazırki situasiyada eyniləşdirilmənin aparılmasını mümkünsüz edir və bununla da idxal olunan malların 11 yanvar 2024-cü il tarixdə köçürülmüş vəsaitin hesabına alınması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti və “X7 X4 X6 Ticaret LTD” şirkəti arasında bağlanmış 15102023 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədə malların hansısa digər şirkət tərəfindən istehsal edilərək göndərilməsi barədə hansısa bir müddəa olmamışdır. Odur ki, "xxxx" MMC-nin köçürmə etdiyi şirkətin əvəzinə başqa bir şirkət tərəfindən ona malların göndərilməsi barədə müvafiq təsdiqedici sənədləri pul köçürməmişdən əvvəl müvəkkil olan "xxxx" ASC-yə təqdim etməli və köçürülmə həmin sənədlərə əsasən aparılmalı idi. Lakin "xxxx" MMC müvafiq məlumatlara dair pul köçürərkən müvəkkil edilmiş banka hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, hazırki köçürmə üzrə alınmış malların Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddədə “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Hazırki iş üzrə də Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 50050 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin 12 yanvar 2026-cı il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 50050 (əlli min əlli) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 10010 (on min on) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1151/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1151/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver