Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1202/2026 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “xx.xx.2026-cı il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən dairəsində etibarnamə əsasında idarə etdiyi "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobil ilə Xocasən dairəsindən hərəkətdə olarkən, Sulutəpə istiqamətindən gələn "Hyundai Santafe" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili gözləmədən arxa sol sürücü yeri tərəfdən qapını vuraraq, avtomobilinin orta hissəsini vurub tullamışdır. O, dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları gələrək, hadisə yerinə baxmış və sənədləri alaraq, günahkar şəxsin "Hyundai Santafe" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin olduğunu bildirmişdilər. Sonra əməkdaşlar onlara sərxoşluq müayinəsindən keçməklərini və idarəyə yaxınlaşmağlarını bildirmişlər. Daha sonra o sərxoşluq müayinəsindən keçmiş və bəlli olmuşdur ki, o hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. Həmin müayinə aktını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyə yaxınlaşaraq əməkdaşlara təqdim etmişdir. Onlar ona görüntünü göstərərək, hadisənin günahkarının o olduğunu bildirmiş və onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Bundan sonra xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmağına dair ona sms göndərmişlər. xx.xx.2026-cı il tarixdə, saat 21:00 radələrində idarə etdiyi "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobil ilə Xocasən dairəsindən hərəkətdə olarkən, Sulutəpə istiqamətindən gələn "Hyundai Santafe" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dairəvi yolu gözləmədən idarə etdiyi avtomobilinin arxa sol sürücü yeri tərəfdən qapını vuraraq, hərəkətini davam etdirmiş ,o həmin vaxtı dairəvi yolu keçərkən, dönmə işığını da yandırmışdı. Qanunla "Hyundai Santafe" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dairəvi yolda hərəkətdə olan avtomobili, yəni onun idarə etdiyi "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobili gözləməli idi. Tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyünə ərizə ilə müraciət edərək, xx.xx.2026-cı il tarixdə 21:00-da idarə etdiyi "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə baş verməsi yol-nəqliyyat hadisənin videogörüntülərinin surətini elektron daşıyıcıda ona verilməsini təmin edilməsini xahiş etmiş, həmin görüntünü xx.xx.2026-cı il tarixdə ona təqdim etmişlər. Hadisənin video-görüntüsündən görünür ki, idarə etdiyi “Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobillə Xocasən dairəsindən hərəkətdə olarkən, Sulutəpə istiqamətindən gələn "Hyundai Santafe" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dairəvi yolu gözləmədən idarə etdiyi avtomobilinin arxa sol sürücü yeri tərəfdən qapını vuraraq, avtomobilinin orta hissəsini vurub keçmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq inzibati tǝhbeh haqqında qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, həmin ərazidə çoxsaylı kameralar mövcud olmasına baxmayaraq hadisənin görüntüləri əks olunan video va foto görüntülər götürülməmiş və onlara baxış belə keçirilməmişdir. Hesab edir ki, görüntülərə baxış keçirilmədən işin obyektiv araşdırılması mümkün deyildir. Göstərilənlərə əsasən, xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.” Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 xx.xx.2026-cı il tarixində saat 21:00-da Xocasən dairəsi ərzisində "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkər zolağına çıxmadan manevr etdiyinə görə X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 AZN inzibati cərimə edilmişdir. Hadisənin video-görüntüsünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntü 20 saniyədən ibarətdir. Həmin videoda "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona nisbətdə sağda hərəkətdə olan avtomobilin orta hissəsilə toqquşması müşahidə edilir. Görüntüdən "Hyundai Tucson" minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr etməsi isə müşahidə edilməməkdədir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntülərlə X3 təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir, məhkəmə tərəfindən səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, hadisənin sxemi, ekspert rəyi və sair sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. İnzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1202/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1202/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver