Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1160/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X6 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə o, “BYD Destroyer” markalı avtomobilini idarə edərkən Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru Seyidəli Seyidəliyev tərəfindən saxlanılmış və ona bildirilmişdir ki, o, svetaforun sarı işığında keçdiyinə görə cərimə olunur. Müzakirənin nəticəsində inspektorun iddiası ilə razılaşmamış və iddiası əsasında protokolu qərarsız tərtib etməsini xahiş etmişdir. İnspektor buna məhəl qoymayaraq İXM-in 327.2-ci maddəsi ilə TP ******* nömrəli protokolu tərtib edərək qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “BYD Destroyer” minik markalı, 77QZ824 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsi birbaşa və konkret şəkildə müəyyən edir ki, əgər barəsində icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmırsa, səlahiyyətli vəzifəli şəxs yalnız inzibati xəta haqqında protokol tərtib edə bilər və bu mərhələdə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq səlahiyyətindən məhrumdur. Bu norma, mübahisəli hallarda obyektiv araşdırma aparılmasını və şəxsin müdafiə hüququnun təminini nəzərdə tutur. Belə hüquqi vəziyyətdə inzibati tənbeh haqqında qərarın qəbul edilməsi həm prosessual tələblərin pozulması, həm də vəzifəli şəxsin səlahiyyət həddini aşması deməkdir ki, hazırk işdə də məhz bu hala rast gəlinmişdir. Belə olan halda Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilən xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı hüquqi qüvvəyə malik hesab edilə bilməz, çünki qərar onu çıxarmağa səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Buna görə də, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X1 xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1160/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1160/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver