Məhkəmə qərarları › İş №3(5-93)-1180/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1180/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1180/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, X3 Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə, saat 20 radələrində idarə etdiyi Hyundai Tucson markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu ərazisində Binəqədi şosesi ilə Binəqədi qəsəbəsi istiqamətində sol hərəkət zolağı ilə hərəkətdə olan zaman, yolda ağır tıxac var olmuşdur. Onun sağ tərəfində eyni istiqamətdə hərəkətdə olan avtomobillər tıxac səbəbindən onu yandan sıxdıqları üçün o, avtomobilini qarşı hərəkət zolağına çıxmadan sol tərəfə meyilləndirib düzünə hərəkətini davam etdirmək üçün dayanıb qarşıdakı avtomobillərin getməsini gözləyərkən X7 əməkdaşı ona yaxınlaşıb nə üçün qaydanı pozduğunu soruşmuşdur. O, hərəkət zolağından azacıq sola çıxmağına avtomobillərin tıxacının səbəb olduğunu bildirmişdir. Bu pozuntunun özündən asılı olmadığı üçün səmimi şəkildə DYP-nin əməkdaşına sabiq polis əməkdaşı olduğunu, hazırda isə vəkil olduğunu bildirib güzəşt etməsini xahiş etmişdir. YPX əməkdaşı onu Yol Patrul avtomobilində sükan arxasında əyləşmiş əməkdaşın yanına göndərmişdir. Ona da eyni qaydada sözlərini dedikdən sonra o, xahişini nəzərə almayıb, barəsində elektron qaydada inzibati xəta haqqında protokol tərtib edərək qərar qəbul etmişdir. Mobil telefonuma SMS-bildiriş gəldikdən sonra ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 - 1.1- 1.3 və 1.11 ci üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə inzibati protokol tərtib edilərək qərar verilmişdir. Tərtib edilmiş protokolda istinad edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir, maddənin qeyd hissənin 1-ci bəndinə görə bu inzibati xəta 3 balla qiymətləndirilir. Protokolda istinad edilən 1.1,1.3 və 1.11 üfiqi nişanlama xətlərinin tələblərinə riayət edilməməsi isə həmin maddənin dispozisiya şərtlərinə daxil edilməmişdir. Protokolda istinad edilən maddələrdən belə çıxır ki, guya mən o, həmin vaxt svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarını pozmuşdur, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmüşdür, yaxud maneəni kənardan keçmişdir. Həmin vaxt o, hər hansı qadağanedici işarəni pozmamış, əks istiqamətli hərəkət zolağına çıxmamış, yol ayrıcını keçməmişdir, sola və geriyə dönməmiş, yaxud maneəni kənardan keçməmişdir. Qeyd etdiyi kimi, sağ tərəfində olan tıxacda hərəkət edən nəqliyyat vasitəsi onu sağa sıxdığı üçün o, avtomobilini qarşı hərəkət zolağına çıxmadan sol tərəfə meyilləndirib dayanaraq qarşıdakı avtomobilin hərəkət etməsi gözləmişdir. Həmin vaxt qarşı hərəkət zolağına onun çıxmağı da mümkün deyildir. Çünki onun qarşısında yerüstü dəmir yolu körpüsünün dayağı olmuşdur. O isə dayaqdan sağda olmuşdur. Qarşı hərəkət zolağına çıxmağı üçün isə dayaqdan solda olmalı idi. Sadəcə olaraq həmin vaxt o. öz zolağından sola tərəf meyilləndiyi üçün elə başa düşmüşdür ki, YPX onu İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarını pozmaqda günahlandırır. Ona görə də onlardan öz iradəsindən asılı olmayaraq, sağdan gedən nəqliyyat vasitələrinin onu sıxdığı üçün zolaqdan sol tərəfə meyilləndiyini bildirib, üzrlü səbəbi nəzərə alaraq güzəşt edilməsini xahiş etmişdir. Bununla belə onlar tərəfindən barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Məhkəmənin 23 fevral 2026-cı il tarixli iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, həmçinin məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. X2 məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasında əhhəti ilə bağlı iştirak edəbilməyəcəyini bildirmişdir. Məhkəmə, işə X2 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən X5 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübut, video-görüntü məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan tərəfindən xətanın mövcudluğunun əsdiq edəcək hər hansı bir sübut, videogörüntü məhkəməyə təqdim edilməmişdir. İş üzrə digər sübut olmamışdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar