Məhkəmə qərarları › İş №3(5-93)-1154/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1154/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1154/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoləsaında toplanmş material daxil olmuşdur. Həmin protokola əsasən Mərkəzi Bankın Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubların icrası müəyyən edilmiş müddət ərzində cəmiyyət tərəfindən təmin edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2026-cı il tarixdə törədilmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi və Şəxs Açıq Səhmdar Cəmiyyətin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

3. xx.xx.2025-ci il tarixli, 6-1-26/2-18945/2025 nömrəli məktubdan və onun çatmasını təsdiq edən SX079457523AZ nömrəli xəbərnamədən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə 2025-ci il ərazində səhmdarların ümumi yığıncaqlaının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Yunis Mehdiyevin dəvət edilməsini təsdiq edən sənəd əlavə edilməklə müvafiq məlumatların 7 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsinə dair məktub ünvanlanmış və məktub cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir.

4. xx.xx.2026-cı il tarixli, 6-1-26/2-171/2026 nömrəli məktubdan və onun çatmasını təsdiq edən SX088131391AZ nömrəli xəbərnamədən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-1-26/2-18945/2025 nömrəli məktubda qeyd olunan məlumatların 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi, əks halda cəmiyyətin İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb ediləcəyi göstərilmiş və məktub cəmiyyət tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir.

5. xx.xx.2026-cı il tarixli teleqramlardan görünür ki, SX079457523AZ nömrəli məktub xx.xx.2025-ci il tarixdə və SX088131391AZ nömrəli məktub isə xx.xx.2026-cı il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyətində Nizam tərəfindən qəbul edilmişdir.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2026cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mərkəzi Bank Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2026-cı il tarixli, 6-1-26/2-171/2026 nömrəli məktub ünvanlayaraq, Mərkəz Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-18945/2025 nömrəli məktubu ilə cəmiyyətdən tələb edilən sənədlərin (2025-ci il ərazində səhmdarların ümumi yığıncaqlaının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Yunis Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədin (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş) ) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədləri cəmiyyət məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2026-cı il tarixdə törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

7. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs Açıq Səhmdar Cəmiyyətinin İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 548.2-ci maddəsi ilə tövsif edilmişdir.

8. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs Açıq Səhmdar Cəmiyyətinə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

9. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Mərkəzi Bank Şəxs Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2026-cı il tarixli, 6-1-26/2-171/2026 nömrəli məktub ünvanlayaraq, Mərkəz Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-18945/2025 nömrəli məktubu ilə cəmiyyətdən tələb edilən sənədlərin, yəni 2025-ci il ərazində səhmdarların ümumi yığıncaqlaının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Yunis Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədlərin məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədləri cəmiyyət məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. X1 Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 6-1-26/2-18945/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixli, 6-1-26/2-18945/2025 nömrəli məktub isə xx.xx.2026-cı il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmişdir.

10. İXM-in 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

11. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona göndərilmiş məktubların müəyyən edilmiş vaxtda icra edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və cəmiyyətin İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

12. Məhkəmədə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.

13. Məhkəmə, Şəxs Açıq Səhmdar Cəmiyyətinə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

17. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

18. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

19. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

20. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.

22. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 110, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar