Məhkəmə qərarları › İş №3(5-93)-1216/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1216/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1216/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, tələbkar X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs iştirakı ilə, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-700/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, tələbkar X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov küçəsi, ev 87 A, 07 saylı, 26 kv.m olan qarajdan istifadəyə və sahibliyə borclu "xxxx" MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmamışdır. Nəticədə "xxxx" MTKnın vəzifəli şəxsi Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, vəzifəli şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli icra sənədinə əsasən mənə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 87A, 07 saylı, 26 kv.m olan qarajdan istifadəyə və sahibliyə "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mənim həmin qarajdan istifadə etməyim üçün cavabdeh "xxxx" MTK tərəfindən şərait yaradılması qeyd edilmişdir. Lakin, hazırki vaxta qədər mən sözügedən qarajdan istifadə edə bilmirəm. Mənə məxsus olan qarajın olduğu mərtəbə anbar kimi istifadə edilir. Tələbim mənə məxsus həmin qarajın mənə təhvil verilməsidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, tələbkar X4 mənfi 2-ci mərtəbədə yerləşən qarajdan istifadə etməsi üçün müvafiq şərait yaratmış və tələbkara bu barədə məlumat vermişdir. X7 hazırda özünə məxsus nəqliyyat vasitəsini həmin mərtəbədə saxlayır və ona ayrılmış sahədən iştirak edir. Lakin, tələbkar məhz mənfi 1-ci mərtəbədə yerləşən qarajdan istifadəsinin təşkil olunmasında israr edir. Halbuki mənfi 1-ci mərtəbə anbar olaraq istifadədədir. Sözügedən mübahisə ilə bağlı hazırda məhkəmənin icraatında iddia ərizəsi vardır. Göstərilənləri nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-700/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, tələbkar X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov küçəsi, ev 87 A, 07 saylı, 26 kv.m olan qarajdan istifadəyə və sahibliyə borclu "xxxx" MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçı X4 həmin qarajdan sərbəst istifadə edilməsi üçün cavabdeh "xxxx" MTK tərəfindən şərait yaradılmalıdır. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, "xxxx" MTK barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu könüllü qaydada nəzərdə tutulmuş müddət ərzində ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə bağlı akta imza edənlər "xxxx" MTK-nın yerləşdiyi ünvana gəlmişlər. Orada olan qaraj və anbara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, binanın mənfi 2-ci mərtəbəsində hazırda sakinlər üçün nəzərə tutulmuş qaraj yerləşir və həmin qarajdan sakinlər sərbəst istifadə edirlər. Həmin qarajda 26 kv.m ibarət tələbkara MTK tərəfindən ayrılan qaraj mövcuddur. Lakin tələbkar həmin qarajdan istifadə etmək istəmir və bildirir ki, ona mənfi 1-ci mərtəbədə yerləşən sahədə olan qaraj verilməlidir. Mənfi 1-ci mərtəbəyə baxış zamanı müəyyən olunmuşdur ki, orada sahəsi 2000 kv.m olan anbar kimi fəaliyyət göstərən sahə mövcuddur. Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli məktubundan və iddia ərizəsinin surətindən görünür ki, "xxxx" MTK cavabdeh X4 qarşı “bağlanmış müqavilənin dəyişiklik edilməsi tələbinə” dair mülki iş hazırda Binəqədi rayon Məhkəməsinin icraatındadır və hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-700/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, tələbkar X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov küçəsi, ev 87 A, 07 saylı, 26 kv.m olan qarajdan istifadəyə və sahibliyə borclu "xxxx" MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçı X4 həmin qarajdan sərbəst istifadə edilməsi üçün cavabdeh "xxxx" MTK tərəfindən şərait yaradılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki inzibati xəta haqqında işə baxılan zaman isə borclu "xxxx" MTK-nın vəzifəli şəxsi Şəxs əməlində icra məmurunun qanuni tələblərininin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən borclunun izahatı alınmış, 06 fevral 2026-cı il tarixli akt tərtb olunmuş, borclu barəsində birbaşa inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən qarajın binanın hansı mərtəbəsində yerləşməsi, həmin mərtəbənin qaraj kimi istifadə edilib-edilməməsi, həmin qarajdan istifadə edilməsinə borclu tərəfindən maneələrin yaradılıb-yaradılmaması məsələsi aydınlaşdırılmamışdır. Eyi zamanda borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman "xxxx" MTK tərəfindən X4 qarşı müqavilənin bəndlərinə dəyişiklik edilməsinə dair iddia ərizəsinin verilməsi və həmin iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclasının 17mart 2026-cı il tarixə təyin edilməsi nəzərə alınmamışdır. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icra olunmağı ilə bağlı digər hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş və barəsində birbaşa olaraq inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən məhkəmə vəzifəli şəxs Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar