Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1190/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağstafa rayonunun Köhnəqışlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, X7 fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru X10 tərəfindən Şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 11 fevral 2026-cı il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında Yol-Patrul Xidməti əməkdaşlarına qarşı uca səslə söyüşlər söyüb, onların qanuni tələblərinə tabe olmamış, inzibati qurumun iş rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş A.Q.Salahov izahatında göstərdi ki, vətəndaş Şəxs 11 fevral 2026-cı il tarixdə Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının həyətinə gələrək duracağa yerləşdirilmiş avtomobildə olan gödəkçəsinin cibindən 7200 manatın polis əməkdaşları tərəfindən oğurlandığını bildirib səs-küy salmış, polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, o, nalayiq söyüşlər söymüş, ətrafdakı camaatın diqqətimi özünə cəlb etməyə cəhd göstərmiş, həmçinin İdarənin iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt Şəxs yanında özü ilə gətirdiyi iki nəfər qohumu da olmuş, həmin şəxslər Şəxs əsassız yerə səs-küy saldığını anlayıb, ondan sakitləşməsini tələb etsələr də, Şəxs qeyri-adekvat hərəkətlərini davam etdirmişdir. Nəticədə o, yol-patrul xidməti avtomobilinə əyləşdirilərək 6-cı PŞ-yə gətirilmiş, barəsində hazırki protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis serjantı X8 ifadəsində göstərdi ki, o, 11 fevral 2026-cı il tarixdə, saat 20:15 radələrində **-YP-*** nömrəli avtopatrulda xidmət apararkən Baş Dövlət Yol Polisi İdarəsininn inzibati binasına bir nəfər şəxs yaxınlaşaraq 3 gün öncə duracağa yerləşdirilmiş avtomobilinin qaytarılmasını tələb etmiş, avtomobilinin qaytarılmayacağı təqdirdə aləmi bir-birinə qatacağını, polis əməkdaşlarının başlarına oyun açacağını deyib, uca səslə söyüşlər söymüşdür. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, sonradan adının Şəxs olduğu məlum olan şəxs qeyri-adekvat hərəkətlər etməklə ətrafdakı insanların fikrini özünə cəlb etməyə, İdarənin iş rejimini pozmağa cəhd etmişdir. Həmin vaxt Şəxs yanında iki nəfər qohumu da olmuş, qohumları onun hərəkətlərinin qanunsuz və əsassız olduğunu anlayıb, onu uzaqlaşdırmaq istəsələr də, Şəxs onlara da məhəl qoymamışdır. Nəticədə avtopatrula əyləşdirilərək 6-cı PB-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş-leytenantı X6, polis kapitanı X2 və polis kapitanı X11 şahid X4 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, 07 fevral 2026-cı il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili yol polisi əməkdaşları saxlamış, onu sərxoşluq testintən keçirərək, son 3 ay ərzində narkotik və ya psixotrop maddə qəbul edib-etmədiyini soruşmuşlar. O, qəbul etmədiyini bildirmiş, yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olmuşdur. Buna görə o avtomobilin idarə etməsindən kənarlaşdırılmış, tibbi yoxlamaya aparılmışdır. Tibb məntəqəsində olarkən polis əməkdaşları ona 4 ədəd bilmədiyi dərman içizdirmiş, sonradan testin nəticələrinə görə sidiyində narkotik vasitə olan metamfetamin aşkar edildiyini bildirmişlər. O, etiraz etsə də, sonradan protokolla razılaşmış, tətbiq olunmuş cəriməni ödəmiş, avtomobili cərimə meydançasından çıxarmaq üçün getmişdir. Saxlanılan zaman gödəkçəsi avtomobildə qalmış, gödəkçəsinin cibində 7200 manat pul olmuşdur. Lakin, sonradan cərimə meydançasına gəldikdə gödəkçəsinin cibində pulun olmadığını aşkar edib, polis əməkdaşlarının pulu götürdüyünü bilmiş, həm pulunun qaytarılması, həm də avtomobilinin çıxarılması tələbini etmişdir. Lakin, polis əməkdaşları ona təzyiq göstərmiş, təhqir etmiş, yol-patrul avtomobili ilə Polis Şöbəsinə aparmışlar. O, polis əməkdaşlarını söyməmiş, onlara tabesizlik göstərməmiş, pulunu və avtomobilinin qaytarılmasını tələb etmişdir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarından görünür ki: - Şəxs 20 noyabr 2024-cü il tarixdə ,saat 17:25-də nəqliyyat vasitəsini idarə etmək hüququ və müvafiq etibarnaməsi olmadan “Toyota Prius” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə 02 aprel 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən İXM-nin 342.5, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. - Bundan başqa, Şəxs 10 yanvar 2026-cı il tarixdə ,saat 18:45-də nəqliyyat vasitəsini idarə etmək hüququ və müvafiq etibarnaməsi olmadan “Hyundai Accent” markalı, **-TG- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə 11 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən İXM-nin 327.1, 327.3, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. - Bundan başqa, Şəxs 07 fevral 2026-cı il tarixdə, saat 20:15-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Chevrolet Cruze” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə 11 fevral 2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. İnzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda Şəxs protokol və qərarla razı olduğunu qeyd etmişdir. - 07 fevral 2026-cı il tarixdə Şəxs götürülmüş analizdə preqabalin və kannabioidlər aşkar edilmişdir. - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 11 fevral 2026-cı il tarixdə, saat 21:30-da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs özünü həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilməsə də, onun əməli şahid ifadələri, eləcə də iş materialları ilə öz təsdiqini tapır. Məhkəməyə sübut olaraq təqdim edilmiş videoyazıya baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının həyətində uca səslə söyüşlər söymüş, polis əməkdaşlarının onu sakitliyə, nizam-intizama dəvətləri ilə bağlı tələblərinə tabe olmamış, həmin vaxt orada bir neçə nəfər polis əməkdaşı, habelə sıravi vətəndaşlar olmuşdur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Lakin, məhkəmə onun bir neçə dəfə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etməsini, sonuncu dəfə isə bu hərəkətlərini narkotik vasitələrin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində etməklə inzibati xəta hadisəsi törətməsini onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xaratkerizə edən halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510.1 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti ödənilməli və həmin məbləğin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 fevral 2026-cı il tarixdən, saat 21:30-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası inzibati həbsə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti ödənilsin və həmin məbləğin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-1190/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1190/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver