Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1184/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32001266 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32001266 nömrəli haqqında qərarının ləğv edilməsini və İXM-in 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2025ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilərək 100 (bir yüz) manat cərimə və 3 cərimə balı yazılmışdır. Bununla da nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdıran cərimə balı yarandığından sürücülük hüququ məhdudlaşdırılmışdır. Tərəfindən xx.xx.2025-ci il tarixli, EQ31059693 nörməli qərardan şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş və xx.xx.2025-ci il tarixli, EQ31059693 nörməli qərar ləğv edilmiş və icraata xitam verilmişdir. Lakin buna baxmayaraq BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ32001266 nömrəli qərarı ilə idarəetməsində olmayan, lakin idarəetmə üçün etibarnamə verilən 77QM751 nömrəli nəqliyyat vasitəsinin dayanma durma qaydalarını pozmasına görə hansı məntiqlə onun barəsində 400 (dörd yüz) manat cərimə tətbiq edilmişdir. Halbuki qeyd edilən inzibati xətanın cəriməsi 20 (iyirmi) manat təşkil edir. Qeyd edilən qərar ona xx.xx.2026-cı il tarixində təqdim edilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli, EQ32001266 nömrəli qərarın tərtib edilməsinə səbəb olan hadisədə inzibati xəta tərkibi mövcud olmamışdır. Çünki həmin nəqliyyat vasitəsi onun idarə etməsində olmamışdır və bununla bağlı hər hansı sübut mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32001266 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 02:41-də QİS6-Ə.Rəcəbli-F.X.Xoyski küçəsi, Nərimanov metrosu ist 1 ərazisində “X5” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 8018/2025 nömrəli qərarından görünür ki, X2 tərəfindən verilmiş şikayət təmin edilmiş, X2 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32001266 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “Toyoto Corolla” minik markalı 77QM751 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. 27.4-cü maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarın hüquqi əsaslılığı iki istiqamətdə qiymətləndirilməlidir: birincisi, inzibati xəta hadisəsinin və təqsirin sübuta yetirilməsi baxımından; ikincisi isə tətbiq edilmiş sanksiyanın maddi hüquq normalarına uyğunluğu baxımından. İş materiallarından görünür ki, şikayətçi xx.xx.2025-ci il tarixdə “Toyota Corolla” markalı nəqliyyat vasitəsini idarə edərkən guya İXM-in 346.9-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. Halbuki, 346.9-cu maddənin sanksiyasında nəqliyyat vasitələrinin səkidə dayanmasına və ya durmasına görə 60 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Qərarda isə 400 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bu da göstərilən maddənin birbaşa sanksiyasına uyğun gəlmir. Belə uyğunsuzluğun yeganə mümkün izahı ondan ibarət ola bilər ki, inzibati orqan faktiki olaraq əməlin hüquqi qiymətləndirilməsində İXM-in 332.2-ci maddəsinə – yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməyə görə məsuliyyət normasına istinad etmiş və 400 manatlıq sanksiyanı həmin maddənin sanksiyası əsasında müəyyən etmişdir. Lakin qərarın özündə 332.2-ci maddəyə istinad edilməmiş, hüquqi tövsif yalnız 346.9-cu maddə üzrə aparılmışdır. İnzibati məsuliyyət sahəsində qanunçuluq prinsipi tələb edir ki, tətbiq olunan sanksiya birbaşa olaraq göstərilən maddənin sanksiyasına uyğun olsun. Qərarda 332.2ci maddə göstərilmədiyi halda, onun sanksiyasının tətbiqi hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Şəxs hansı maddə üzrə məsuliyyətə cəlb edildiyini və hansı normativ əsasla 400 manat cərimə edildiyini aydın bilməlidir. Hüquqi tövsiflə tətbiq olunan sanksiya arasında ziddiyyət qərarın maddi hüquq baxımından əsassız olduğunu göstərir. Bundan əlavə, hətta 332.2-ci maddəyə faktiki istinad ehtimalı qəbul edilsə belə, sonradan xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv edilməsi nəticəsində sürücülük hüququnun məhdudlaşdırılması üçün əsas aradan qalxmışdır. Məhkəmə tərəfindən inzibati aktın ləğvi həmin aktın hüquqi nəticələrinin də aradan qalxması deməkdir. 20 bal mexanizmi bir neçə qərarın məcmusu əsasında formalaşdığından, həmin qərarlardan birinin ləğvi ümumi bal göstəricisini aşağı salır və hüququn məhdudlaşdırılması üçün zəruri olan hüquqi fakt mövcudluğunu itirir. Hüquqi fakt aradan qalxdıqda isə onun əsasında tətbiq edilən 332.2-ci maddə üzrə məsuliyyətin də hüquqi əsası qalmaz. Digər tərəfdən, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan əsas şərt inzibati xəta hadisəsinin və konkret şəxsin təqsirinin sübuta yetirilməsi də təmin edilməmişdir. Foto materiallarda yalnız avtomobilin dayanmış vəziyyəti əks olunmuş, sürücünün şəxsiyyəti müəyyən edilməmişdir. İş materiallarında nəqliyyat vasitəsini məhz şikayətçinin idarə etdiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Nəqliyyat vasitəsinin mülkiyyət hüququ və ya etibarnamə əsasında istifadəsi faktı onun konkret vaxtda məhz həmin şəxs tərəfindən idarə edildiyini sübuta yetirmir. İnzibati məsuliyyət fərdi xarakter daşıyır və təqsir sübuta yetirilmədikdə məsuliyyət tətbiq oluna bilməz. Beləliklə, bir tərəfdən qərarda göstərilən 346.9-cu maddənin sanksiyasına uyğun olmayan 400 manatlıq cərimə tətbiq edilmiş, digər tərəfdən 332.2-ci maddəyə istinad olunmadan onun sanksiyası faktiki tətbiq edilmiş, eyni zamanda şəxsin idarəetmədə iştirakı sübuta yetirilməmişdir. Üstəlik, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olmuş qərarın məhkəmə tərəfindən ləğv edilməsi nəticəsində 400 manatlıq cərimənin hüquqi əsası da aradan qalxmışdır. Bu səbəblərə görə xx.xx.2025-ci il tarixli qərar həm maddi hüquq normalarına zidd, həm də prosessual baxımdan sübuta əsaslanmadığından qanunsuz hesab edilməli, şikayət təmin olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32001266 nömrəli inzibati tənbeh vermə haqqında ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1184/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1184/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver