Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1161/2026 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, qərarından şikayət verilmiş oğlunun Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X1, şikayət vermiş şəxs X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə İmişli rayonu, Oruclu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, İmişli rayonu, Oruclu Ə/D, Oruclu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti onunla əsaslandırmışdır ki, idarə etdiyi avtomobillə Baksol yolundan Binəqədiyə tərəf döndükdə işıqforun sarı işığına düşmüşdür. Yol patrul əməkdaşları onu saxladıqda, o, sarı işıqda keçdiyini bildirmişdir. Əslində yaşıl işıqda keçmiş, lakin yolu keçdikdə sarı işığa düşmüşdür. Yol nahamar olduğundan o da avtomobili yavaş sürmüşdür. Həmin vaxtda sarı işıqda keçmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. Ona görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında qərarından şikayət verilmiş oğlunun Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X2 izahatında şikayətin əsassız olduğunu, qayda pozuntusunun videogörüntüsünün olduğunu və orada açıq aşkar qayda pozuntusunun müəyyən edildiyini qeyd edib, şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 10:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində “BYD Destroyer 05” markalı ** QZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü “svetorforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.
5. İnzibati xəta hadisəsinin görüntülərini əks etdirən bir ədəd diskdən müəyyən edilmişdir ki, X4 idarə etdiyi “BYD Destroyer 05” markalı ** QZ *** dövlət qeydiyyat nişanlı avtomobillə svetorforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
7. Belə ki, X4 məhkəmə iclasında verdiyi izahatında işıqforun yaşıl işığında hərəkət etməsini, lakin sarı işığında nəqliyyat vasitəsinin hərəkətini davam etdirməsini yolun nahamar olması və avtomobili yavaş idarə etməsi ilə əsaslandırsa da, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin dəlilləri tam əsassızdır. Belə ki, məhkəmə iclasında hadisənin video görüntüsündən müəyyən edilir ki, yol nahamar olmamış, maşın isə sarı işıqda keçmişdir. Bununla da, toplanmış sübutlardan müəyyən edilmişdir ki, “BYD Destroyer 05” markalı ** QZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü normal sürətlə işıqforun sarı işığında hərəkəti davam etdirmişdir ki, bu da şəxsin həmin inzibati xətanı törətməsini bir daha sübut edir. Qeyd edilməlidir ki, ümumi qayda olaraq işıqforun sarı işığı hərəkəti qadağan edir. Çünki sarı işıq hərəkətin qadağan olunduğunu və növbəti siqnalın dəyişəcəyini bildirir. Lakin həmin halda müəyyən istisna da vardır ki, bu, əgər sarı işıq yandıqda sürücü nəqliyyat vasitəsini kəskin tormozlamadan dayandıra bilmirsə, hərəkəti davam etdirməyə icazə verilir. Bu, yol hərəkəti təhlükəsizliyini təmin etmək və arxadan gələn avtomobillərlə toqquşmanın qarşısını almaq məqsədi daşıyır. Lakin aşkar edilmiş sübutlardan müəyyən edilir ki, X3 həmin zaman hərəkətini dayandırıb növbəti siqnalı gözləmək imkanı olmuş və onun hərəkətini davam etdirdiyi zaman sarı işıq yandıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan dayandırması zərurəti olmamışdır. Belə olan halda aydın olur ki, X3 inzibati xəta hadisəsi zamanı sarı işıqda keçməsini zəruri edəcək heç bir hal mövcud olmamışdır.
8. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir.
9. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında.
10. Göründüyü kimi, Yol Hərəkəti haqqında Qanunun 60-cı maddəsinə görə, sarı işıq yandıqda sürücü nəqliyyat vasitəsini kəskin tormozlamadan dayandıra bilmirsə, yəni xəttə çox yaxındırsa və qəfil tormoz arxadakı maşın üçün təhlükə yaradırsa, o, hərəkəti davam etdirə bilər. Əgər yaşıl işıq sayrışaraq yanırdısa, bu o deməkdir ki, sürücü sarı işığın yanacağını əvvəlcədən bilirdi. Bununla da aydın olur ki, X4 işıqforun yaşıl işığının yanıb-sönməsini gördüyündən artıq həmin anda sarı işığın yanacağını əvvəlcədən bilmişdir ki, izahatında sarı işıqda keçdiyini göstərmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.
12. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, X4 tərəfindən inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasız olmaqla nəinki məhkəmədə öz təsdiqini tapmamışdır, əksinə onun təqsirli olmasını sübuta yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
19. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova